13 avqust 1961-ci il, bazar günü, Berlin şəhəri. Sovet işğalı zonasında yaşayan təqaüdçü Helmut və xanımı Ursula qeyri-iş günü olmasından istifadə edərək oğullarının ailəsini ziyarət etmək, nəvələri ilə oynamaq istəyirlər. Oğlunun evi uzaqda deyil, eyni küçənin yuxarı başındadır. Lakin ora artıq Fransa işğal zonası sayılır. Bununla belə, gediş-gəliş demək olar ki, sərbəstdir.
Həmin gün isə ər və arvad küçənin yalnız yarısına qədər gedə bildilər. Sovet işğal zonası bitən yerdə onları saxladılar və daha irəliləyə bilməyəcəklərini söylədilər. Artıq Berlində hərəkət sərbəst olmayacaqdı. Berlinin ABŞ, Böyük Britaniya və Fransanın işğal zonası sayılan hissəsi, bundan sonra Qərbi Berlin adlandıracağımız hissə Almaniya Demokratik Respublikasının digər hissələrindən sərhəd maneələri ilə ayrılırdı. Beləliklə, dünənə qədər eyni küçədə yaşayan ailə bir gün ərzində tikanlı məftillər və divarla ayrıldılar.
Yuxarıdakı hadisə ilə eyni vaxtda Berlinin sovet işğalı zonasında yaşayan daha bir nəfər – Klaus Taube Qərbi Berlinə keçmək istəyirdi. O “Herta” futbol klubunun əsas bombardiri idi və “Vaker 04” komandası ilə oyuna tələsirdi. Lakin onu da şəhərin ortasında duran sərhədçilər qarşıladılar və geri qaytardılar.
Taubenin ciddi idman karyerasına bununla son qoyuldu. Qərbi Berlinlə bağlılığı olan futbolçunu Şərqi Almaniyada heç bir güclü komanda öz tərkibinə qatmaq istəmədi. Taube sevimli komandasının oyunun canlı surətdə yalnız 29 il sonra, Berlin divarı ortadan qaldırıldıqdan sonra izləyə bildi.
***
Hələ 1944-cü ilin sentyabrın 12-də Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Sovet İttifaqının nümayəndələrinin imzaladıqları London protokolu müharibədən sonra Almaniyanın 3 qalib dövlətlərin işğal zonalarına bölünməsini nəzərdə tuturdu. Üçüncü reyxin paytaxtı Berlin şəhəri sovet işğal zonasına düşürdü. Lakin London protokoluna görə şəhərə də sovetlər təklikdə nəzarət etməyəcəkdilər.
Berlin də öz növbəsində üç işğal zonasına bölünəcəkdi. Şimal-şərq hissəsi sovetlərə, şimal-qərb hissəsi ingilislərə, cənub hissəsi isə amerikalılara çatacaqdı. 1945-cu ilin fevralında “Böyük üçlüyün” (Çörçill, Rusvelt, Stalin) Yaltada keçirlən konfransında həm Almaniyada, həm də Berlində dördüncü – Fransa işğal zonasının yaradılması barədə razılıq əldə edildi.
Almaniya üzərində qələbədən sonra, 1945-ci ilin yayında müttəfiq dövlətlərin Berlin yaxınlığındakı Potsdam şəhərində keçirilən konfransında işğalın siyasi prinsipləri qəbul edildi. Bu prinsiplər “Dörd D” adını aldı: denasifikasiya – bütün nasist təşkilatlarının ləğvi; demiltarizasiya – Almaniyanın tam tərkisilah edilməsi; demokratikləşmə – vətəndaş azadlıqlarının, çoxpartiyalı seçkilərin və hakimiyyət bölgüsünün bərpası; desentralizasiya – səlahiyyətlərin mərkəzi hakimiyyətdən yerlərə ötürülməsi.
