Hüquq müdafiəçisi BMCMİ-də dindirilib
Hüquq müdafiəçisi Bəşir Süleymanlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) dindirilib. Bu barədə Meydan TV-yə onun özü məlumat verib. B.Süleymanlının sözlərinə görə, “Bandotdel” kimi tanınan BMCMİ əməkdaşları onu dəvət ediblər.
Ona deyiblər ki, “Beynəlxalq Bank”ın prezidenti Cahangir Hacıyevin siyasi məbus sayılması iqtiqamətində iş aparması barədə məlumat daxil olub. Ancaq araşdırmadan sonra məlum olub ki, məlumat yanlışdır. Bəşir Süleymanlı ona heç bir təzyiq olmadığını deyir.
Mayın 1-də günorta saatlarından etibarən hüquq müdafiəçisi ilə əlaqə yaratmaq mümkün olmamışdı. Vəkil Elçin Sadıqov, eləcə də dostları onun saxlanıldığını güman edirdi.
Seçkilərin Monitorinq və Demokratiya Mərkəzinin direktoru Bəşir Süleymanlı 2014-cü ilin may ayında 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay azadlıqdan məhrum olunub.
O, 2015-ci ilin 19 martında əfv edilib.