Türkiyə Qarabağda proksi müharibədə günahlandırılır
Suriya Prezidenti Bəşər əl-Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Dağlıq Qarabağ münaqişəsinin əsas təhrikçisi olmaqda günahlandırıb.
Çərşənbə axşamı Rusiyanın RİA xəbər agentliyinə verdiyi müsahibədə Əsəd Suriyadan olan silahlıların Dağlıq Qarabağa yerləşdirildiyini deyib.
“Şam bunu təsdiq edə bilər”,- “Reuters” Əsədə istinadən bildirib.
Dağlıq Qarabağda suriyalı muzdluların yerləşdirilməsi barədə Fransa, Rusiya və İranın iddialarını Türkiyə və Azərbaycan təkzib edib.
1990-cı ildən bəri ilk dəfə bu qədər genişlənmiş münaqişədə 10 gündür döyüşlər davam edir və Azərbaycan 30 ildə ilk dəfə itirilmiş ərazilərin geri qaytarılması xəbərlərini paylaşır.
“Bu son alovlanmaya dəqiq səbəb olan nədir bilmirik”,- ABŞ-ın media platformu NPR-in beynəlxalq müxbiri Lucian Kim qeyd edib.
“Hər iki tərəf bir-birini günahlandırır, lakin Azərbaycan Dağlıq Qarabağı geri alacağına söz verib. Və bu dəfə Türkiyə onun arxasındadır”, Kim əlavə edib.
Xarici qüvvələrin və döyüşçülərin münaqişəyə cəlb edilməsini strateji müttəfiqlər inkar edərkən “Foreign Policy” 50-dən çox suriyalı döyüşçünün nəşinin şənbə günü səhər saatlarında dəfn üçün Suriyaya gətirildiyini deyib.
“Onlar əvvəllər Suriyanın şimalında, sonra Liviyada və indi isə Dağlıq Qarabağ anklavında – ancaq hər zaman Türkiyə adından – vuruşan militanlardır”,- “Foreign Policy” bazar ertəsi deyib.
Suriya Milli Ordusu (SNA) daxilindəki mənbələrə görə, Türkiyə bu günə qədər 1500 suriyalını Suriya və Liviyadan sonra Rusiya ilə növbəti qarşıdurma nöqtəsi olan Dağlıq Qarabağ bölgəsinə yerləşdirib.
Türkiyə Azərbaycana dəstəyini elan edərək nəyin bahasına olursa olsun Ermənistan qüvvələrini Qarabağdan çıxaracağını bəyan edib.
“Gürcüstan, Ukrayna, Suriya və İraqın ərazi bütövlüyündə olduğu kimi biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyik”, paytaxt Bakıda səfərdə olan Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu çərşənbə axşamı deyib. “Anadolu” Xəbər Agentliyi bildirib.
Digər regional güc Rusiya isə imzalanmış müdafiə paktı ilə Ermənistanın arxasındadır. Münaqişəni indiyədək idarə edən Minsk Qrupunun üzvü olan Rusiya döyüşlərin ilk günündən neytral mövqe sərgiləsə də, dünya boyu müxtəlif təyyarələrin hərəkətini qeydə alan “FlightRadar” proqramı Rusiyanın Prezident Administrasiyasının tabeliyində olan “Rossiya Xüsusi Uçuş Dəstəsinə” məxsus IL-96 təyyarəsinin Yerevana eniş etdiyini bildirib. Qeyd edib ki, bu təyyarə Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının və ya Silahlı Qüvvələrinin yüksək rütbəli məmurlarının, eləcə də digər mühüm şəxslərinin uçuşlarını təmin edir. Təyyarədə Rusiyanın Baş naziri Mixail Mişustinin paytaxt Yerevana gəldiyi xəbərləri yayılsa da, daha sonra oktyabrın 6-da bu xəbər Ermənistan tərəfindən təkzib edilib.
Ankara eyni zamanda illərdir Türkiyəyə qarşı mübarizə aparan Kürdüstan Fəhlə Partiyası (PKK) silahlılarının Ermənistana kömək etdiyini bildirir.