Hər bir işğal zonasında həmin dövlətin təyin etdiyi Baş komandan ali hakimiyyətə malik olacaqdı. Dörd komandan birlikdə Müttəfiqlərin Nəzarət Şurası deyilən orqanı yaradırdılar. Almaniyanın sərhədlərini və hüquqi vəziyyətini müəyyən edən sülh müqaviləsi imzalanana qədər MNŞ ölkəyə nəzarət etməli idi. Lakin qeyd edək ki, sonrakı illərdə cərəyan edən siyasi proseslər ucbatından Almaniya ilə sülh müqaviləsi heç zaman imzalanmadı.
Potsdam razılaşmasında deyilirdi: “Müttəfiqlər alman xalqını məhv etmək və ya köləliyə düçar etmək niyyətində deyillər. Müttəfiqlər alman xalqına öz həyatını demokratik və dinc əsaslarda yenidənqurmağa hazırlaşmaq üçün imkan vermək niyyətindədirlər. Əgər alman xalqının öz səyləri aramsız olaraq bu məqsədə çatmağa yönələrsə, müəyyən dövr keçdikdən sonra onun üçün dünyanın azad və sülhsevər xalqları arasında yer almaq mümkün olacaqdır” .
Göründüyü kimi, müttəfiqlər nə Almaniyanı, nə Berlini bölməyi planlaşdırmırdılar. Sülh müqaviləsi imzalanandan sonra vahid alman dövləti yaranmalı idi. Lakin bunu etmək mümkün olmadı. Çünki Almaniyanı işğal edən iki qüvvənin hər biri onu “öz obrazında və bənzərində” görmək istəyirdi. SSRİ Almaniyada özündəki kimi “ən ədalətli və mütərəqqi” quruluş, başqa sözlə desək, kommunist diktaturası yaratmaq istəyirdi, Qərb ölkələri isə çoxpartiyalı sistemə və azad seçkilərə əsaslanan quruluş tərəfdarı idilər.
Nəticədə 1949-cu ildə iki alman dövləti yarandı. Öncə ABŞ, Böyük Britaniya və Fransanın işğal zonasında Almaniya Federativ Respublikası (Qərbi Almaniya), daha sonra isə sovet işğal zonasında Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) yarandı. Bundan sonra keçmiş müttəfiqlər arasında əsas ziddiyyət nöqtəsi Berlin məsələsi oldu. Lakin Berlin problemindən danışmazdan öncə oxucular üçün maraqlı ola biləcək bir məsələyə toxunmaq istəyirəm.
***
Maraqlıdır ki, SSRİ nəzarətində saxladığı digər ölkələrdən fərqli olaraq Şərqi Almaniyada təkpartiyalı sistem yaratmadı. Ölkədə marksistyönümlü Almaniya Vahid Sosialist Partiyasından əlavə daha 4 partiya fəaliyyət göstərirdi: Xristian-Demokratik İttifaq, Liberal-Demokrat Partiyası, Demokratik Kəndli Partiyası və Milli-Demokrat Partiyası.
Bununla belə, ölkədə alternativ əsaslarla seçki keçirilmirdi. Bütün partiyalar və ictimai-siyasi təşkilatlar Milli cəbhədə birləşir və bu təşkilat parlament (Xalq palatası) seçkilərində seçicilərə vahid və yeganə seçki siyahısı təqdim edirdilər. Başqa heç bir alternativ namizəd və ya namizədlər siyahısı olmurdu. Təbii ki, bunu azad və rəqabətli seçki adlandırmaq olmazdı.
Bu seçkilərdə hər bir təşkilata öncədən ayrılmış kvota var idi. 1968-ci ildən sonra üzvlərinin sayı 500 nəfərə çatdırılan Xalq palatasında hakim Vahid Sosialist Partiyasının 127, digər partiyaların isə hər birinin 52 nəfərlik kvotası vardı. Bundan əlavə, Azad Həmkarlar Birliyinin (68), Azad Gənclər İttifaqının (40), Demokratik Qadınlar İttifaqının (35) və Mədəniyyət İttifaqının (22) parlamentdə kvotası var idi. Bu təşkilatlar hamısı kommunistyönümlü idi və bununla da parlamentdə sabit çoxluq təmin edilirdi.
