“Ülviyyə Alovlu bu işdə zərərçəkən deyil, zərərvurandır, məni şərləyib…”
1 il 2 aydır ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, onunla bağlı cinayət işinin materiallarında ifadələrin, imzaların saxtalaşdırılması halları var. Onun sözlərinə görə, hətta müstəntiqin, ekspertin də imzaları saxtalaşdırılıb. Bunu imzalar arasındakı aşkar fərqlər də sübut edir. Bəxtiyar Hacıyev fevralın 16-da məhkəmədə vəsatət qaldırıb ki, məhkəmə-xətşünaslıq ekspertizası keçirilsin, imzalarla bağlı araşdırma aparılsın.
Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işi Əli Məmmədovun sədrliyilə, Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.
“Müstəntiqin, ekspertin imzaları, ifadələri saxtalaşdırılıb, ekspertiza keçirilsin”
Fevralın 16-da keçirilən məhkəmə iclasında məlum olub ki, bildiriş göndərilməsinə baxmayaraq, zərərçəkmiş qismində tanınan şəxslərin heç biri – bloger Ülviyyə Muradova (Alovlu) və və Yasamal Rayon Məhkəməsində xidmət edən icra məmuru Orxan Abdullayev yenə də gəlməyib.
Bəxtiyar Hacıyev və vəkili Elçin Sadıqov onların haqqında məcburi gətirilmə qərarı çıxarılmasını istəyib. Hakim Əli Məmmədov deyib ki, növbəti iclas üçün də onlara məhkəmə bildirişi göndəriləcək, əgər yenə gəlməsələr, o zaman məcburi gətirilmə məsələsinə baxılacaq.
Bundan sonra Bəxtiyar Hacıyev cinayət işindəki ifadələrin, imzaların saxtalaşdırılması məsələsini qaldırıb, ekspertiza təyin olunmasını istəyib:
“Son 20 ildə kifayət qədər siyasi sifarişlə hazırlanan cinayət işləri görmüşəm. Amma mənimlə bağlı cinayət işi, hətta Azərbaycan məhkəmələri üçün də sensasiya sayıla biləcək saxtakarlıqlarla doludur. Mənimlə bağlı cinayət işinin başlanması haqda qərarda Pünhan Əbilovun imzası var. Başqa bir neçə yerdə də onun imzasına rast gəlmək olar. Eyni zamanda, Pünhan Əbilovun Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilməsi barədə protokolda da imzası var. Eyni adamın imzaları arasında kəskin fərqlər var. Məsələn, kitabla qələm, alma ilə banan qədər fərqlidir imzalar. Bu, Ülviyyə Alovlunun kəllə-beyin travması alması barədə rəy vermiş həkim Cahangir İsmayılova da aiddir”.
İmzalar arasında fərq olduğunu vəkil Elçin Sadıqov da təsdiqləyib. O da imzalarla bağlı ekspertiza keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Prokuror təklif edib ki, bu vəsatət baxılmamış saxlansın, sənədlərin tədqiqi mərhələsində müzakirə edilər.
Məhkəmə də vəsatəti təmin etməyib. Hakim deyib ki, adları çəkilən şəxslər məhkəmədə dindirilməyib, özlərindən bu məsələ soruşulmayıb. Sənədlərin tədqiqi mərhələsində bu vəsatət yenidən qaldırılsa, müzakirə olunar.
“Ülviyyə Alovlu dindiriləndə məhkəmə qapalı keçirilsin”
Ülviyyə Alovlunun məhkəmədə nümayəndəsi olan vəkil Sevda Məhərrəmova vəsatət qaldırıb ki, təmsil etdiyi şəxs məhkəmədə dindiriləndə iclas qapalı keçirilsin, jurnalistlər bu barədə material hazırlaya bilməsin. Onun sözlərinə görə, hüquqlarını təmsil etdiyi şəxsin şəxsi həyatına aid məlumatların mediada yayılmasını istəmirlər.
Sevda Məhərrəmova, hətta məhkəmə prosesini izləyən jurnalistlərin Media Agentliyində reyestrdən keçib-keçməməsini də sorğulayıb.
