Bəxtsiz cavanlar

Çox mürəkkəb dövrdə, əndrabadi ölkədə yaşayırıq

Source:
Bilal Həsən
Bilal Həsən
Bilal Həsənov banner
Bilal Həsənov banner

Çox mürəkkəb dövrdə, əndrabadi ölkədə yaşayırıq. Hərdən fikirləşirəm, necə olub ki, yüz il əvvəl Bakıda az qala hər döngədə bir ziyalıya, maarifpərvər şəxsiyyətə, yazıçıya, musiqişunasa, ədəbiyyatçıya rast gəlmək olurdu?

Axı o irilikdə cahilliyin, savadsızlığın içində, molla və axundların əhatəsində, irtica Çarizmin hegemonluğu altında, müharibələr və təlatümlər vaxtında bu təhər nurlu insanlar haradan peyda olurdu, nə cür yaranırdı?

Təəssüf ki, ötən əsr ərzində bizim cəmiyyət onları əvəz edə biləcək ziyalılar görmədi. Baxmayaraq ki, müstəqillik qazanmışdıq, milli şüur formalaşırdı, texnologiyalar inkşaf etmişdi, məlumat qıttığı aradan qalxmışdı. Əfsuslar olsun ki, Sovetlər vaxtı ziyalı saydığımız adamlar, müstəqillik zamanı iki qat məddahlıq etməyə başladılar.

Psevdo ziyalılarımız uçmuş Sovetlərin qalıqlarından qurulmuş hökumətə yaltaqlıq etmək üçün sıraya düzüldü, biri o birisi ilə yarışa çıxdı. Orden, təqaüd, ev alıb mumladılar, yaxalarını kənara çəkdilər. İnsanlıq, şərəf, ləyaqət deyil, lazımsız əşyalar, maşın, ev, pul və vəzifə prioritet oldu. Və ən əsası, ölkədə yaşanan haqsızlığa göz yumdular.

Amma nə yaxşı ki, yüz il öncə bu millətin maarifpərvər şəxsiyyətləri yaşayıb, yaradıblar. Elə onların qoyub getdikləri bu günəcən cəmiyyətmizi pis-yaxşı suyun üzərində saxlayır. Batmağa imkan vermir.

Bugünlərdə dövrünün ziyalısı sayılan, böyük ədib Əbdürrəhimbəy Haqverdiyevin seçilmiş əsərləri arasında “Bəxtsiz cavan”pyesi gözümə dəydi. Düzü, bir neçə kərəm bu əsəri oxumaq istəsəm də, qismət olmurdu. Bu dəfə pyesi oxuyub tamamladım. Və kitabı kənara qoyub bir xeyli fikirə daldım.

Deməli, əsərdə Hacı Səməd adlı hiyləgər, xəsis, nəfsli kəndxudanın iki oğlu var. Biri fərsiz, savadsız, səfeh Çingiz, o birisi isə mütaliəli, elmli, tələbə Fərhad. Əslində Fərhad Hacı Səmədin erkən ölmüş qardaşının oğludur.

Hacı Səməd onun anasını özünə övrət edib, Fərhadı himayəsinə götürür.

Fərhad oxumaq, təhsil almaqdan ötrü əldən-ayaqdan düşür, özünü oda-alova yaxır, kəndlilərə yardımçı olmaq istəyir. İnsanlara nur, işıq, bilik, yaşadığı cəmiyyətə isə xeyir vermək arzusundadır. Moskvada təhsil alıb geri dönür, yenidən Odessaya gedib həkim olmağı arzulayır.

Lakin onun əmisi bu xeyirxah gəncin kəndlilərlə davranışını görüb cırnayır. Fərhada məlum olur ki, əmisi böyük faizlə sələm verir, kasıbların halına yanmır, haqların yeyir, onlarla heyvan kimi, insanlıqdan kənar rəftar edir.

Hətta kəndliləri öz evinin kandarına belə buraxmır ki, üst-başlarındakı toz-torpaq onun xalçasını bulayar.

Beləliklə, Fərhad əmisinə qarşı çıxır, onu nainsaflıqdan əl çəkməyə çağırır. Əmisi bu gəncin oxuyub ona başağrısı olacağından qorxur. Hacı Səməd deyir ki, rəiyyət nə qədər avam olsa, bir o qədər bəy üçün məsləhətdir.

Hərçənd biz onlara elm oxutsaq, haqqlarını tələb etməyə icazə versək, onda gərək gedib acından ölək.

Beləliklə, Fərhadı ondan xəbərsiz nişanlayıb, əl-ayağını yığır ev-eşiyə. Bu işdə Fərhadın anası da Hacı Səmədə yardımçı olur. Oğluna dəstək olmaq əvəzinə, onu maariflənməkdən uzaq durmağa, evlənib hamı kimi yaşamağa səsləyir. Bir sözlə, təhsil alıb, xalqına xeyirli olmaq istəyən gənci mənən məhv edirlər. Sonda Fərhad özünü öldürmək istərkən əmisini tapança ilə vurur və etdiyi əməldən, bəxtsiz taleyindən, gerçəkləşməyən arzularından nakam qalıb, həbsxanada ürəyi partlayıb ölür.