Siyasi partiyaların seçkilərdə müstəqil şəkildə iştirak etmək hüququ yox idi və onlara ayrılan kvota ilə kifayətlənməyə məcbur idilər. Bunun üçün onlara 1950-ci ildə ilk seçkilər öncəsi acı dərs verildi. Liberal-Demokrat Partiyasının baş katibi Günter Ştempel alternativsiz seçkiləri və zorakı koalisiyanı tənqid etdiyi üçün həbs olunaraq, nə az, nə çox, düz 25 il müddətinə azadlıqdan məhrum edildi. Lakin qayıdaq Berlin məsələsinə.
***
İki alman dövləti yaranandan sonra Şərqi Almaniyadan qərbə doğru ciddi köç müşahidə olundu. İnsanlar nədənsə uzun illər bizə “ən ədalətli və mütərəqqi” quruluş kimi təqdim olunan kommunist hakimiyyəti altında yaşamaq istəmirdilər. İki dövlət arasında ciddi sərhəd maneələrinin olmaması bu köçü asanlaşdırırdı. Şərqi Almaniyadan 1950-ci ildə 187 min, 1951-ci ildə 165,6 min, 1952-ci ildə isə 182,4 min insan Qərbi Almaniyaya köç etdi. Belə vəziyyət SSRİ və Almaniya Demokratik Respublikasının rəhbərliyini AFR ilə sərhəd maneələri yaratmağa vadar etdi.
Miqrasiya əsasən iqtisadi səbəblərdən doğurdu. Marşall planı çərçivəsində ABŞ-ın göstərdiyi yardım, təbii sərvətlərin əsasən qərbdə olması Qərbi Almaniya üçün daha optimal şərait yaradırdı. Lakin əsas fərq iqtisadi sistemdə idi.
Qərbi Almaniyanın iqtisadiyyat naziri Lüdviq Erxardın yürütdüyü və azad bazara söykənən iqtisadi siyasət 1960-ci illlərin sonuna qədər davam edəcək və “alman möcüzəsi” adını alacaq sıçrayışın əsasını qoydu. Müharibə nəticəsində tamamilə dağıdılan ölkə artıq 1960-cı illərin əvvəllərində iqtisadi göstəricilərinə görə dünyada lider dövlətlərdən birinə çevrildi.
Bunun əvəzində Şərqi Almaniyada sosialist iqtisadiyyatı yer alır, kənd təsərrüfatında kollektivləşdirmə aparılır, azad sahibkarlıq sıxışdırılırdı. 1953-cü ilin iyunun 17-də əmək haqqını eyni saxlamaqla istehsalat normalarının artırılması və digər qeyri-populyar tədbirlər Şərqi Almaniyanın çoxlu yaşayış məntəqələrində, o cümlədən Şərqi Berlində xalq üsyanına səbəb oldu. Kommunist hakimiyyətini yalnız sovet qoşunlarının hadisələrə müdaxiləsi xilas etdi.
Mühacirətin iqtisadidən əlavə siyasi səbəbləri də vardı. Şərqi Almaniyada totalitar quruluş bərqərar olurdu, nasist gestaposundan heç də az amansız olmayan kommunist Ştazi gizli polisi insanları nəzarətdə saxlayırdı. Buna görə də almanlar özlərini daha azad və təhlükəsiz hiss etdikləri Qərbi Almaniyada yaşamağa üstünlük verirdilər.
İki Almaniya arasında sərhəd istehkamları yaradıldıqdan sonra isə mühacirətin yolu Qərbi Berlindən keçirdi. 1953-cü ilin təkcə birinci yarısında Qərbə qaçanların sayı 226 mini ötdü. Bütöv il ərzində isə bu rəqəm 331 minə bərabər oldu. 1954-cü ildə 184 mindən artıq, 1955-ci ildə isə 252 mindən artıq alman vətəndaşı Qərbi Almaniyaya köçdü.
