Berlində maşını insanların üstünə sürən şəxsin kimliyi bəlli olub (yenilənib)

Mənbə: DW

Berlində avtomobili insanların üstünə sürən sürücünün kimliyi məlum olub. Berlin polisi həmin şəxsin 29 yaşındakı Ermənistan və Almaniya vətəndaşı olduğunu və Berlində yaşadığını açıqlayıb.

Kurfürstendamm ilə Tauentzienstrasse arasında baş verən və bir nəfərin həyatını itirdiyi hadisədə azı 6 nəfərin vəziyyətinin ağır olduğu açıqlanıb.

Həyatını itirən şəxsin məktəb şagirdləri ilə ekskursiyada olan 51 yaşlı qadın müəllim olduğu öyrənilib. Şagirdlərin Almaniyanın Hessen əyalətindən paytaxt Berlinə səfər üçün gəldiyi bildirilir.

Hadisəni törədən şəxsin qaçmağa çalışdığı və yoldan keçənlər tərəfindən saxlanılaraq polisə təhvil verildiyi söylənir. Polis hazırda hadisənin qəza, yaxud qəsdən törədildiyini, eyni zamanda, sürücünün sağlamlıq probleminin olub-olmadığını araşdırır.

“Bild” qəzeti istintaq orqanlarına məsul şəxsdən aldığı məlumata əsasən, hadisənin qəza deyil, hücum olması şübhəsinin daha da artdığını yazıb. Qəzetə danışan məmur bildirib:  “Bu, qəza deyil, çox adamı hədəf alan hücumdur. Sürücü isə soyuqqanlı bir qatildir”.


1 nəfərin öldüyü, 30-a yaxın şəxsin yaralandığı bildirilir

Berlinin yaxınlığındakı Şarlottenburq məhəlləsində sürücü avtomobili izdihamın üzərinə sürüb.

Fövqəladə hallar xidmətinin məlumatına görə, nəticədə bir nəfər ölüb.

Berlin polisi 30-a yaxın şəxsin yaralandığını açıqlayıb.

Təcili yardım xidməti əməkdaşları da jurnalistlərə azı bir nəfərin öldüyünü deyib.

Berlin polisinin sözçüsü Martin Dams hadisənin Almaniya paytaxtının qərbindəki məşhur Kurfuerstendamm Ticarət Mərkəzinin yaxınlığında baş verdiyini bildirib.

Onun sözlərinə görə, avtomobili idarə etməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Dams bildirib ki, hadisənin qəza nəticəsində olub-olmaması və ya sürücünün maşını insanların üzərinə qəsdən sürməsi hələlik aydın deyil.

2016-cı il dekabrın 19-da islamçı ekstremist Anis Amrini qaçırdığı yük maşınını Breitscheidplatzdakı Milad bazarına sürmüşdü.

Bugünkü hadisə həmin ölümcül hücumun baş verdiyi yerin yaxınlığında baş verib.

Həmin hadisədə 11 nəfər ölüb, onlarla insan yaralanmışdı.

Ana səhifəDünyaBerlində maşını insanların üstünə sürən şəxsin kimliyi bəlli olub (yenilənib)