Bəxtiyar Hacıyevə azadlıq tələb edən gənclər cəzalandırıldı

Mənbə: Ulviyyə Əli

Afiəddin Məmmədovla Samir Sultanov 30 sutkalıq həbs olundu

İctimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmamasına etiraz olaraq, bir gün əvvəl Bakı Apelyasiya Məhkəməsinin qarşısında aksiya keçirdiyi üçün saxlanılan gənclər – “Demokratiya-1918” (D-18) Hərəkatının İdarə heyətinin üzvləri Afiəddin Məmmədovla Samir Sultanovun hər biri 30 sutka həbs cəzası aldı.

Gənclər fevralın 21-də məhkəmə qarşısına çıxarılıblar.

Gənc fəalların haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokol tərtib olunub. Afiəddin Məmmədovun işinə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov, Samir Sultanovun işinə isə eyni məhkəmədə Rəşad Cavadzadə baxıb.

Hər iki məhkəmə iclası səhər saat 10.40-a təyin olunub, lakin təyin edildiyi vaxtdan xeyli gec başlayıb.

Afiəddin Məmmədov və Samir Sultanov polis bölməsində ac saxlandıqlarını bildiriblər.

Gənc fəallar istər xuliqanlıq, istərsə də polisin tələbinə qabe olmamaq ittihamını rədd ediblər. Onlar haqqında çıxarılmış məhkəmə qərarından apelyasiya şikayəti veriləcək.

Məhkəmənin qarşısında etiraz aksiyasında saxlanılanların sayı daha çox olub. Onlar öncə Yasamal rayonu, 26-cı polis bölməsinə, oradan isə 27-ci polis bölməsinə aparılsa da, əksəriyyəti sonradan sərbəst buraxılıblar. Buraxılanlar arasında ictimai-siyasi fəallardan Nərmin Şahmarzadə, Nemət Abbasov, Əli Məlikov və başqaları olub.

Vəkil Zibeydə Sadıqova deyir ki, fevralın 20-də axşam saatlarında saatlarla Afiyəddin Məmmədov və Samir Sultanovu axtarsa da, onların yerini müəyyənləşdirə bilməyib. Hüquq-mühafizə orqanları da onların harada saxlanması haqda məlumat verməyib:

“Yasamal Rayon Məhkəməsinə getdim, bildirdilər ki, onları məhkəməyə gətirməyiblər. Məhkəmədən çıxıb, 27-ci polis bölməsinə getdim. Bölmədə mənə dedilər ki, məhkəməyə göndəriblər. Deyəndə ki, “məhkəmədən gəlirəm, ora aparmayıblar”, tez düzəliş edib dedilər ki, sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyilə əlaqə saxlayanda isə dedilər ki, buraxılmayıblar. Mən də Yasamal Rayon Polis İdarəsinə getdim, oradan da öyrəndim ki, orada da deyillər. Beləcə, nə Afiəddinin, nə də Samirin harada saxlandığını, niyə saxlandığını öyrənə bildim. Müdafiə hüququnun adı var, özü yox…”.

Bakı Apelyasiya Məhkəməsinin qarşısında etiraz edən fəallar “Bəxtiyara azadlıq!” “Öldürmə, azad et!”, “Azadlıq Bəxtiyarın haqqıdır!” kimi şüarlar səsləndiriblər. Vəkillər bildiriblər ki, Bəxtiyar Hacıyevin vəziyyəti çox ağırdır. O, məhkəməyə gətirilərkən maşında öd qaytarıb. Artıq hərəkət qabiliyyətini itirmək üzrə olan ictimai fəal əlil arabasında aparılır.

Vəkillər məhkəmədə də Bəxtiyar Hacıyevin ölüm təhlükəsiylə üz-üzə olduğunu vurğulayıb, hakimdən bunun nəzərə alınmasını istəyiblər. Lakin hakim Habil Məmmədov nəzərə almayıb və Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb – Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması haqda vəsatət təmin edilməyib.

Ana səhifəXəbərlərBəxtiyar Hacıyevə azadlıq tələb edən gənclər cəzalandırıldı