“Böyük üçlüyün” həm müharibə dövründə, həm də müharibədən sonrakı razılaşmalarında Berlin əlahiddə rayon kimi nəzərdə tutulurdu. Bunun nəticəsində də qeyri-müəyyən vəziyyət yarandı. Bir tərəfdən Berlin (de-yure bütün Berlin, de-fakto Şərqi Berlin) 1949-cu ildən Almaniya Demokratik Respublikasının paytaxtı elan edildi.
Digər tərəfdən, Berlin sakinlərinin şəxsiyyətlərini təsdiq edən ayrıca, Şərqi Almaniyanın digər sakinlərindən fərqli sənədləri vardı. Şərqi Berlindən parlamentə seçilən 66 deputat 1968-ci ilə qədər yalnız məşvərətçi səs hüququna malik idilər. Şərqi Almaniyadan Berlinə giriş-çıxış üçün nəzarət-buraxılış məntəqələri mövcud idi.
Şəhərin özündə isə nisbi hərəkət sərbəstliyi vardı. Bir çox insan bir zonada yaşayır, başqa zonada isə iş tapırdılar. Bir işğal zonasında metroya minib digərində çıxmaq olardı. Xarici turistlər də şəhər daxilində sərbəst hərəkət edirdilər.
Zonalar arasında bölücü xətt binaların, evlərin, su kanallarının, küçələrin və metro xətlərinin arasından keçirdi. Bir çox bina mövcud idi ki, girişi sovet zonasından idi, əks tərəfdə pəncərələri başqa bir işğal zonasına açılırdı və yaxud da əksinə. İnsanlar öz mənzillərində hərəkət edərkən bir zonadan digərinə keçirdilər. Belə bir vəziyyət isə təbii ki, Şərqi Almaniyadan qaçmaq istəyənlərin işini asanlaşdırırdı.
1950-ci illərin sonuna doğru iki Almaniyanın iqtisadi göstəriciləri və həyat səviyyəsi arasındakı fərq daha da kəskin şəkil aldı. Qərbi Almaniya “iqtisadi möcüzə” yaşayırdı, Şərqi Almaniyada isə zorakı kollektivləşdirmə aparılırdı, sənaye müəssisələri milliləşdirilirdi, aşağı əmək haqqı, defisit hökm sürürdü.
ABŞ, Böyük Britaniya və Fransanın işğal zonasında olan Qərbi Berlin rəsmən AFR-in tərkibində olmasa da, onun iqtisadi sıçrayışın bəhrəsini görürdü, buranın sakinlərinin də həyat səviyyəsi yüksəlirdi. Sərbəst gediş-gəlişin olduğu belə bir rifah cəmiyyəti kommunist təbliğatına qarşı çox böyük əngəl idi.
Buna görə 1958-ci ildə sovet lideri Nikita Xruşşov üç Qərb ölkəsinə ultimatum göndərərək 6 ay ərzində Qərbi Berlinin Almaniya Demokratik Respublikasına birləşdirilməsi barədə danışıqlara başlamağı tələb etdi. Sovet İttifaqı və Şərqi Almaniya rəhbərliyi hesab edirdilər ki, şəhər ADR ərazisində yerləşdiyinə görə, bu dövlətin yurisdiksiyasına keçməlidir. Qərb ölkələri isə Potsdam razılaşmalarını əsas gətirərək ultimatumu rədd etdilər.
Bu illərdə Qərbi Berlinə və orada Qərbi Almaniyaya köç yenidən vüsət alır. 1961-ci ilin ilk 7 ayı ərzinə 207 min insan köçür. İyul ayında hər gün orta hesabla 1000 nəfər (ay ərzində 30 min) Şərqdən Qərbə qaçır. Ümumiyyətlə, bəzi mənbələrdə, 1949-1961-ci illərdə 3 milyondan çox insanın Qərbə qaçdığı iddia olunur. Belə vəziyyətdə Şərqi Almaniya rəhbərliyi insanların “səadətə can atmaq” hüququnun qarşısını yalnız ciddi fiziki sərhəd istehkamları ilə ala biləcəklərini anladılar.
