“Mən istədim ki, ilk olaraq Vermont əyalətinin insanları bu haqda məlumatlansınlar”
ABŞ senatoru Berni Sanders (Bernie Sanders) 2020-ci il seçkilərində yenidən prezidentliyə namizəd olacağını söyləyib. Özünü demokratik sosialist elan edən Sanders xüsusilə gənclər arasında böyük dəstəyə sahibdir.
Müstəqil ABŞ senatoru Berni Sanders fevralın 19-da 2020-ci ildə prezidentliyə yenidən namizəd olacağını deyib.
77 yaşlı Sanders bu elanı öz evindən bir radioya müsahibə verərkən edib.
“Mən istədim ki, ilk olaraq Vermont əyalətinin insanları bu haqda məlumatlansınlar”, – Vermont İctimai Radiosuna danışan Sanders bildirib.
Sanders 2016-cı il prezident seçkilərində demokrat namizədlik uğurunda kifayət qədər güclü mübarizə aparıb və ən sonda Hillari Klintona yenildi.
O, pulsuz kollec təhsil və təködənişli səhiyyə kimi liberal siyasətin qorunması ilə tanınır.
Sanders dəstəkçilərinə bir e-məktubunda yazırdı: “Bizim kampaniya yalnız Donald Trampı məğlub etməkdən ibarət deyil, bizim kampaniyamız ölkəmizi dəyişdirmək və iqtisadi, sosial, irqi və ekoloji ədalət prinsiplərinə əsaslanan bir hökumət yaratmaqdır”.
Öz siyasətini açıqlayarkən geriyə bir addım da atmayan Sanders hazırkı ABŞ prezidenti Trampı millətə utanc və “patoloji yalançı” adlandırmışdı.
“Mən həmçinin düşünürəm ki, o, irqçi, seksist, homofob, ksenofob, azlıqlara, tez-tez sənədsiz miqrantlara üstünlük verməklə ucuz siyasi qazanclar əldə etməyə çalışan birisidir “.
Müşahidəçilər deyirlər ki, Sanders bu dəfə demokrat namizədliyi üçün güclü bir iddiaçı olacaq, baxmayaraq ki, o, əvvəlkindən daha sərt müxalifətlə üzləşəcək. Bu dəfə seçkilərdə senator Elizabet Varen (Elizabeth Warren) da daxil olmaqla sol fikirli ideyalara dəstək verən bir çox demokrat namizədin iştirakı gözlənilir.