Bəxtiyar Hacıyev: “Məni anonim nömrələrdən təhdid edən şəxs saxlanılıb”

Bəxtiyar Hacıyevin şəxsi arxivindən

“O, sifarişin kim tərəfindən verildiyini demədi”

Siyasi fəal Bəxtiyar Hacıyevi anonim nömrələrdən təhdid edən şəxsin saxlanıldığı bildirilir.

Bu barədə Bəxtiyar Hacıyev məlumat yayıb.

O bildirib ki, bu haqda ona noyabrın 18-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) məlumat veriblər.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində həmin şəxslə üzləşdirilən Bəxtiyar Hacıyev Meydan TV-yə danışıb:

“Məni təhdid edən Qasımov soyadlı təhsili olmayan gənc idi, anasıyla birgə gəlmişdi. Mən bir dəfə o adamla telefonla danışmışdım, səsini yoxladıq, üst-üstə düşür. O cümlədən, başqa detallar da üst-üstə düşürdü”.

“Lakin mənim Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə təqdim etdiyim faktlar özündə elə şeyləri ehtiva edirdi ki, adamı tapmamaq qeyri-mümkün idi. Yəqin ki, müvafiq idarə Qasımov barəsində əhatəli məlumat yayacaq”, – deyə o bildirib.

B.Hacıyevin sözlərinə görə, saxlanılan şəxs dindirilmə zamanı sifarişin kim tərəfindən verildiyini deməyib:

“Sadəcə, dedi ki, göndərirdilər, yazırdım. Əvvəlcə bunu mühacirətdə olan Orduxan Bəbirovun üstünə atdı. Amma bir neçə sualdan sonra həmin ehtimaldan da yayındı. Görünən odur ki, Qasımovu istiqamətləndiriblər. Ancaq başqa suallardan aydın oldu ki, Qasımova dövlət qurumları və hakim partiya tərəfindən xeyli hazır mətnlər verilirmiş. Təsəvvür edin ki, o, sıravi bir adamdır, 3 fərqli cihazdan müxalifləri, jurnalistləri və müstəqil şəxsləri hədəfə alıb”.
Daxili İşlər Nazirliyi hələ ki məsələ ilə bağlı açıqlama verməyib.

Siyasi fəal Bəxtiyar Hacıyev oktyabrın 18-də Prezident Administrasiyasının qarşısında intihara cəhd edib.

O, bunu hüquq-mühafizə orqanları tərəfindən müraciətlərinin araşdırılmaması ilə əlaqələndirib.

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilərək hərbi xidmətdən yayınma ittihamı ilə 2 il azadlıqdan məhrum olunub.

Bir il sonra Bəxtiyar Hacıyev Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı tənqidi fikirləri ilə gündəmə gəlir.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev: “Məni anonim nömrələrdən təhdid edən şəxs saxlanılıb”