1961-ci il avqustun 12-dən 13-nə keçən gecə Berlinin amerikan, ingilis və fransız işğal zonasını sovet işğal zonasından və Almaniya Demokratik Respublikasından ayıran xətt hərbçilər, polis və fəhlə drujinaları tərəfindən nəzarətə götürüldü, gediş-gəliş durduruldu. İki gün ərzində sərhəd xətti tikanlı məftillərlə əhatə olundu və bundan sonra məşum Berlin divarının tikintisi başlandı. Beləcə bir günün içində minlərlə ailələr parçalandı, milyonlarla berlinli üçün doğma şəhərin bir hissəsi yad əraziyə çevrildi.
İnfrastruktur nəzərə alınarsa, bir şəhəri iki yerə bölmək asan deyildi. Berlinin vahid su kanalı və kanalizasiya xətti, metropoliteni və elektrik qatarı vardı. Su kanalları və kanalizasiya xətləri vasitəsilə qaçışların qarşısını almaq üçün möhkəm barmaqlıqlar qaynaq edildi. Elektrik qatarı xətti iki yerə bölündü. Metropoliten məsələsi isə daha mürəkkəb idi.
Vəziyyət elə gətirmişdi ki, Berlin metrosunun xətlərinin və stansiyalarının çoxu Qərb hissəsində idi. Bəzi yerlərdə xətt Qərbdən gələrək Şərq hissəsindən keçməklə yenidən Qərbə dönürdü. Belə xətləri işlək saxlamaq qərara alındı, lakin onların üzərindəki stansiyalar qapadıldı və orada qatarlar artıq dayanmırdı. Sonralar onlara “kabus stansiyalar” adı verildi. Yalnız Fridrixştrasse stansiyası xüsusi icazəsi olan insanların gediş-gəlişi üçün nəzarət-buraxılış məntəqəsi rolunu oynadı.
Daha bir problem isə girişi sovet işğal zonasından olub pəncərələri digər işğal zonasına açılan yaşayış binaları idi. Sərhədin bağlandığı ilk günlərdə bu binalar vasitəsilə xeyli adam qaçdı. Lakin tezliklə bu binalar nəzarətə götürüldü, pəncərələr kərpiclə hörüldü. Sonrakı illərdə isə həmin binalar söküldü, yerlərində sərhəd divarının davamı çəkildi.
Hündülüyü 3,6 metr olan Berlin divarının ümumi uzunluğu 155 kilometr idi. Bunun təxminən 43 km-i Qərbi Berlini şərq hissəsindən, qalanı isə Almaniya Demokratik Respublikasından ayırırdı. İldən ilə Berlin divarı daha mürəkkəb, daha ciddi qorunan sərhəd istehkamına çevrilirdi. Bununla belə, divarın mövcud olduğu 28 il ərzində 5 mindən artıq insan ən müxtəlif yollarla “kommunist cənnəti”ndən qaçmağı bacardı. Minlərlə insanın cəhdi isə uğursuz oldu, onların böyük əksəriyyəti həbsə məhkum edildi, yüzlərlə insan isə açılan atəş nəticəsində öldürüldü.
Qərbi Almaniya sərhədi pozmaq istərkən yaxalanan, dissident fəaliyyətinə görə həbs edilən ADR vətəndaşlarını pulla almaq üçün geniş fəaliyyətə başlamışdı. İki dövlət arasında diplomatik münasibətlər olmadığından bu iş kilsə və müstəqil vəkillərin köməyi ilə aparılırdı. Hesablamalara görə, həbsdə saxlanılan 34 min insanın azad olunaraq Qərbə ötürülməsi müqabilində Şərqi Almaniyaya 3,5 milyard marka dəyərində pul və ya müxtəlif məhsullar ödənildi.
