Bəxtiyar Hacıyev: DİN və DTX rəhbərliklərini hərəkətsizliklərinə görə təbrik edirəm

İctimai fəallar kibercinayətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Source: Meydan Tv


İctimai fəallar kibercinayətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Artıq 3 gündür sosial şəbəkələrin əsas gündəmi ictimai fəallara qarşı edilən kibercinayətkarlıqla bağlıdır.

Beynəlxalq Qadınlar Günündə feministlərin Bakıda keçirdiyi “8 Marş – Haqlarımız uğrunda” aksiyasından sonra aksiyanın təşkilatçılarından biri, ictimai fəal Nərmin Şahmarzadənin “Facebook” hesabı ələ keçirilib və şəxsi yazışmaları, məlumatları, fotoları ictimailəşdirilib. Bir müddət öncə digər bir ictimai fəal Gülnarə Mehdiyevanın da şəxsi məlumatları yayımlanmışdı.

Nərmin Şahmarzadə baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“8 Marş yürüşündən sonra profilim ələ keçirilib, polislə və hakimiyyətlə bağlı tənqidlər, video görüntülər silinib.

Daha sonra "messenger"-dən götürülən özəl həyatımla bağlı yazışmalar saxtalaşdırılıb: onların məzmununa, tarixinə əl gəzdirib yayırlar. Həmçinin, yayılan yazışmada qeyd olunmuş telefon nömrəmin də yayılması nəticəsində mənə çoxlu təhqiramiz, hədə-qorxu dolu mesajlar, ard-arda zənglər gəlir.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə müraciət edirəm:

Baş verənlər cinayət hadisəsidir və bunu törədənləri axtarıb tapmaq və cinayət məsuliyyətinə cəlb etmək dövlətin vəzifəsidir. KİV-lərdə cinayət barədə gedən məlumatlar cinayət işinin başlanması üçün əsasdır. Ayrıca, cinayət işinin qaldırılması üçün məhkəməyə müraciət edəcəyəm, amma dövlət qurumları kimi sizdən xahişim və tələbim budur ki, vətəndaşların hüquqlarının keşiyində durmalı qurumlar kimi, cinayətkarları tapıb məsuliyyətə cəlb edəsiniz. Əks halda, bu cinayətin arxasında dövlət qurumlarının dayandığı qənaətinə gəlməyim üçün hər cür əsas olacaq”.

Nərmin Şahmarzadənin ələ keçirilmiş “Facebook” hesabından yayılan paylaşımlarda bir neçə ictimai fəalın adı hallandırılır. Onlardan biri də Bəxtiyar Hacıyevdir. Paylaşımlarda onun haqqında özəl məlumatlar yer alır.

Bəxtiyar Hacıyev ona qarşı aparılan kampaniyanın arxasında hakimiyyətin dayandığını deyir və bunun qarşısının alınması üçün güc strukturlarına müraciət edib. O, adının hallanmasının səbəbini göstərib:

“8 mart günü mən öz səhifəmdə ölkənin birinci vitse-prezidentinin fəaliyyətini tənqid etmişdim. Həm buna görə, həm də sonradan hüquq-mühafizə orqanlarına yaxın şəxslərin mənə verdiyi məlumata görə mənim də hədəf seçilməyimin əsas səbəbi Mehriban Əliyeva adını çəkib, onu tənqid etməyim olub”.

Bəxtiyar Hacıyev “Facebook” hesabında yazıb ki, bununla bağlı ilk mesajları ABŞ-da qeydiyyatdan keçmiş anonim “Whatsapp” nömrələrindən alıb:

“Bu nömrələrlə artıq 3 ildir ki, hər dəfə hakimiyyəti sərt tənqid etdiyim dönəmlərdə mənəvi terrora məruz qalıram. İlk dəfə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev güllələndikdə hakimiyyətin təbliğat maşınının yalanlarını üzə çıxardığımda bu nömrələrdən mesaj almışdım. Bununla bağlı dəfələrlə DİN və DTX-ya müraciət etsəm də, heç bir tədbir görülmədi. Həm buna görə, həm də ələ keçirilən profil polis bölməsində telefonu götürdükdən sonra ələ keçirildiyinə görə deyə bilərəm ki, bu, ya DİN, ya DTX, ya hər ikisinin nəzarətində olan bir qrup tərəfindən həyata keçirilib. Bu qədər uzun müddət və bu qədər geniş miqyaslı mənəvi terror aktı ölkə rəhbəri İlham Əliyevin xeyir-duası olmadan həyata keçirilə bilməzdi”.