“Foreign Policy” ilk suriyalı döyüşçülərin sentyabrın sonlarında Türkiyənin cənubuna gətirildiyini və daha sonra sentyabrın 25-də Qaziantepdən Ankaraya, ordan isə Azərbaycana uçduqlarını deyib. SNA komandirləri jurnala bildirib ki, onlar bölgəni araşdırmaq və döyüş ərazilərini Azərbaycan hərbçiləri ilə koordinasiya etmək üçün əvvəl gəliblər.
Jurnal əlavə edib ki, Suriyadan gələn döyüşçülərə ayda 11,650 türk lirəsi (1,500 ABŞ dolları) qarşılığında dörd aylıq müqavilə təklif edilsə də, 55 suriyalı muzdlu döyüşçünün ölümündən sonra muzdlular pərişan olub və peşmanlıq içindədir. Yazıda qeyd edilir ki, döyüşçülərə əsasən sərhədboyu məntəqələrə yerləşdiriləcəkləri söz verilsə də, sonradan onlar Azərbaycan qüvvələrinin çox olmayan dəstəyilə erməni separatçıları ilə birbaşa toqquşmalara atılıb.
“Biz Azərbaycan döyüşçüləri ilə heç bir kommunikasiyaya sahib deyilik”,- Azərbaycanın Bərdə bölgəsində olduğu qeyd edilən bir döyüşçü “Foreign Policy”-yə deyib.
“Bütün döyüşçülər Azərbaycandakı vəziyyətdən narazıdırlar”,- o deyib və əlavə edib: “Bir sıra dostlarımızın şəhid olmasından sonra psixoloji vəziyyət pisdir”.
Suriyanın Afrin bölgəsində olan SNA döyüşçüsü ölənlərin Hələbə gəlişini “əvvəllər şahidi olmadığı faciəli gün” olaraq təsvir edib.
Öldürülən bir döyüşçünün ailə üzvlərindən biri, “biz Türkiyə hökumətini kasıblarımızdan və gənclərin pul hərisliyindən istifadə etməkdə günahlandırırıq”,- deyib. “Foreign Policy” ailələrin öldürülmüş döyüşçülər üçün vəd edilmiş 60,000 Türk lirəsini (7,800 ABŞ dollar) təzminat olaraq itirməmələri üçün şəxsiyyətlərini açıqlamaq istəmədiklərini deyib.
“Türkiyənin bölgədəki siyasətinə, Ankaranın Suriya və Liviyada davam edən ölkədaxili müharibələrə müdaxiləsinə baxarsaq, bəzən Liviyadakı kimi Rusiyanın dəstəklədiyi Həftər qüvvələrini məğlub etməklə döyüş dalğasını tamamilə dəyişə bilir. Ancaq bu kimi geopolitik qalibiyyətlər gənc suriyalıların (həyatını) çıxmaza soxur”,- “Foreign Policy” davam edib.
“Türk hərbçilərinin və ya Suriyadakı silahlıların (bölgədə) birbaşa iştirakı sübut olunarsa, bu qırmızı xətt olacaq”,- Kremlə müşavirlik edən Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Aleksander Dynkin “Bloomberg”-ə deyib.
“Bu, Putinin istədiyi çoxqütblülük deyil”,- Dynkin deyib və əlavə edib ki, “Ərdoğan Putini qıcıqlandırmaqda davam edir”.
Türkiyə və Rusiya iqtisadi və hərbi baxımdan qarşılıqlı faydalı münasibətlərə sahib olsalar da, eyni zamanda Suriya və Liviyadakı kimi daxili müharibələrdə qarşı tərəfləri dəstəkləməklə bir-birilərinə asanlıqla zidd düşə bilirlər.
“Belə halda Dağlıq Qarabağ yalnız Rusiyanın narahatlığını artıra bilər” ,- “Bloomberg” deyib.
“Bu iki böyük ayı öz ərazilərini ayırmağı bacarır, ancaq Ərdoğan sərhədləri aşmamaq üçün diqqətli olmalıdır”, Moskvada məskunlaşan analist Arkady Dubnov deyib.
“Ölkəsi (Türkiyə) böyük regional gücdür, ancaq (Ərdoğan) unutmamalıdır ki, Rusiya burada (Cənubi Qafqazda) əsas oyunçudur”.