Bəxtiyar Hacıyev: Azərbaycan təhsilinin lokomotivi dayandırıldı


”Bu universitetin bağlanması spiralvari şəkildə digər universitetlərin də keyfiyyətinə mənfi təsir göstərəcək”



15 iyul Türkiyədəki hadisələrdən sonra Azərbaycan ictimai-siyasi gündəmi yeni hadisələrlə zənginləşir. Görünür, qardaş ölkədə baş verənlər Azərbaycanın daxili həyatına təirsiz ötüşmür. Bu baxımdan Qafqaz Universitetinin bağlanması haqqında xəbər gündəmin müzakirə obyektinə çevrildi. Harvard məzunu Bəxtiyar Hacıyevlə söhbətimizdə məlum qərarı müzakirə etməyə çalışdıq.



Bəxtiyar bəy, Qafqaz Universitetinin bağlanmasından xəbərdarsınız. Ehtimalınız nədir, təzyiq olubmu ki, universitet özü qərar qəbul edib?

 – 20 ildən artıq fəaliyyət göstərən, dünya reytinqlərində Azərbaycan universitetlərindən ən yuxarı reytinqləri qazanmış, ürəklə “universitet, təhsil ocağı” deyə biləcəyimiz iki təhsil qurumundan biri könüllü şəkildə bağlanmaz. Çox güman ki, Türkiyə hakimiyyəti Azərbaycan hakimiyyətindən, Azərbaycan hakimiyyəti də universitet təsisçilərindən universitetin bağlanmasını istəyib.


– Bu universitetin bağlanması Türkiyədəki hadisələrlə bağlıdırmı?

– Birbaşa bağlıdır. Türkiyədəki çevrilişə cəhddən bir neçə gün sonra, ilin-günün bu vaxtında, növbəti tədris ilinə cəmi bir neçə ay qalmış universitet bağlanırsa, Türkiyə hakimiyyətinə yaxın müxtəlif şəxslər və qurumlar bu barədə danışırsa, Türkiyədəki hadisələrlə birbaşa bağlıdır.





 Azərbaycan prezidenti həmişə müstəqil siyasət yürütdüyünü bildirir. Belə olan halda Türkiyə hadisələri ilə bağlı niyə belə qərar qəbul etsinlər?

– Türkiyə prezidentinin şəxsən və səfirliklər vasitəsi ilə dünyanın bir çox ölkəsində fəaliyyət göstərən türk liseyləri və universitetlərinin bağlanması barədə xahişlər etdiyini həm mətbuatdan, həm də həmin ölkələrin rəhbərliklərindən dəfələrlə eşitmişik, onların açıqlamalarını oxumuşuq. Azərbaycan prezidenti ilə Türkiyə prezidenti arasında sadəcə iki ölkə rəhbəri arasında olan münasibətdən daha çox, daha sıx şəxsi münasibətlər var və görünür bu dəfə edilən xahiş sırf bu münasibətlər çərçivəsində qəbul edilib.


–  Universitetin bağlanması Azərbaycan təhsilinə hansı zərbəni vurur?




Bu universitet sadəcə öz müəllimləri və tələbələrinə keyfiyyətli təhsil vermirdi, həm də digər universitetlərin müəllim və tələbələrinə nümunə olurdu, nümunə olacaq bir çox elmi, texnoloji yenilikləri Azərbaycana gətirmişdi. Belə demək mümkündürsə, Azərbaycan təhsilinin lokomotivi müvəqqəti və ya birdəfəlik dayandırıldı. Minlərlə tələbə, yüzlərlə müəllim keyfiyyətli təhsil ocağından məhrum edildi. Bu universitetin bağlanması spiralvari şəkildə digər universitetlərin də keyfiyyətinə mənfi təsir göstərəcək.

Ana səhifəVideoBəxtiyar Hacıyev: Azərbaycan təhsilinin lokomotivi dayandırıldı