İctimai fəal yayılan yazışmaların ona aid olmadığını sübut edən videogörüntü də yayımlayıb.

Hüquq-mühafizə orqanları ötən 3 gün ərzində hadisəyə hər hansı münasibət bildirməyib. Yalnız martın 12-də DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya

bildirilib ki

, vətəndaş Bəxtiyar Hacıyev qeyd edilən halla bağlı nazirliyin 102 xidmətinə müraciət edib: “Müraciət aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yönləndirilib. Bəxtiyar Hacıyev bölməyə dəvət edilərək ifadəsi alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

Məqalə oxuculara “DİN fəalların şəxsi yazışmalarının yayılmasını araşdırır” şəklində təqdim olunub və xəbərdə Nərmin Şahmarzadənin fotosu yer alıb. Lakin məqalədə DİN-in Nərmin Şahmarzadə ilə bağlı mövqeyi əks olunmayıb.

Bəxtiyar Hacıyev isə öz “Facebook” hesabında bu açıqlamaya belə münasibət bildirib:

“Sağ olsunlar, 3 gün israrla zənglərimdən sonra açıb yazışmaların orijinalına baxdılar, gördülər, ancaq bunu etiraf etməyə cəsarətləri çatmadı. Bundan sonra da 150 gün araşdıra bilərlər o yazışmaların saxtalaşdırılıb-saxtalaşdırılmadığını müəyyənləşdirmək üçün. Mən dünən videosübutları yaydım və zərrə qədər ağlı və vicdanı olan hamı gördü ki, bunu edənlər öz təmsil etdikləri komandanın təxəyyülünün məhsulunu yazışmalara əlavə ediblər. Bundan sonra nə araşdıracaqlar? Araşdırıb, öz əməkdaşlarına töhmət verəcəklər?

DİN və DTX rəhbərliklərini hərəkətsizliklərinə görə təbrik edirəm. Onların hərəkətsizlikləri nəticəsində müzəffər komandanın repututasiyasına çox müsbət töhfə verildi. Artıq insanlar arasında müxtəlif zarafatlar dolaşır. Hakimiyyət müxtəlif yerli və beynəlxalq çevrələrdə artıq "saxta islahatçılar komandası", "yengə hökumət" və s. kimi adlarla anılmağa başlanıb.

Sonda hüquq-mühafizə orqanlarımıza bir neçə dost məsləhəti vermək istəyirəm, heç qardaş-qardaşa bu yaxşılığı etməz, mən sizə edirəm:

1) Gələn dəfə hansısa yazışmalara cılız fantaziyanızı əlavə edəndə, yeni cümlələri orijinal cümlələlərin arxasına yox, yeni sətirdən yazın, hara tələsirsiniz? Çünki “Facebook”, “Messenger”, “Whatsapp” orijinal yazışmalarında cümlələri tam silmək olur, yarımçıq yox. Heç olmasa, gələn dəfə "yazılmışdı, orijinaldan silinib" deyə bilərsiniz.

2) Bu işi təşkil edənlərə şəhidlərimizi tanıdın. Yoxsa, şəhid Səid Rəşidzadənin adından da saxta yazışmalar yayaraq, o boyda əməliyyatı özünüzə qarşı çevirmiş olursunuz.

3) O əməkdaşlara mütləq töhmət verin, yaxşı saxtalaşdıra bilmədiklərinə görə və sizi, ölkə rəhbərliyini pis vəziyyətdə qoyduqlarına görə. O qədər resurs ayrılıb, gördükləri iş bu qədər primitiv alınıb.

4) Başınız ölkə daxilindəki fəalları qaralamaqdan ayılanda daha ciddi məsələlərə vaxt ayırın. Məsələn, müharibə cinayətkarı Araik Arutyunyanın Xankəndində oturub, yazışdığı adamları da araşdırın. Deyilənə görə orada qondarma dövlət quruculuğu işlərini davam etdirir. Məsələn, onunla dünən azad etdiyiniz snayper erməni qadını arasında maraqlı yazışmalar düz-qoş edə bilərsiniz”.

Ana səhifəXəbərlərBəxtiyar Hacıyev: DİN və DTX rəhbərliklərini hərəkətsizliklərinə görə təbrik edirəm