Beş ildə Rusiya Azərbaycana 5 milyard dollarlıq silah göndərəcək

“Düşünmürəm ki, biz yalnız Rusiya silahından asılıyıq, yaxud şimala daha çox meyl göstəririk”

Source:


“Düşünmürəm ki, biz yalnız Rusiya silahından asılıyıq, yaxud şimala daha çox meyl göstəririk”

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakı danışıqlarının bir hissəsi silah təchizatına aid olub. Bu barədə “Kommersant” qəzeti yazıb.

Qəzetdəki hərbi mənbənin məlumatına görə, hərbi-texniki əməkdaşlıq səmərəli inkişaf edir: 2010-cu ildən 2012-ci ilədək ümumi məbləği 4 milyard dollara yaxın müqavilə imzalanıb. “Rosoboroneksport”un xəttilə silah göndərilməsinin ümumi həcmi ilin sonunadək 5 milyarda çata bilər.

Bundan əlavə, Azərbaycan “Bal-E” sahil  raket kompleksinin alışına maraq göstərir. Bu raket kompleksi artıq RF Xəzər donanmasının silahları arasında var.

Qəzetin məlumatından belə nəticəyə gəlmək olar ki, 2014-cü ildə Azərbaycan Rusiyadan 1 mlrd. dollarlıq silah alacaq.

Məlumatı Meydan TV-yə şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, kimin nə deməsindən asılı olmayaraq Rusiya silahı dünya silah bazarında və hərbi sursat istehsalında önəmli yerlərdən birini tutur. Düzdür, Rusiya hərbi kompleksi SSRİ-dən miras qalıb, amma hələ də müasir tələblərə cavab verən silah-sursatlar istehsal olunur. İstər ağır, istərsə yüngül texnikası olsun. İndi hər şeyi “Kalaşnikov” avtomatıyla müqayisə etmək olmaz, zamanında bu silah özünü göstərib.

Üzeyir Cəfərov “Azərbaycanın Rusiyanın silahına ehtiyac varmı” sualına belə cavab verdi: “Düşünmürəm ki, biz yalnız Rusiya silahından asılıyıq, yaxud şimala daha çox meyl göstəririk. Rusiya da Azərbaycanın tərəfdaş olduğu ölkələr siyahısındadır, biz İsrail, Pakistandan da silah alırıq. Bir reallıqdır ki, Azərbaycan öz ordusunu müharibə şəraitində qururdu. Arselanımızda sırf sovet istehsalı olan tanklar, təyyarələr, artileriyya qurğulardır, artıq onların mərhələli şəkildə təmizlənməsi başlanılıb. Tədricən ordumuzda başqa ölkələrin istehsalı olan kiçik silahlardan tutmuş xeyli silahlar var. Prezident özü də bugünlərdə Nazirlər Kabinetinin toplantısında Azərbaycanın bundan sonra da vuran silahlar əldə etmək arzusunda olduğunu dedi. Bundan sonra baş nazirin rəhbərliyiylə Müdafiə Nazirliyinin rəhbər şəxsləri bir araya gəldi”.

Rəqəmlərə gəlincə, o, dedi ki, bunlar əvvəlki illərdə bağlanmış müqavilələrin rəqəmləridir. 2011-ci ildə Azərbaycan-Rusiya arasında hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində birgə təlimlər, ixtisaslı kadrların hazırlanması da yer alıb və bunlar həm də başqa güc strukturları üçün nəzərdə tutulmuşdu. Yəni həmin rəqəm yalnız hərbi avadanlıq almaq üçün deyil, eyni zamanda, sırf hərbi tədbirlərə hesablanmış rəqəmlərdir.

Ana səhifəXəbərlərBeş ildə Rusiya Azərbaycana 5 milyard dollarlıq silah göndərəcək