Jurnalistin özü haqda başqa bir prosesdə məcburi gətirilmə qərarı çıxarılıb
Aprelin 19-da Yasamal Rayon Məhkəməsində jurnalist Ülviyyə Muradovanın (Alovlu) ictimai fəal Bəxtiyar Hacıyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə aylardır davam edən məhkəmə prosesi yekunlaşıb. Bəxtiyar Hacıyevin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə cəzalandırılmasını tələb edən Ülviyyə Alovlunun iddiası üzrə icraata xitam verilib. Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirov belə nəticəyə gəlib ki, Bəxtiyar Hacıyevə qarşı ittiham sübuta yetirilməyib.
Ülviyyə Alovlu iddia edir ki, ictimai fəal onu təqib edir, ünvanına qeyri-etik ifadələr səsləndirir və s.
Ülviyyə Alovlunun adı bir sıra qalmaqallarda hallanıb. Hazırda da onun başqa məhkəmə çəkişmələri var. Məsələn, Xalq artisti Flora Kərimova onun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə məsuliyyətə cəlb olunması üçün məhkəmədə iddia qaldırıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesə gəlmədiyinə görə onun haqqında məcburi gətirilmə qərarı çıxarılıb.
Şikayətlərinin araşdırılmamasından gileylənən ictimai fəal Bəxtiyar Hacıyev isə bugünlərdə Baş Prokurorluq, Səbail Rayon Prokurorluğu və Xətai Rayon Prokurorluğunu məhkəməyə verib. O, prokurorluğun polis əməkdaşlarının qanunsuz hərəkətlərindən (Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirərkən hücuma məruz qalması, avtomobilinin şüşələrinin sındırılması, özünün isə Bakı şəhər Baş Polis İdraəsinə aparılaraq, orada döyülməsi, təhqir olunması, hədələnməsi) verdiyi şikayətlərin araşdırılıb, günahkarların cəzalandırılmamasından narazıdır.
Nazirliyin qarşısındakı etiraz aksiyası, Bəxtiyar Hacıyevin Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, orada pis rəftara məruz qalması və s. hadisələr martın 9-da baş verib. O, martın 10-da həm Baş Prokurorluğa, həm də Səbail və Xətai rayon Prokurorluqlarına şikayət edib. Üstündən bir aydan çox vaxt keçsə də, onun şikayətlərinin nəticəsi haqda heç bir rəsmi cavab almayıb.
İctimai fəalın sözlərinə görə, qanunda bu cür hallarla bağlı konkret müddət var – uzağı 1 ay ərzində ya cinayət işi başlanmalı, ya da cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Lakin ona hələ ki, heç bir qərar göndəriblməyib: “Yalnız şifahi şəkildə bildirirlər ki, şikayətlərim araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Mən bu qurumdan şikayətçi olduğum halda, şikayətim ora niyə göndərilməlidir?”
Bəxtiyar Hacıyev 1 aylıq müddət başa çatdığına görə prokurorluğun hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında şikayət verib. Baş Prokurorluq və Səbail Rayon Prokurorluğundan şikayətə Səbail Rayon Məhkəməsində, Xətai Rayon Prokurorluğundan şikayətə isə ərazi aidiyyəti üzrə elə həmin rayonun məhkəməsində baxılacaq.
Bəxtiyar Hacıyev şikayətində göstərib ki, Daxili İşlər Nazirliyi onun şikayətlərini araşdırmadığına görə martın 9-da nazirliyin qarşısında aksiya keçirib. Etiraz üsulu isə avtomobilinin pəncərəsinə “Vilayət Eyvazov, cinayətkarları himayə etməyin!” şüarını yapışdırmaqdan ibarət olub. Nazirliyin qarşısında Post-Patrul Xidmətinin əməkdaşları sorğu-sual etmədən, avtomobilini təpikləyib, yan şüşələrdə içəri tərəfdən bərkidilmiş kağız şüarları cırmaq üçün maşının şüşəsini sındırıblar.
Baş verənləri öz telefonuyla lentə aldığını və əlində sübut olduğunu vurğulayan ictimai fəalın sözlərinə görə, daha sonra avtomobilinin qapısını açan PPX əməkdaşları onu döyüb, üzü üstə yerə yıxaraq, qollarını arxadan qandallayıblar. Daha sonra onu Bakı şəhər Baş Polis İdarəsinə aparıblar: “Orada düşürəndə isə vura-vura, qollarım qandallı, boynumu yerə əyərək aparıb, prosesi də telefona çəkiblər ki, rəhbərliyə göndərsinlər”.
İdarənin rəisi Əkbər İsmayılov, müavini Vüqar Ələkbərov tərəfindən təhqir olunduğunu, fiziki təzyiqə məruz qaldığını deyən ictimai fəalın sözlərinə görə, pis rəftar axşama qədər davam edib: “Mən başım yerə əyilmiş formada, qollarım qandallı saxlanmışdım. Bundan sonra məni qəbul otağında itələyərk, dizlərim üstə gözləməyə məcbur etdilər. Təxminən bir saat bu vəziyyətdə saxlanılandan sonra İstintaq və Təhqiqat İdarəsinin rəisi İsmayıl Əliyevin kabinetinə apardılar. Oradan da təhqiqatçılardan birinin iş otağına aparıldım. Təxminən 5 saatlıq qeyri-insani rəftardan sonra məndən izahat alındı, nazirliyi tənqid etməməyim üçün hədə-qorxu gəldilər”.
Bəxtiyar Hacıyev əlavə edib ki, axşam saat 20.00 radələrində idarədən buraxılanda əşyaları qaytarılsa da, pulqabında olan dollar əskinasları yerində olmayıb.
Daxili İşlər Nazirliyi isə Bəxtiyar Hacıyevin döyülməsi, hədələnməsi haqda iddiaları təkzib edib:
“Vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək, 9 mart saat 14:30 radələrində özünə məxsus avtomobillə Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısına gəlib. Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar”.