Beş rayonun icra başçısı yerini dəyişdi, Naxçıvanda yeni səlahiyyətli nümayəndə təyin olundu

Foto: president.az

Prezident İlham Əliyev noyabrın 12-də bir neçə icra başçısının vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamlar imzalayıb. 

Bunlar Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov, Göyçay rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov, Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev və Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzovdur.

Prezidentin digər sərəncamları ilə Orxan Mürsəlov Göyçay rayonuna, Elvin Paşayev Qax rayonuna, Vüqar Novruzov Göygöl rayonuna, Natiq Ağayev Balakən rayonuna, Elxan İbrahimov isə Bakı şəhəri Nəsimi rayonuna icra başçısı təyin edilib.

Prezident İlham Əliyev, həmçinin, Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndə vəzifəsindən azad edib, onun yerinə Ceyhun Cəlilovu təyin edib. 2022-ci ildən yaradılan bu vəzifəni indiyə qədər Fuad Nəcəfli tuturdu.

“Bölgələrdəki problemlərin səbəbi mərkəzi məmurların tapşırıqları olub”

İlham Əliyev Naxçıvandakı yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib ki, “vaxtilə bölgələrdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları olub:

“Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib”.

Ana səhifəSiyasətBeş rayonun icra başçısı yerini dəyişdi, Naxçıvanda yeni səlahiyyətli nümayəndə təyin olundu