Məqalənin əvvəlində təqdim etdiyi Helmut və Ursula cütlüyü təxəyyülümün məhsuludur (futbolçu Klaus Taubedən fərqli olaraq). Lakin məhz bu adda olmasa da, həmin taleyi yaşayan insanların olduğuna şübhə etmirəm. Çünki internetdə axtarış zamanı hələ yeni tikilən divarın üzərindən gənc ailənin öz övladlarını qaldıraraq Şərqdə yaşayan valideynlərinə göstərməsi şəklinə rast gəlmək olar.
Xoşbəxtlikdən bir müddət sonra təqaüd yaşına çatan şəxslərin (60 yaşlı qadınlar və 65 yaşlı kişilər) Qərbi Berlinə sərbəst gediş-gəlişinə icazə verildi. Artıq işləyərək dövlətə xeyir verməyən, əksinə yalnız təqaüd alan bu insanlar geri qayıtmazdılarsa, faciə deyildi. Nəticədə, ömür vəfa edərdisə, yaşlı valideynlər övladlarına, yaxud digər yaxın qohumlarına qovuşa bilirdilər.
***
Azərbaycanlılar müstəqillikdən umduqlarına nail ola bilmədilər. İnsanların xeylisinə məyusluq hakimdir. Bundan istifadə edərək sovet dövrünü, sosialist iqtisadiyyatını öyənlərin sayı xeyli artıb. Halbuki istənilən quruluşun üstünlükləri və naqislikləri müqayisədə daha yaxşı üzə çıxır. Bu baxımdan iki Almaniyanın və Berlinin müharibədən sonrakı tarixi ən gözəl nümunədir.
Sosialist quruluşunun bu açıq yarışda uduzduğunu nəzərdə tutan Marqaret Tetçer Berlin divarı haqqında deyirdi: “Hər bir daş arxasında olan cəmiyyətin mənəvi iflasına şahidlik edir”. O dönəm ABŞ-ın dövlət katibi olan Din Rask isə Berlin divarını “kommunist iflasının abidəsi” adlandırırdı.
1963-cü ildə Qərbi Berlində sonralar “Mən berlinliyəm” adını alacaq məşhur nitqində ABŞ prezidenti Con Kennedi deyirdi: “Bu divar kommunist sisteminin uğursuzluqlarının ən aşkar və ən bariz nümayişidir”. Bu fikirlər Qərb xadimlərinə məxsus olduğundan qərəzli görünə bilər.
Lakin 1958-1962-ci illərdə SSRİ-nin Şərqi Almaniyada səfiri olan Mixail Pervuxin də hələ Berlin divarı çəkilməzdən öncə Moskvaya göndərdiyi hesabatda yazırdı: “Berlində sosialist və kapitalist dünyası arasında açıq və əslində nəzarət edilməyən sərhədin mövcudluğu əhalini şəhərin iki hissəsi arasında müqayisə aparmağa sövq edir və bu müqayisə, təəssüf ki, həmişə Demokratik (Şərqi – Y.S.) Almaniyanın xeyrinə olmur”.
Berlin divarı məhz bu açıq müqayisə imkanını aradan qaldırmaq üçün çəkildi. Çünki sosialist quruluşu istər azadlıqlar, istərsə də rifah cəhətdən kapitalizmə, idman termini ilə desək, böyük hesabla uduzurdu. Berlin divarı bu dəhşətli məğlubiyyətin həm etirafı, həm də simvolu idi.
***
1980-ci illərin ikinci yarısında kommunist sisteminin çöküşü Berlin divarının da taleyinə təsir göstərdi. 1989-cu il noyabrın 9-dan etibarən Qərbi Berlinə gediş-gəliş sərbəstləşdi. 1990-cı ilin oktyabrın 3-də isə Şərqi Almaniya və Qərbi Berlin Almaniya Federativ Respublikası ilə vahid dövlətdə birləşdilər. Berlin divarı söküldü, yalnız kiçik bir hissəsi tarixi abidə kimi saxlanıldı.