Bəxtiyar Hacıyev isə ona belə cavab verib:
“Ülviyyə Alovlu da özünü hər yerdə jurnalist kimi təqdim edir. Amma ondan fərqli olaraq, bu məhkəmə prosesini izləyənlər aktiv şəkildə bu fəaliyyətlə məşğuldular – gündəlik xəbərlər, materiallar hazırlayırlar. O ki qaldı şəxsi həyata aid məlumatların yayılmasına, bunu ilk növbədə onun özü edib. Mənim valideynlərimlə telefon danışığında səsi gizli yazıb, saytlara göndərib. Mənə qarşı qarayaxma kampaniyasında birbaşa iştirak edib. Ülviyyə Alovlu bu işdə zərərçəkən deyil, zərərvurandır, məni şərləyib. O, öz yalanlarının üzə çıxmasından qorxmursa, gəlsin, suallarımızı cavablandırsın. Mən də öz növbəmdə çalışacağam ki, maksimum şəkildə səbrli olum”.
Prokuror Eldar Həmzə də bildirib ki, məhkəmə iclasının qapalı keçirilməsinə əsas yoxdur. Elə hakimlər də Sevda Məhərrəmovanın tələbini əsassız hesab edib və Ülviyyə Alovlu dindiriləndə məhkəmənin qapalı keçirilməsi barədə vəsatəti təmin etməyib.
“Xəbərdarlıq elədilər ki, DİN sənə qarşı qarayaxma kampaniyasına başlayacaq”
Bundan sonra Bəxtiyar Hacıyev məhkəmədə ifadə verib. O vurğulayıb ki, həbsi şəxsi qisasçılıq və sifarişin nəticəsidir. Əsas səbəb isə ictimai fəaliyyəti, xüsusən hüquq müdafiəçisi kimi gördüyü işlərdir.
Bəxtiyar Hacıyevin sözlərinə görə, hələ 2020-ci ildə 44 günlük müharibə dövründə orduya yardım aksiyasını həyata keçirəndə bir nəfər yaxınlaşıb və Daxili İşlər Nazirliyinin ona qarşı qarayaxma kampaniyasının başlayacağını deyib. O isə buna inanmayıb:
“Fikirləşdim ki, bizim nə problemimiz ola bilər? Hətta cəbhə bölgəsinə gedəndə onlarla əməkdaşlıq edirik, icazə alırıq. Amma 2021-ci ilin martında mənim şəxsi yazışmamı saxtalaşdırıb, yaydılar. O yazışmanın əsli məndə vardı. Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdim, yazışmanın əslini göndərdim. Kim tərəfindən saxtalaşdırılıb yayılmasının araşdırılmasını istədim. Hər iki quruma qarşı məhkəmə nəzarəti qaydasında şikayət elədim. DTX-dan arayış verildi ki, naməlum şəxs tərəfindən müdaxilə olunub. O vaxt Ülviyyə Alovlu da bu kampaniyaya qoşuldu. Sosial şəbəkələrdə vəfat etmiş yaxınım barədə nalayiq paylaşım elədi”.
“Həmin polislər Sevinc Vaqifqızını tutmaq üçün təyyarənin trapına qalxır”
Bəxtiyar Hacıyevin sözlərinə görə, bu cür hərəkətlərlə əlaqədar Ülviyyə Alovlu ilə aralarında məhkəmə çəkişməsi başlayıb. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsində aralarında olan insidentin videogörüntüləri də var. Orada görünür ki, o, heç kimi vurmayıb. Əksinə, Ülviyyə Alovlu onu təhqir edib:
“Məni dəfələrlə təhqir elədi, atmacalar atdı. Hakimdən xahiş elədim ki, bunun qarşısını alsın. Fasilədə məhkəmə zalından getmək istəyəndə bu, anamın ünvanına nalayiq ifadə işlətdi. Mən qayıdıb, əlimdəki kağızları masanın üstünə vurdum. Videodan da görünür ki, kağızlar masanın üstünə çırpılıb. O isə mənə stəkan, mobil telefon tulladı. Bunlar hamısı videoda var. Bu hadisə ilə əlaqədar bir neçə dəfə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərovla danışıqlarım, görüşlərim olub. O, dəfələrlə etiraf edib ki, bu məsələdə sənin təqsirin yoxdur, o isə xanımdır deyə, heç nə eləyə bilmirik. Çünki nazirin qeyri-rəsmi göstərişi var, xanımlarla bağlı işlərə daha həssas yanaşılsın, ciddi zərurət olmadıqca həbs olunmasın. Həmin polislərdir ki, Sevinc Vaqifqızını, Nərgiz Absalamovanı, Elnarə Qasımovanı heç bir əsas olmadan həbs elədilər. Sevinci tutmaq üçün təyyarənin trapına qalxmışdılar”.
