Elza Əiyeva və oğlu Əflatun Əliyev

Mənbə: Meydan TV

Başlıq: Elza Əiyeva və oğlu Əflatun Əliyev

“Betonun üstündə yatmaqdan böyrəklərimiz çürüyüb”

Ağstafa sakini olan Elza Əliyeva kömək üçün icra hakimiyyətinə müraciət etsə də, müsbət cavab almayıb

“Döşəyi betonun üzərinə sərib, üstündə yatırıq. Qarşıdan qış gəlir, yenə soyuq betonun ümidinə qalacağıq, böyrəklərimiz çürüyüb, sıradan çıxıb”.

Bunu Meydan TV-yə Ağstafanın Kolxəlfəli kənd sakini Elza Əiyeva deyir.

Elza xanım deyir, oğlu Əflatun Əliyev 1990-cı illərdə Qarabağda döyüşüb, müharibə veteranıdır. Səhhətinə görə işləyə bilmir, müharibə veteranı kimi aldığı 80 manat məbləğində təqaüd ailənin tələbatlarını ödəmir:

“Xəstəliyi işləməyə imkan vermir”

“Müharibənin oğlumun səhhətinə vurduğu zərərlər yaşa dolduqca üzə çıxır, beynində problem var, müalicə ala bilmir. İş yoxdur, olsa da, səhhətinə görə əmək fəaliyyətiylə məşğul ola bilmir. Əvvəllər fəhləliklə məşğul olurdu, ailəni birtəhər dolandırırdı. Uşaqların anası yoxdur, bütün qayğıları atanın üzərindədir. Mən də pensiyamla kömək olmağa çalışıram. Ancaq yaşım yetmişi ötüb, özüm də xəstəyəm, dərmanlarım, başqa qayğılarım var. Bununla belə, çalışıram ki, oğluma, nəvələrimə köməyim dəysin”.

Elza xanımın nəvələrindən biri kollecdə pullu təhsil alır, digəri 10-cu sinifdə oxuyur. Ancaq maddi imkansızlıq onların təhsilinə də öz təsirini göstərir:

“İki nəvəm var - qızın 18 yaşı var, kollecin ödənişini etməsək, təhsili yarımçıq qalacaq. Oğlan 10-cu sinifdə oxuyur, nə məktəb ləvazimatı var, nə geyimi... İndi karantindir, məktəb yoxdur, sabah məktəblər açılsa, ayaqqabısı da yoxdur ki, ayağına geyinib getsin...”

"İş yoxdur, olsa da, səhhətinə görə əmək fəaliyyətiylə məşğul ola bilmir"

"İş yoxdur, olsa da, səhhətinə görə əmək fəaliyyətiylə məşğul ola bilmir"

Mənbə: Meydan TV

“Betonun soyuğu səhərə kimi canımıza hopur”

Elza xanım deyir, illərlə pensiyasından kəsib, həyətdə bir heyvan damı tikməyə çalışıb, o da yarımçıq qalıb:

“Fikirləşdim ki, bəlkə heyvan saxlasaq, vəziyyətdən çıxa bilərik. Heyvan üçün dam tikmək istədim, o da yarımçıq qaldı. Damı tikəndən sonra heyvanı hansı pulla alıb o dama salacağıq, o da başqa dərddir. Bu bir tərəfə, qaldığımız ev bir otaqlıdır, yeri betondur, xəstə oğlum, nəvələrim, özümün də yaşım yetmişdən yuxarı, bu betonun üstündə yatmağa məcburuq. Eləcə, döşəyi bu başdan o başa atırıq, yatırıq. Betonun soyuğu səhərə kimi canımıza hopur, uşaqlar da, mən də tir-tir titrəyirik, çarpayı almağa da imkanımız yoxdur. Nəvəm deyir, biz nə vaxta qədər bu şəraitdə yaşayacağıq? Uşaq yaşayışımıza görə öz yaşıdlarından utanır”.

"Bu betonun üstündə yatmağa məcburuq"

"Bu betonun üstündə yatmağa məcburuq"

Mənbə: Meydan TV

“İcra hakimiyyətinə müraciət etmişəm”

Elza xanım evin təmirinə lazım olan tikinti materialı üçün Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət edib. Ancaq deməsinə görə, qurumdan ona müsbət cavab verilməyib:

“Evin dam örtüyü düzəlməlidir, divarları nəm çəkir, bir çarə edilməlidir, yaşlı adamam, betonun üstündə altımda yaş döşək, üstümdə yaş yorğanla yatıb-dururam. Bir az hörgü işi edə bilmişik, onu da, pensiyamla etmişik, daha edə bilmirik, ona görə də icra hakimiyyətinə müraciət etdik, ancaq heç bir faydası olmadı”.

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Elza Əliyeva tikinti materialına görə quruma müraciət edib. Ancaq icra hakimiyyətlərinə belə işlərə görə büdcə ayrılmır. Qurum vətəndaşın müraciətinə yalnız maliyyə işləri yaxşı olanda müsbət cavab verə bilər.

"Evin dam örtüyü düzəlməlidir, divarları nəm çəkir, bir çarə edilməlidir"

"Evin dam örtüyü düzəlməlidir, divarları nəm çəkir, bir çarə edilməlidir"

Mənbə: Meydan TV

"Uşaq yaşayışımıza görə öz yaşıdlarından utanır”

"Uşaq yaşayışımıza görə öz yaşıdlarından utanır”

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1jvqx2

Ən çox baxılan