Bəxtiyar Hacıyevə qarşı ittihamlar ağırlaşdırıldı

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

İctimai fəal 3 ilədək azadlıqdan məhrum edilə bilər

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Bu barədə Meydan TV-yə onun vəkili Aqil Layıc məlumat verib.

Vəkil bildirib ki, ictimai fəala Cinayət Məcəlləsinin 221-ci maddəsilə əvvəl verilən ittiham ağırlaşdırılıb. Əvvəl bu maddənin birinci bəndi ilə verilən ittiham (221.1) indi Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddəsinə tövsif olunub. Əvvəlki maddədə alternativ cəzalarla yanaşı, maksimum 1 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdusa, indiki maddədə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev indiyədək Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. Bu maddələrdə isə ən ağır cəza 1 ilə qədər azadlıqdan məhrumetmə idi.

Vəkil onu da bildirib ki, Bəxtiyar Hacıyev yanvarın 9-dan başladığı aclığı davam etdirir.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəSiyasətBəxtiyar Hacıyevə qarşı ittihamlar ağırlaşdırıldı