İctimai fəalın məhkəməsi başlayıb
2022-ci il dekabrın 9-dan həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyilə, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası baxır.
Dekabrın 29-da məhkəmənin hazırlıq iclasında vəkillər istintaq təcridxanasında B.Hacıyevlə görüş, cinayət işinin materiallarında texniki problemlər, ictimai fəalın telefonunun geolokasiya məlumatlarıyla tanış olmaq kimi məsələlərlə bağlı vəsatətlər qaldırıblar. Hakim Əli Məmmədov bildirib ki, vəkillərin müvəkkili ilə görüşməsi məsələsini heç müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Çünki bu, onların hüququdur.
Cinayət işinin materiallarının – cildlərin birinin texniki problemlə əlaqədar oxunmaması və geolokasiya məlumatlarıyla tanışlıq məsələsi də həll olunacaq.
Daha sonra məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hakim Bəxtiyar Hacıyevin təvəllüdü, təhsili, qeydiyyat ünvanı, hazırda saxlandığı yer və s. elan edib. Hakim elan olunan məlumatların doğru olub-olmadığını soruşanda ictimai fəal “qismən” cavabını verib.
Fikrini də belə izah edib: “Çünki mən Bakı İstintaq Təcridxanasında saxlanmıram, mən orada girovam…”.
Bəxtiyar Hacıyev bildirib ki, ona verilən ittihamların mahiyyəti ona aydın deyil.
Hakimin suallarını cavablandırarkən onu da bildirib ki, hüquq və vəzifələri barədə məhkəmə bildirişini, haqqındakı ittiham aktını bir gün əvvəl – dekabrın 28-də alıb.
Hakim bildirib ki, belə olan halda, bu iş davam etdirilə bilməz. Çünki qanuna görə, məhkəmə bildirişi, ittiham aktı ən azı, bir həftə əvvəl şəxsə çatdırılmalıdır, ondan sonra o, məhkəmə qarşısına çıxarılmalıdır.
Bəxtiyar Hacıyev də, vəkilləri Cavad Cavadov, Aqil Layıc və Elçin Sadıqov da prosesin davam etdirilməsini istəsələr də, prokuror buna etiraz edib. Hakim də bildirib ki, qanunun bu tələbinə əməl olunması üçün prosesi yanvarın 7-nə qədər təxirə salır.
İctimai fəalın işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayev.
Adları çəkilən şəxslərin hər ikisi Yasamal Rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.