Bəxtiyar Hacıyev: İmtahanın nəticələrində ziddiyyətli məqamlar var

“Doğrudanmı, Azərbaycan məktəblərində məktəblilərimiz ingilis dilini ana dilindən daha yaxşı mənimsəyiblər?”

Source:


“Doğrudanmı, Azərbaycan məktəblərində məktəblilərimiz ingilis dilini ana dilindən daha yaxşı mənimsəyiblər?”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də keçirilən buraxılış imtahanlarına dair statistik məlumatı narazılıqla qarşılandı. Əsas hədəf isə Təhsil Nazirliyi oldu.

Məlumata görə, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85 faizi ana dili fənni üzrə, 57.98 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 44.15 faizi riyaziyyat fənni üzrə isə  42.02 faizi “4” və “5” qiyməti alıb. Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56 faizi ana dili fənni üzrə, 44.16 faizi riyaziyyat fənni üzrə “2” və “3”, ana dili fənni üzrə  şagirdlərin 54.44 faizi,  riyaziyyat fənni üzrə isə  55.84 faizi “4” və “5” qiyməti alıb.

TQDK-ın məlumatını Meydan TV-yə şərh edən Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev hesab edir ki, imtahanların nəticələri ilə bağlı dolğun fikir söyləmək üçün suallarla da tanış olmaq lazımdır: “Çünki nəticələrdə ziddiyyətli məqamlar var. Adətən, məktəblilər üçün riyaziyyat ana dili fənnindən daha çətin olur və onun mənimsənməsi də, yüksək nəticə toplamaq da daha çətin olur. Amma TQDK-nın statistik məlumatlarına baxdıqda belə çıxır ki, məktəblilər riyaziyyat fənnini daha yaxşı mənimsəyiblər, nəinki ana dilini. Eyni zamanda, 11-ci siniflər üzrə ortalama qiymətlərdən belə görünür ki, ana dili üzrə 2 qiyməti alanların sayı ingilis dilindən 2 alanların sayından çoxdur. Ana dilindən “5” qiyməti alanların faizi (20.47) isə ingilis dilindən “5” qiyməti alanların faizindən (30.2) daha aşağıdır. Doğrudanmı, Azərbaycan məktəblərində məktəblilərimiz ingilis dilini ana dilindən daha yaxşı mənimsəyiblər?”

Bəxtiyar Hacıyev deyir ki, orta məktəblərdə qiymətlərin, mənimsəmənin distribusiyasında “2” və “5” qiymətini alanların “3” və “4” qiymətini alanlardan az olması, normaldır. Çünki statistik olaraq, bu qruplar ən uclarda, kənarlarda yerləşirlər: “Çoxluq “3” və “4” qiymətindən birini, daha çox “4” qiymətini alırsa, bu da normaldır. Ancaq bir məsələ var ki, “2” və “3” qiyməti alanların faizlərinin cəmi “4” və “5” alanların faizlərinin cəmini keçirsə, burada problem var. Bu, o deməkdir ki, həmin fənn üzrə məktəblilərin tədris materialını mənimsəməsi yaxşı deyil, yaxşı mənimsəyənlər daha azdır, nəinki pis mənimsəyənlər. 9-cu siniflərin nəticələrində bu, özünü göstərir. Həm ana dili, həm də riyaziyyat üzrə göstəricilər zəifdir”.

Bəxtiyar Hacıyev onu da vurğulayıb ki, TQDK nəticələrində başqa bir diqqət çəkən məqam isə həm ana dili fənni üzrə, həm də riyaziyyat fənni üzrə rus bölməsinin nəticələrinin Azərbaycan bölməsinin nəticələri ilə müqayisədə daha yaxşı olmasıdır.

Ana səhifəXəbərlərBəxtiyar Hacıyev: İmtahanın nəticələrində ziddiyyətli məqamlar var