Bəxtiyar Hacıyev: “Onsuz da bu məhkəmədən ədalət gözləmirəm”

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

O deyir ki, qaçaqmalçılıq, saxtalaşdırma kimi ittihamlar absurddur

İctimai fəal Bəxtiyar Hacıyev iki ildən çoxdur ki, həbsdədir.

Bir il  tamam olacaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə prosesi davam edir.

Dekabrın 16-da keçirilən növbəti məhkəmə iclasında Bəxtiyar Hacıyev onun işi üzrə müəyyən məsələlərin üzə çıxarılması üçün bir sıra vəsatətlər qaldırıb.

Ona qarşı irəli sürülmüş ittihamlardan biri də vergidən yayınma ilə bağlıdır.

Bəxtiyar Hacıyev bildirib ki, ona münasibətdə vergi borcu düzgün hesablanmayıb.

O, təkrar mühasibatlıq ekspertizasının keçirilməsini, yenidən dindirmələrin aparılmasını istəyib.

İctimai fəalın sözlərinə görə, “Caspian Plaza” biznes mərkəzində ofis kirayəsinə görə aylıq ödənişləri belə düzgün hesablamayıblar.

Ödəniş aylıq 3000 manat olduğu halda, 1000 manatdan hesablayıb, ona daha çox gəlir yazıblar.

Bununla da üzərinə daha çox vergi borcu qoyublar.

Bəxtiyar Hacıyev vurğulayıb ki, qaçaqmalçılıq, sənədləri saxtalaşdırma kimi ittihamlar ümumiyyətlə, absurddur.

Onun sözlərinə görə, ortada heç bir sübut-dəlil yoxdur.

İctimai fəal bildirib ki, onun haqqında iqtisadi cinayətlərlə bağlı ittihamlar anonim bir elektron poçtdan gəlmiş şübhəli bir məktub əsasında başlayıb.

Bəxtiyar Hacıyev onun “cinayət fəaliyyəti barədə məlumat verən” həmin şübhəli mənbənin araşdırılması haqda vəsatət qaldırıb.

O hesab edir ki, əslində, həmin elektron poçtu elə istintaq orqanı özü yaradıb və ona qarşı istifadə edib.

“Müstəntiq guya hansısa sənədlərin tərcüməsi üçün tərcüməçilərin cəlb olunmasına qərar verir. Lakin tərcüməçilər sənədlərin ortaya çıxmasından 20 gün əvvəl cəlb edilib. Bu da saxtakarlığın sübutudur”, – Bəxtiyar Hacıyev bildirib.

İctimai fəal həmçinin Avropa Məhkəməsinin qərarı əsasında ona ödənilən kompensasiyanın köçürüldüyü bank hesabının üzərindən həbsin götürülməsi barədə vəsatət qaldırıb.

Qaldırılmış çoxsaylı vəsatətlər arasında təmin ediləni olmayıb.

Bəziləri birmənalı şəkildə təmin olunmayıb.

Bir neçəsinə sonda hökm çıxarılanda qiymət veriləcəyi bildirilib.

Bəzilərinin müzakirəsi isə növbəti məhkəmə iclasına qalıb.

Bəxtiyar Hacıyev deyib ki, bu vəsatətləri qaldıranda onların təmin olunacağına inamı yox idi, məhkəmədən də ədalətli nəticə gözləmir.

Vəsatətləri qaldırmaqda məqsədi isə onların protokollara düşməsi, iş materiallarına əlavə olunmasıdır:

“Onsuz da mən bu məhkəmədən ədalət gözləmirəm”.

İctimai fəalın məhkəməsi dekabrın 23-də davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından həbsdədir.

Öncə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.

Onunla bloger Ülviyyə Muradova (Alovlu) arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur.

İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.

Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib.

İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.

İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev: “Onsuz da bu məhkəmədən ədalət gözləmirəm”