Bəxtiyar Hacıyevlə bağlı Avropa Məhkəməsinə müraciət edilib

Foto: Bəxtiyar Hacıyevin şəxsi arxivindən

Vəkil ictimai fəalla görüşdən çıxarkən qeyd kitabçasının əlindən alındığını deyir

Həbsdə 7 gündür ki, aclığı davam etdirdiyi bildirilən ictimai fəal Bəxtiyar Hacıyevin vəkilləri onun hazırkı durumunu nəzərə alaraq, aralıq qərarın qəbulu üçün Avropa Məhkəməsinə müraciət edib. Bu barədə Meydan TV-yə vəkillərdən Aqil Layıc məlumat verib. Vəkil bildirib ki, Bəxtiyar Hacıyevin saxlandığı şəraiti, onun səhhətində yaranmış problemləri nəzərə alaraq, lazımi addımların atılması zərurəti yaranıb. Bu üzdən Avropa Məhkəməsinə müraciət ediblər ki, aralıq qərar qəbul edilsin, təcili şəkildə həmin addımlar atılsın.

Vəkil onu da əlavə edib ki, dekabrın 20-də Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmaqdan imtina edən Xətai Rayon Məhkəməsinin bu qərarından artıq apelyasiya şikayəti verilib.

Bundan başqa, Aqil Layıc özü də vəkil kimi, hüquqlarının pozulmasından şikayətlənib. Bu barədə rəsmi qaydada Penitensiar Xidmətə şikayət etdiyini vurğulayıb. Onun sözlərinə görə, dekabrın 19-da Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşdən çıxanda müvəkkili ilə görüş zamanı kitabçasına yazdığı qeydlər təcridxananın rəis müavini Rəşad Əhmədov tərəfindən əlindən alınıb. Kitabçada Bəxtiyar Hacıyev başına gələnlər haqda danışdıqları, yazdıqları olub.

“Bununla bağlı rəsmi olaraq, Penitensiar Xidmətə müraciət etmişəm. Həmin şəxs cəzalandırılmalı, peşə fəaliyyətimə müdaxilə edildiyi üçün şəxsən məndən rəsmi üzrxahlıq edilməli, özbaşınalıq edən bu məmur barədə intizam cəzası verilməlidir. Onsuz da nəticəsindən asılı olmayaraq bu məsələni hüquqi çərçivədə mübahisələndirəcəm. Yerli məhkəmələrdən qəti gözləntim yoxdur, Avropa Məhkəməsinə çıxarmaq fikrindəyəm”, – Aqil Layıc bildirib.

Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov vəkilin qeydlərinin əlindən alınması barədə dediklərini təkzib edib. Şöbə rəisi bildirib ki, vəkil istintaq təcridxanasında hüquqlarını müdafiə etdiyi şəxslə qanuna uyğun şəkildə görüşüb və oranı tərk edib.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qalıb. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəXəbərlərBəxtiyar Hacıyevlə bağlı Avropa Məhkəməsinə müraciət edilib