İctimai fəal həkim müayinəsindən keçib
1 il 8 aydır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev sağlamlığındakı problemlərlə əlaqədar avqustun 12-də xəstəxanaya aparılıb. Bu barədə “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.
“Bəxtiyar Hacıyev bu gün Mərkəzi Gömrük Hospitalına gətirilib. Orada müayinə olunub”, – hüquq müdafiəçisi bildirib.
Avqustun 10-da Gəncədə Bəxtiyar Hacıyevin ailə üzvlərinin yaşadığı və özünün də qeydiyyatda olduğu evə vergi borcu barədə bildiriş gəlib. Bildirişdə göstərilib ki, Bəxtiyar Hacıyevin 18 min 371 manat vergi borcu var. Bunun 13 min 455 manatı əsas borc, qalanı isə faizdir. Xəbərdarlıq olunub ki, əgər bu məbləğ ödənilməsə, vergi orqanı borc tələbinin icraya yönəldilməsinə qərar verəcək.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Bəxtiyar Hacıyevə verilmiş ittihamlardan biri də Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsidir. Bu ittihamla əlaqədar təxminən bir ay əvvəl məhkəmədə Dövlət Vergi Xidmətinin nümayəndəsi dindirilib. Nümayəndə bildirib ki, Bəxtiyar Hacıyevin sadələşdirilmiş sistem üzrə və subicarə üçün ümumilikdə 52 min manatdan çox ödənilməmiş vergisi var. Onun sözlərinə görə, əllərində Bəxtiyar Hacıyevlə bağlı konkret maliyyə sənədləri olmadığına görə gəlir və xərclərlə bağlı dəqiq hesablama aparmaq mümkün olmayıb. Başqa bir oxşar fəaliyyəti olan şirkətlə bağlı hesablamalar əsasında Bəxtiyar Hacıyev üçün 52 min manatı çıxarıblar. Ona görə də məhkəmədə bu məbləğin ödənilməsi barədə mülki iddia qaldırıblar.
Bəxtiyar Hacıyev bununla razılaşmayıb. O bildirib ki, bütün sənədləri təqdim etməyə hazırdır və yenidən hesablanma aparılmasını istəyir.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul eləmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.