Berlindəki Azərbaycan səfirliyinin qarşısında təkadamlıq aksiya keçirilib

Foto: Elməddin Şamilzadə

İctimai fəal Tofiq Yaqubluya dəstək üçün özünü səfirliyin dəmir hasarlarına zəncirləyib

İctimai fəal Natiq Məmmədov Berlindəki Azərbaycan səfirliyinin qarşısında təkadamlıq aksiya keçirib.

O, siyasətçi Tofiq Yaqublunun aclıq aksiyasına dəstək və əsassız həbsinə etiraz olaraq özünü səfirliyin dəmir hasarlarına zəncirləyib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.

Tofiq Yaqublunun apelyasiya məhkəməsi isə mayın 6-na təyin olunub.

Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.

Tofiq Yaqublunun həbsi ilə əlaqədar beynəlxalq reaksiyalar da artmaqdadır.

ABŞ Konqresinin üzvü Eleanor Holmes Norton Prezident İlham Əliyevi Tofiq Yaqublunu azad etməyə çağırıb.

Norveç Helsinki Komitəsi də yaydığı bəyanatda Tofiq Yaqublunu azad etməyə çağırıb.

Almaniyanın AŞPA-da təmsil olunan deputatı Frank Şvabe də Tofiq Yaqublu ilə bağlı narahatlıq ifadə edib.

Bununla bərabər, Azərbaycandakı repressiyalar ABŞ Konqresində müzakirə ediləcək. Konqresin insan hüquqları üzrə Tom Lantos adına komissiyası keçiriləcək tədbirlə bağlı yaydığı məlumatda qeyd edib ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti pisdir.

Ana səhifəSiyasətBerlindəki Azərbaycan səfirliyinin qarşısında təkadamlıq aksiya keçirilib