Bütün əsər boyu, Fərhadın keçirdiyi təlatümlərlə paralel olaraq, onun əmisi oğlu, uşaqlıqdan yağ-bal içində böyümüş Çingizin gününü səfeh işlərlə keçirməsindən bəhs olunur. O, gah mərc edərək, bir budu şişə keçirib iki çörəklə, gah da on beş girvəngə gilası bir oturuma yeyir. Bir sözlə, Çingizin gün-güzaranı atasının kəndlilərdən aldığı pula yeyib-içmək, hoppanıb-düşmək, qəlyan çəkməklə keçir.

Haqverdiyev bu pyesi bizim üçün yazıb ki, bəlkə gələcək nəsillər oxuyub ibrət götürərlər.

Heyhat, dəyişən yalnız dekordur, səhnə həmin səhnə, elə aktyorlar da eynidir. Hər gün deqradasiya edən cəmiyyətdə cavanlar iki qütbə bölünüb. Bəxtli və bəxtsiz cavanlara.

Bəxtli cavanlar Çingiz tək günlərin eyş-işrətlə keçirir. Bahalı maşınlar, dəbdəbəli evlər, qlamur restoranlar, qəlyanxanalar, “zerkalnı” nömrələr, incəbelli qızlar, bir sözlə, lyuks həyat tərzi. Onlar iş-güc dərdi çəkmirlər. Təhsil almağa tələsmirlər. İşdə ixtisar olunmaqdan, pulsuz qalmaqdan qorxmurlar. Maaş üçün işləmirlər, tər tökmürlər, onun-bunun sözünü götürmürlər. Həyatlarında yeganə özünüisbat üsulu iri həcmli motorları olan maşınlardır. Nə yaşadığı ölkə ilə maraqlanırlar, nə du bu ölkənin vətəndaşların adam yerinə qoyurlar. Onlarda başqa qalanları yalnız rəiyyətdir.

Çünki onlar Hacı Səməd kimi ağaların, məmurların, rəislərin, deputatların, nazirlərin balalarıdır. Daha doğrusu, xalqın, adi insanların, camaatın, millətin haqqını, pulunu yeyib nüfuz sahibi olanların övladlarıdır. Bəxtli cavanlar “Galenvagen”lə adam vurub, lyuks kameralarda cəza çəkirlər. Həbsdə olarkən toy-nişan edirlər. Sürdüyü maşınlar nəzarət kameralarına düşmür, onları yol polisləri cərimələmir. Restoranda ofisantı bıçaqlayırlar, benzindoldurma məntəqəsində operatoru döyürlər, istədikləri yerdə tapança çıxarıb güllə atırlar, bir qonaqlıq naminə mərc edib şəhərdə maşınla şütüyürlər.

Bəxtsiz cavanlar isə adətən təhsilli, mütaliəli, elmlidirlər. Həqiqəti və haqqı deməkdən çəkinmirlər. Öz ölkələrinə, millətinə, xalqına, camaatına və cəmiyyətinə xeyrli olmaq istəyirlər. Yaşadıqları ölkəni firavan görmək arzusundadılar. Ara-sıra etiraz edirlər. Dəyişiklik istəyirlər. Qərbə və yeniliyə meyllidirlər, çalışqandırlar, əzmkardılar.

Buna görə hacı səmədlər bu bəxtsiz cavanlardan çəkinirlər. Onların xalqın gözünü açacağından, insanlara haqqı tələb etməyi öyrədəcəyindən qorxurlar. Bu bəxtsiz cavanlar zindana atılır, narkoman edilir, şərlənir, ailələrinə təzyiq olunur, hətta yaxınları onlardan üz döndərirlər. Hər addımda bu bəxtsiz cavanlara tələ qurulur. Onlar işsizlikdən maddi və mənəvi sıxıntı keçirirlər. Hacı səmədlər onları ölkələrindən və yaxılarından didərgin salır.

Lakin bütün sarsıntılara və haqqsızlıqlara baxmayaraq, bəxtsiz cavanlar bir zaman öz sözünü deyəcəklər. O gün artıq yaxındadır. Elə Haqverdiyevin qəhramanı, bəxtsiz Fərhad demişkən: “Gedin, gedin, bir vaxt olar, sizdən hesab istərlər. Hələ bir müddət isti otaqlarda, döşəklərdə istirahət edin. Nainsaf zalımlar, bimürüvvət cəlladlar!

Hələ dövran sizindir. Amma bunu yəqin edin ki, buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar. Batar sizin kimi xunxar cəlladlar!”



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBəxtsiz cavanlar