”Bölmədə mənə barışıq təklif etdilər”
İctimai fəal Bəxtiyar Hacıyev avqustun 9-da 27-ci Polis Bölməsində olub. Ona bir gün əvvəl evinin qarşısında mübahisə yaradan polisin inzibati qaydada sərt cəzalandırıldığını deyiblər.
Bu barədə Bəxtiyar Hacıyev özü məlumat yayıb.
Bəxtiyar Hacıyev deyir ki, bölmədə ona barışıq təklif olunub:
“Bildirdim ki, burada məsələ mənim şəxsi rahatlığım deyil. Bu gün Bəxtiyarı yaşadığı həyətdə piyada şəkildə evinə gedəndə şərləmək istəyən, sınıq qolunu burub, hədələyib, bölməyə aparan adamlar sabah başqalarına qarşı da eyni şeyi edə bilər. Ona görə də mən özünü cırmaqlayan biri ilə nə danışmaq, nə barışmaq, nə də üzrünü qəbul etmək fikrindəyəm. Qanun nə tələb edirsə, o cəza da verilsin, sadəcə töhmət-filan onu dəyişməyəcək. Bir az sonra rəhbərlikdən bölməyə göstəriş gəldi ki, məsələ araşdırılsın və özünü cırmaqlayaraq vətəndaşı şərləmək istəyən YPX əməkdaşının qanuni qaydada cəzalandırılması üçün araşdırma başlasın”.
Bəxtiyar Hacıyev qərarın doğru olduğunu bildirir:
“Bu qərarın arxasında kimlər dayanırsa, doğru qərar verdilər. Özünü cırmaqlayan, vətəndaşlarla mədəniyyətsiz, tərbiyəsiz davranan birinin cəzalandırılması doğru qərardır. DYP-də belələrinin tək-tük olmadığını, çox olduğunu anlayıb, daha böyük doğru addımlar atsalar, lap yaxşı olar. Belə hallarda “boş yerə deyinirsiniz, şikayətlənirsiniz, onsuz da heç bir nəticəsi yoxdur, sizə problem lazımdır?” deyənlərə də üzümü tutub deyirəm: Əgər yolda özünü cırmaqlayıb, vətəndaşı şərləmək istəyənlər çoxdursa, sizin susqunluğunuzdandır, “onsuz da heç nə dəyişən deyil, 5-10 manat ver, başın dinc olsun” deməyinizdəndir və belələri azalırsa, başınız dincdirsə, bizim deyingənliyimizdəndir”.
İctimai fəal
Bəxtiyar Hacıyev
avqustun 7-dən 8-nə gecə yaşadığı evin qarşısında polis təxribatı ilə üzləşdiyini deyir. Onun sözlərinə görə, maşınını saxlayıb evə getdiyi zaman YPX-ya məxsus “99-YP-281” nömrə nişanlı avtomobildən düşən polis ona yaxınlaşaraq, niyə maşını burada saxladığını, içkili olduğunu və hərəkətlərindən şübhələndiyini deyib. Bundan sonra onların mübahisəsi başlayıb. İctimai fəal 27-ci polis bölməsinə aparılıb və ərizə yazıb.