Bəxtiyar Hacıyev: “Azərbaycan belə sərt addımlarla dünyada dostlarını itirə bilər”

“Avropa Parlamentinin deputatlarını “qərəzli, ermənipərəst” adlandırmaq və onları uzaqlaşdırmaq asan yoldur”

Source:


“Avropa Parlamentinin deputatlarını “qərəzli, ermənipərəst” adlandırmaq və onları uzaqlaşdırmaq asan yoldur”

“Avropa Parlamentinin qətnaməsinə Milli Məclisin sərt, qəzəbli reaksiyasını anlayıram. Ancaq bu qətnaməyə görə Avropa Parlamenti, Avronest, hətta Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı səsləndirilən təkliflər Azərbaycana fayda yox, zərər gətirə bilər. Azərbaycan hər zaman xarici siyasətində yaratdığı balansla fəxr edib, Heydər Əliyevin cızdığı balanslı xarici siyasətin Azərbaycan üçün ən düzgün siyasət olduğu dəfələrlə hakimiyyət rəsmiləri tərəfindən vurğulanıb. İndi o balans niyə pozulur? Milli Məclisin deputatları düşünürlərmi ki, Heydər Əliyev özü orada olsaydı, Avropa Parlamentinin qətnaməsinə bu qədər reaksiya verərdimi? Yoxsa, əksinə, müəyyən addımlar ataraq, Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmağa çalışardı?”

Bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev Milli Məclisin Avropa Parlamentinin qətnaməsi ilə bağlı qərarına münasibətini açıqlayarkən deyib. “Avropa Parlamentinin deputatlarını “qərəzli, ermənipərəst” adlandırmaq və onları uzaqlaşdırmaq asan yoldur. Əgər erməni lobbisi Avropa, Amerika qərarvericiləri ilə uzun illər sıx işləyib, onlardan Ermənistana dost qazanırlarsa, bizim reaksiyamız və illərlə ölkəmiz üçün qazanılmış dostların bir anda itirilməsi ermənilərə daha çox kömək edir. Azərbaycan belə sərt addımlarla dünyada dostlarını itirə bilər. Nəzərə alsaq ki, baş nazirin müavini Əli Həsənovun da dediyi kimi, bir çox ölkədə diplomatlarımız da bu istiqamətdə faydalı çalışmırlar, deməli, indi hər zaman olduğundan daha çox Azərbaycan özünə tərəfdaş qazanmaq haqqında düşünməlidir” – deyə Bəxtiyar Hacıyev vurğulayıb.

İctimai fəal deyir ki, Avropa təkcə Azərbaycanın suverenliyinin dəstəkçisi olmayıb, həm də əhəmiyyətli xarici ticarət tərəfdaşlarından biridir: “Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin soyuması və ya kəsilməsi ölkəmizə sadəcə siyasi baxımdan yox, həm də iqtisadi baxımdan ciddi zərbə vura bilər. Ona görə də düşünürəm ki, Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixli qətnaməsinə Milli Məclis üzvlərinin emosional reaksiyalarından sonra Azərbaycan höküməti də həm seçkilərin keçirilməsi, həm siyasi məhbusların azad edilməsi məsələsində müsbət addımlar ata, Avropa ittifaqı ilə strateji, praqmatik, iqtisadi və siyasi əməkdaşlığı davam etdirə bilər”.

Ana səhifəXəbərlərBəxtiyar Hacıyev: “Azərbaycan belə sərt addımlarla dünyada dostlarını itirə bilər”