“İnsanlara öyrətməliyik ki, yanaşmalarında ədalət prinsiplərini əsas götürsünlər”
2015-ci il parlament seçkiləri arxada qaldı. Hətta noyabrın 24-də Milli Məclisin V çağırışının ilk iclası keçirildi. Ancaq bu seçkidə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hesabatlarına rast gəlinmədi. Mərkəzin sədri Anar Məmmədli 2 ilə yaxındır həbs olunub. Onunla birgə həbs olunan, mart ayında prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Mərkəzin icraçı direktoru Bəşir Süleymanlı ilə görüşüb, gördüyü işlər, seçki, Anar Məmmədli və həbsdən sonrakı düşüncələri barədə danışdıq.
– Bəşir bəy, 6 aydan çoxdur ki, azadlıqdasız. Qoyub getdiyiniz cəmiyyətlə bu günki cəmiyyət arasında hansı fərqləri sezirsiniz?
– Kəskin fərqlər var. Adətən mən özlüyümdə 2013-cü il seçkiləri və sonrakı dövr arasında müqayisə aparıram. 2013-cü il seçkilərindən sonra bizə qarşı hücumlar başladı və cinayət işi açıldı. Biz həbs olunandan sonra bütün vətəndaş cəmiyyətinin susdurulması, dağıdılması prosesinə start verildi. Ondan sonrakı proseslər məlumdur. Həbs olunanlar həbs olundu, olunmayanlar ölkədən qovuldu, bir qismi isə bu prosesdən çəkilərək fəaliyyətlərini dayandırdı. Hazırda demək olar ki, QHT-lərin işi dayandırılmış şəkildədir. Çox zəif şəkildə hüquq müdafiəçiliyi və yaxud da bizim kimi məhbus ailələrinə mənəvi dəstək olmaqla məşğuldurlar. Azərbaycanda indi vətəndaş cəmiyyətinin tərəfsiz fəaliyyət göstərməsi üçün heç bir imkan yoxdur. Həm qanunvericilik bazası tamam formalaşmayıb, o cümlədən praktiki olaraq tərəfsiz fəaliyyətin qarşısı alınır. 2013-cü ildən əvvəl də azadlıqlarla bağlı nöqsanlar çox idi. Amma eyni zamanda xeyli sayda tərəfsiz, müstəqil qeyri-hökumət təşkilatları var idi ki, minimum şərtlərlə fəaliyyət göstərə bilirdilər. Bu gün bu tamamilə ləğv olunub. Bu da ölkənin inkişafına müsbət töhfələr vermir. Çünki o ölkələr inkişaf edir ki, orada güclü vətəndaş cəmiyyəti, azad media var. Azadlıqlar qorunur, müstəqil məhkəmə sistemi var. Kənardan hər hansısa ölkəyə qiymət verərkən iqtisadi, sosial göstəricilərlə yanaşı insan haqlarının qorunması da ölçü vahidi kimi götürülür. Ölkənin inkişafı üçün bunlar çox vacib amillər olsa da, çox təəssüf ki, Azərbaycanda bunun əksi baş verdi və vətəndaş cəmiyyətini demək olar ki, dağıtdılar. Vətəndaş cəmiyyəti müstəqil olmalıdır. Hakimiyyətin nəzarəti, təpkisi altında vətəndaş cəmiyyəti ola bilməz. Hakimiyyətin nəzarəti altında dövlət qurumları var, dövlət institutları var. Onlar hakimiyyətin siyasətini yürütməlidirlər. Vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməlidir. Media azad olmasa problemləri açıq şəkildə yaza bilməz. Əgər o, kiminsə ciddi nəzarəti altındadırsa, senzura tətbiq olunursa, heç vaxtı problemləri qabarda bilməz. Əgər həmin poblemlər qabardılmasa, hakimiyyət o problemlərin varlığından xəbər tuta, onları həll edə bilməz. Sonda – ola bilər ki, bu son uzun müddət çəkə bilər- ən çox uduzan, zərər çəkən hakimiyyət, sonra isə xalq olur.
– Bəs yaxınlarınızın, doğmalarınızın münasibətində hansısa fərqi hiss etdinizmi?
