“Rəis mənə dedi ki, şalvarını çıxardıb, butulka üstündə oturdarıq”
Martın 9-da günorta saatlarında Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edən ictimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.
Polis əməkdaşları fəalın şəxsi avtomobilinə hücum edib, maşının pəncərəsini sındıraraq onu özləri ilə aparıblar.
Baş verənlər Bəxtiyar Hacıyevin “Facebook” hesabından canlı yayımlanıb.
Yayım zamanı ictimai fəalın avtomobilinin arxa şüşəsindən “Vilayət Eyvazov, cinayətkarları himayə etmə!” sözlərinin yazıldığı vərəqin asıldığı görünür. Daha sonra polislər maşının arxa şüşəsini sındıraraq qapını açırlar və Bəxtiyar Hacıyevi zorla maşından çıxarırlar.
Bu zaman canlı yayım dayandırılıb.
Gecə saatlarınadək Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb. Həmin müddətdə hüquq müdafiəçisi Rüfət Səfərov, vəkil Aqil Layıç və digərləri onu idarənin önündə gözləyiblər.
5 saatdan sonra sərbəst buraxılan Bəxtiyar Hacıyev Meydan TV-yə bildirib ki, o, Bakı Şəhər Baş Polis İdarəsində təhqir, təhdid və işgəncəyə məruz qalıb. O, bədənindəki xəsarətləri də göstərib:
“Nazirliyin qarşısında qolumu buraraq, vura-vura məni Bakı Şəhər Baş Polis İdarəsinə gətiriblər. Saatlarla dizlərimin üstündə saxlayıblar, ratsiya ilə necə davranılması haqda göstəriş veriblər. Bu qədər tərbiyəsizlik, şərəfsizlik olarmı? Maşından düşürdəndə başımı aşağı endirib, vura-vura idarəyə aparıblar və bunların hamısı telefonla çəkilib. Rəisin otağına girəndə arxadan qandallı olan qolumu vargücləri ilə yuxarı qaldırırdılar ki, qolum sınsın. Belə bir cinayətkar rejimdə yaşayırıq”.
Bəxtiyar Hacıyev idarənin rəisi Əkbər İsmayılov tərəfindən təhqir edildiyini söyləyib:
“Mənə elə sözlər dedi ki, onu dilə gətirməyi ayıb sayıram və özünə layiq olan bütün o sözləri rəisin özünə qaytarıram. Mənə dedi ki, şalvarını çıxardıb, butulka üstündə oturdarıq. İdarədə gizlətmədən dedilər ki, sənə qarşı rəhbərlik nə tapşırıb, onu edirik. Ardınca “cinayətkarı himayə edirik, bəs sonra?!” söylədilər. Rəis soruşur: “Sən kimsən?” Cavab verirəm: “Vətəndaş”. Deyir: “Qələt edir vətəndaş”. Mənimlə bu gün terrorçu kimi davranıblar, maşınımın şüşəsini sındırıblar, pul qabımda müəyyən məbləğ var idi, indi yoxdur”.
İctimai fəal deyib ki, aksiya keçirməkdə məqsədi polisin fəaliyyətsizliyinə etiraz etmək olub.
“Son bir il ərzində verdiyim heç bir şikayət araşdırılmır. Verdiyim vəsatətlər rədd olunur. Heç kim məsuliyyətə cəlb olunmur. Mənə də açıq şəkildə də deyirlər ki, cənab nazirin, rəhbərliyin tapşırığı var ki, siz Bəxtiyar Hacıyev olduğunuz üçün heç bir şikayətiniz araşdırılmayacaq. Kim də sizdən şikayət etsə, onun şikayətini təmin edəcəyik. Bax bu Baş Polis İdarəsi deyir. Mən də bundan boğaza yığılmışam və etiraz olaraq maşınıma yazıb yapışdırmışam ki, cinayətkarları himayə etməyin. Daxili İşlər Nazirliyinin qarşısında dayanan kimi maşınımı yumruqlayıb sındırıblar. Özümü yıxıblar yerə, qolumu qandallayıblar, öz ləyaqətlərinə layiq şəkildə gətiriblər bura”. Bəxtiyar Hacıyev hesab edir ki, bilərəkdən vətəndaşlar arasında narazılıq yaradırlar:
“Bəlkə rəisin nazirin yerində gözü var deyə vətəndaşı bu həddə çatdırırlar, yaxud nazirin prezidentin yerində gözü var, bilmirəm”.
Bəxtiyar Hacıyev nazirliyin onun barəsində yaydığı məlumatı rədd edib.
Məlumatda bildirilir ki, Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə nazirliyin inzibati binasının qarşısına gəlib:
“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar”.
İctimai fəal isə polislərlə arasında belə bir dialoqun olmadığını deyir:
“Mən öncədən də məlumat vermişdim ki, DİN-in qarısında etiraz edəcəm. Ora yaxınlaşanda artıq post-patrul maşını dayanmışdı. Yaxınlaşan kimi qapını açmaq istədilər, gördülər açılmır, maşını təpikləməyə, yumruqlamağa başladılar. İndi raport tərtib ediblər, guya mən demişəm ki, Mərkəzi Univermağı, Daxili İşlər Nazirliyini, özümü yandıracam. Tofiq Yaqublu haqqında “öz-özünü döyüb” deyən qurum hər cür ləyaqətsizlik edər”.
Bəxtiyar Hacıyev işgəncəyə məruz qalmasıyla bağlı ekspertiziya gedəcəyini deyib.
O, növbəti addının nə olacağı haqda suala belə cavab verib:
“Bilmirəm, çünki mənim etirazlardan başqa yolum yoxdur. Vətəndaş kimi hüquqi yollarla 1 ildir müraciət edirəm, amma geri qaytarırlar”.