Bəxtiyar Hacıyevin sözlərinə görə, Yasamal Rayon Məhkəməsində Ülviyyə Alovlu ilə aralarındakı insidentlə əlaqədar cinayət işi başlansa da, sonradan o işə xitam verilib. Lakin Azərbaycanda insan haqlarını pozan vəzifəli şəxslərə qarşı sanksiya çağırışlarına qoşulduğu üçün onu cəzalandırmaq məqsədilə bu cinayət işindən istifadə olunub:
“Mənə dekabrın 3-də xəbərdarlıq olundu ki, əgər sanksiya çağırışlarını dayandırmasan, məcbur olub, sənin özünü cəzalandıracağıq. Elə də oldu. Baxın, görün ki, mən nə vaxt həbs olundum? ABŞ “Bandotdel”in polkovniki Kərim Əlimərdanova qarşı sanksiya tətbiq elədiyi gün. Xitam verilmiş işdə icraatı təzələyib, məni həbs elədilər”.
“100 dovşanı bir yerə toplayanda 1 at olmadığı kimi, 100 iddia da 1 fakt ola bilməz”
İctimai fəal həbsindən yarım il sonra ona qarşı irəli sürülmüş yeni ittihamlar barədə də danışıb. Onun sözlərinə görə, həbsdə olduğu dövrdə birdən-birə Ülviyyə Alovlunun müxtəlif dövlət orqanlarına müraciətləri ortaya çıxıb. Orada yazıb ki, Bəxtiyar Hacıyev dövlət çevrilişinə hazırlaşırdı, bu məqsədlə xaricdən pul alırdı. Bir müddət sonra isə istintaqa naməlum bir şəxsdən elektron poçt vasitəsilə məktub gəlir. Orada da Ülviyyə Alovlunun Prezidentə, Vitse-prezidentə və başqa rəsmilərə yazdıqları əksini tapır:
“Orada da yazılır ki, “Bəxtiyar Hacıyev dövlət çevrilişi eləmək istəyirdi, araşdırın”. Deməli, ya bunu da Ülviyyə yazır, ya da hər ikisi eyni mənbədən idarə olunur. Təsəvvür edin, məni daha çox cəzalandırmaq üçün dostum Rail Abbasovu həbs ediblər, bununla əlaqədar müxtəlif qurumlara müraciət yazmışam. Mənim müraciətlərimə heç bir reaksiya yoxdur. Amma Ülviyyə Alovlunun müraciətinə dərhal Prezident Administrasiyasının katibliyi, Baş nazirin Aparat rəhbəri və s. məsul şəxslər cavab verir. Daxili işlər naziri Vilayət Eyvazov özü dərkənar yazır. Bundan az sonra mənə yeni ittihamlar verilir. Ülviyyə özü də müraciətində yazır ki, Bəxtiyar haqqında cinayət işi Vilayət Eyvazovun təşəbbüsü ilə təzələnib. Sağ olsun ki, onu cəzalandırıb”.
İctimai fəal deyir ki, istintaq zamanı biabırçı səhvlərə yol verilib. Məsələn, 10 il ərzində bank hesablarına gəlib-getmiş ümumi vəsaitləri (dövriyyəni) toplayıb, onu balansda olan vəsait kimi təqdim ediblər. Yaxud da hesabı olan bankların SWIFT məlumatlarını ABŞ-dan pul gəlməsi kimi başa düşüblər:
“Gürcüstana sorğu göndəriblər ki, orada əmlakım, bank hesabım varmı? Cavab gəlib ki, bu barədə heç bir məlumat tapılmadı. Mən də o dövrdə heç Gürcüstanda olmamışam. Amma götürüb mənə qaçaqmalçılıq ittihamı veriblər. Cinayət işində ifadələr var ki, texniki səhvlərinə qədər eynidir. Bir-birinin köçürməsidir. 100 dovşanı bir yerə toplayanda 1 at olmadığı kimi, 100 iddia da 1 fakt ola bilməz. Bu cinayət işi də başdan-ayağa yalan üzərindədir”.
Bəxtiyar Hacıyevin məhkəməsi martın 1-də davam edəcək.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.
2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.