– Bir az məyusluq var. Biz bu təxminləri bilirdik. Ölkədə təhsildə, insanlararası sosiallaşmada ciddi problemlər var. Bilirdik ki, azadlıqlarla bağlı həbs olunan insanlara digər insanların münasibəti birmənalı olmur. Cəmiyyətin böyük kəsimi, yaxınlar və doğmalar da daxil olmaqla hələ hazır deyil ki, kiminsə həbs olunma səbəbinə doğru-düzgün qiymət verə bilsin. Hamı həbsxananı cinayət törətmiş adamların göndəriləcəyi yer kimi başa düşür. Təbii ki, dəstək olanlar da vardı. Mahiyyətini anlayan yaxın dostlar, bu prosesin içində olan ictimai sektorun, vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər də dəstək olurdular. Amma qorxub çəkinənlər, adımızı çəkməyənlər, itirib axtarmayanlar, vaxtı ilə ətrafında olub, sonra yoxa çıxanlar, ailə ilə maraqlanmayanlar vardı. Biz bunlardan məyus olmurduq. Bu, bizim üçün imtahan dövrü idi. Kimin bizimlə bir yerdə olduğunun gerçək nümunəsini ortaya qoya bildik. Bütün bunlar baş verməsəydi, biz bunu qiymətləndirə bilməzdik. İndi çevrilib geriyə baxanda bilirik ki, artıq kimlə yola çıxa bilərik, bunları analiz edə bilirik.
– Həbs sizə nələri öyrətdi?
– Çox şeyi. Açığı həbs olunduğum 26 may 2014-cü il və ondan əvvəlki dövr arasında kəskin fərqlər aşkarlamışam. O cümlədən özüm üçün kriteriyalar müəyyənləşdirmişəm. Baş verən hadisələrdən, münasibətlərdən, ilgidən, soyuqluqdan özüm üçün nəticələr çıxardım və hədəflər müəyyən etdim ki, artıq yolumda müəyyən redaktələr etməliyəm. Həm sosial, həm ictimai münasibətlərdə. Özümdə müəyyən çatışmazlıqlar aşkara çıxardım. Elmi biliklərimi artırmaq, hansısa sahədə çalışmalar etmək üçün daha çox hazırlaşmalı olduğumu anladım. Həbsdən sonrakı dövrdə davranışlarımda kifayət qədər dəyişikliklər baş verdi. Amma həbs mənim baxışlarıma, dəyərlərimə, hörmət etdiyim prinsiplərə təsir etmədi.
– İnsanlara, cəmiyyətə münasibətinizdə hansısa dəyişiklik oldumu?
– Cəmiyyətə münasibətimdə kəskin dəyişiklik olmayıb. Sadəcə bir daha aşkar etdim ki, bu cəmiyyəti düzəltmək üçün hələ çox işləməliyik və hələ çox vaxt lazımdır. Cəmiyyətin şüurunu dəyişmək, yanaşmalarını dəyişmək, prinsiplərini dəyişmək, dəyərlərə hörmətlə yanaşmasını öyrətmək üçün bizə çox zaman lazımdır. Bu sahədə daha çox enerji qoymalıyıq, insanlarla işləməliyik, onları hazırlamalıyıq. Mən heç vaxt xalqı aşağılayan, xalq haqqında mənfi fikirlər söyləyənlərlə razılaşmıram. Mən düşünürəm ki, insanları sadəcə doğru yönləndirmək lazımdır. Biz insanları doğru yönləndirməyə çalışmalıyıq və bunun üçün çox işləməliyik. İnsanlara öyrətməliyik ki, yanaşmalarında ədalət prinsiplərini əsas götürsünlər.
– Həbsdən sonra sizə olan münasibət necədir?
– Əvvəlkindən fərqli baxanlar da var. Cəmiyyət hələ bizim kimi günahsız həbs olunmuş insanları müsbət formada qarşılamağa hazır deyil. Söhbət ictimai-siyasi sektordan deyil, sadə vətəndaşlardan gedir. Amma sadə vətəndaşlardan da dəstək verənlər var idi ki, hansı səbəbdən həbs olunduğumu biləndə daha da hörmətlə yanaşırdılar. İsti münasibət göstərirdilər. Təbii ki, bunlar azlıq təşkil edirdi. Çoxluğun münasibətini bilmək istəsək, tək məni yox, ümumilikdə siyasi məhbusların hamısını götürsək, nə qədər adam onları yada salır, onların problemi ilə maraqlanır. Anar Məmmədlinin ətrafında nə qədər dostu var idi. Amma bu gün ailəsi ilə nə qədər insan onu soruşur, problemləri ilə maraqlanır? Bu, təəssüf doğurur. Belə şeylər insanın ümidlərini zədələyir.
– 6 aydır nə işlə məşğulsuz? İş tapa bilmisinizmi?
– Yox. Elə bir ciddi işlə məşğul deyiləm. Öz şəxsi karyeram üzərində işləyirəm. Mütaliə edirəm. Dil biliklərimi təkmilləşdirməyə çalışıram. İstəyirəm xaricə oxumağa gedim, təhsilimi artırım. Gələcəkdə ölkəyə daha ciddi töhfə verə bilən, peşəkar, yetişmiş bir mütəxəssis kimi kömək edim.
– Siz azadlığa çıxsanız da, birgə həbs olunduğunuz Anar Məmmədli hələ buraxılmayıb. Xəbəriniz varmı Anar Məmmədlidən?
– Əhval-ruhiyyəsi yaxşıdır. Bir az səhhətində problem yaranmışdı, sağ olsun dostlar, onların dəstəyi ilə müalicəsini aldı. Artıq demək olar ki, ciddi problemləri yoxdur. Amma həbsxanadadır. Ev şəraitində deyil. Bir neçə gündən sonra 2 ili tamam olacaq. Normal qidalanmaq, hava şəraiti, yuxu sistemi evdəki kimi deyil. Bunlar hamısı insanın idarə olunmasına təsir edir. Əsas odur ki, əhval-ruhiyyəsi, mənəvi durumu yaxşıdır.
Parlament seçkiləri geridə qaldı. Amma budəfəki seçkilərdə siz, SMDT iştirak etmədi. İştirak etməsəniz belə maraqlıdır, seçkini necə qiymətləndirdiz?
Bu seçki pozuntuların daha qabarıq müşayiəti ilə keçdi. Təbii, biz inanmırdıq ki, vətəndaş cəmiyyətinin dağıdılmasından sonra ölkədə azad və ədalətli seçkilər keçirilə. Mən hərdən hakimiyyətin bu addımlarını başa düşmürəm. Sanki kimsə məqsədli şəkildə vəziyyəti daha da pisləşdirmək, pisləşdirməni daha da qabartmaq üçün ortaya əziyyət qoyur. Sakit və minimum pozuntu ilə seçkini keçirmək olardı. Amma biz bunun əksini müşahidə etdik. Bütün media və sosial şəbəkələr, o cümlədən seçki ilə məşğul olan dostlarımız vasitəsilə seçkini izləyirdik. Formal xarakterli, müxalifətin iştirakı olmadan bir seçki keçirildi. Ədalətli seçkinin keçirilməsinə töhfə vermək üçün növbəti bir şansı əldən verdilər. Çox təəssüf edirəm.
– Hakimiyyət sizi “islah” olunmaq üçün həbs etmişdi. Amma fikirlərinizdən belə görünür ki, “islah” olunmamısız…
– (Gülür) Əgər problem varsa, onu demək lazımdır. Problemi ört-basdır edib, hər şeyin yaxşı olduğunu deməyin nəticəsi yaxşı olmur. Biz seçki ilə bağlı mənfi rəy verdiyimizə görə həbs oluna bilərik, təzyiqlərə məruz qala bilərik, məhrumiyyətlər yaşaya bilərik. Amma biz bunu niyə edirik? Ona görə edirik ki, ölkə normal yola düşsün. Azərbaycanda azad, ədalətli seçki ənənəsi yaransın. Biz bunu başqa ölkələrin təcrübəsinə əsaslanaraq deyirik ki, hansı ölkədə bu sahədə problemlər olur, o ölkələrin başı bəlalar çəkir. Son hadisələr də göstərir ki, problemləri ört-basdır etmək onların həllinə kömək etmir. Əksinə daha böyük problemlərin yaranmasına yol açır. Kim mənə təminat verə bilər ki, seçkilərin belə keçirilməsi ölkənin gələcək taleyinə “töhfə” verməyəcək?