Nicat Qarayev

Mənbə: Meydan TV

Başlıq: Nicat Qarayev

Bərdədə cinayətin qurbanı olan ailə: evsiz, təhsildən kənarda qalan uşaqlar

Məqalə yeniləndi:  2 Noyabr 2020

Nicat Qarayev: “Yoldaşım ağır xəstədir, amma həkimə aparmağa, dərman aparmağa pul yoxdur”

Bərdə rayonunun Kətəlparaq kəndinin sakinləri olan Qarayevlər ailəsi ilyarımdır qohum-əqrəbanın evində qalır. Çünki ailənin kənddəki evi il yarım əvvəl yandırılıb.

32 yaşlı Nicat Qarayev danışır ki, fəhləliklə qazandığı pula iki azyaşlı uşağı da daxil, beş nəfərlik ailəsinin yeməyini çətinliklə çatdırır. Ev bir yana, heç uşaqlara paltar-ayaqqabı ala bilməyib ki, bu il onları məktəbə göndərsin.

Hadisə 2019-cu il martın 1-dən 2-nə keçən gecə baş verib. Nicat Qarayevin 27 yaşlı bacısı ərindən boşanmaq istəyib, 6 yaşlı uşağını da götürüb anasının evinə qayıdıb. Həyat yoldaşı, İmişli sakini Elçin Qurbanov daha bir tanışı ilə gəlib qadını qətlə yetirib, anasını da balta ilə yaralayıb. Rahilə Qarayevanı vaxtında xəstəxanaya çatdırıblar, onun həyatını xilas etmək mümkün olub.

Elçin Qurbanov bununla kifayətlənməyib, evi də yandırıb, 6 yaşlı uşağını da götürüb gedib. Sonradan özü könüllü polisə təslim olub. Ona 19 il, hadisə vaxtı yanında olmuş tanışına isə 18 il 6 ay həbs cəzası kəsilib.

“Anam reanimasiyada olanda kredit götürüb müalicəsinə xərclədik”

“Beş nəfərik – anam, mən həyat yoldaşım və iki övladım. İlyarımdır çöllərdəyik. Üç gün birinin evində, üç gün başqasının. Anam o cür ağır vəziyyətdən çıxıb. Yoldaşım da ağır xəstədir. Qızımın gözündə problem var. Ailənin tək qazanc gətirəni mənəm. Mən də fəhləliklə nə qədər pul qazana bilərəm? Uşaqların biri 7-ci, biri də 5-ci sinifdə oxumalıdır. Amma oxutdura bilmirəm. Paltar, dəftər-kitab ala bilmirəmsə, necə oxutdurum? Yoldaşım o qədər ağır xəstədir ki... Amma pul yoxdur ki, həkimə aparım, dərmanlarını alım. Nə dərman varsa, atır, ümid eləyirik ki, Allah böyükdü, yaxşı olacaq...”, - Nicat Qarayev çarəsiz vəziyyətdə olduqlarını deyir.

Danışır ki, anası Rahilə Qarayeva 130 manat pensiya alır, bunun da 80 manatı kredit ödənişinə gedir. Kreditin götürülmə səbəbini də açıqlayır: “Anam yaralananda Bərdədə xəstəxanada təkcə 23 gün reanimasiyada qaldı. O vaxt pula ehtiyac oldu deyə, məcbur qalıb kredit götürdük. İndi həmin pulu ödəyirik”.

Nicat Qarayevin dediyinə görə, bəzən elə olur ki, ailənin bir hissəsi bir qohumun evində qalır, qalanı başqasının: “Yanğında hər şeyimizi itirmişik. Əynimizin paltarına qədər yanıb. İki ildir zülm içində yaşayırıq. Kimsə nəsə versə, geyinib birtəhər keçinirik”.

Bərdə RİH-nin I müavini Vahid Qarayevin cavab məktubu

Bərdə RİH-nin I müavini Vahid Qarayevin cavab məktubu

Mənbə: Meydan TV

“Məmurlar dəfələrlə bizi aldadıblar”

Qarayevlər dövlətdən ünvanlı sosial yardım almağa cəhd eləyiblər, amma alınmayıb: “VÖEN-i bəhanə elədilər. Bunu açdırmağa getdim, məlum oldu ki, ayda 30 manat ödəməliyəm. Baxdım ki, alınmır. Hələ VOEN olsa da, verib-verməyəcəkləri bilinmir. Yenə kor-peşman qayıtdım”.

Nicat Qarayev Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, onun müavinlərilə görüşüb, vəziyyəti çatdırmaq üçün dəfələrlə cəhd göstərdiyini deyir. Həm özü, həm də anası Bərdənin deputatı Zahid Orucun da qəbuluna düşməyə çalışıb:

“İcra başçısının müavini Vahid Qarayev dəfələrlə bizi qəbul eləyəcəyinə söz verib, yerinə yetirmədi. Məmurlar dəfələrlə bizi aldadıblar. Beş nəfər vətəndaş ağır vəziyyətdə küçələrdədir, dövlət orqanları bir əncam çəkə bilməzlər? Mən demirəm ki, bizə villa tiksinlər. İki otağın təmirinə kömək eləsinlər, uşaqların başının üstündə dam olsun, heç olmasa. Ailə bir yerə yığılsın, bilək ki, öz evimizdəyik. İnsanın ailəsi qarşısında çarəsiz vəziyyətdə qalması çox ağırdır...”

Deputat və icra başçısının müavininin cavabı

Rahilə Qarayevanın sentyabrda Milli Məclisə ünvanladığı ərizəni Bərdənin deputatı Zahid Oruc da baxılması üçün Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə ünvanlayıb. İcra başçısından nəticə barədə həm Milli Məclisə, həm də şikayətçi Rahilə Qarayevanın özünə məlumat verməsi istənilib. Hələ ki, Qarayevlərə nəticə barədə məktub gəlməyib.

Bərdə Rayon İcra Hakimiyyət başçısının birinci müavini Vahid Qarayev ötən ilin avqustunda ailəyə göndərdiyi cavab məktubunda yazıb ki, hazırda rayonda boş mənzil fondu yoxdur. İcra başçısının birinci müavini bu ilin fevralındakı cavabında yenə eyni cümləni yazıb. Vahid Qarayevin bu ilin iyulunda göndərdiyi sonuncu cavabı isə belə olub: “Fərdi yaşayış evinizin təmir olunmasına köməklik göstərilməsi barədə ərizənizlə əlaqədar bildiririk ki, vətəndaşların fərdi yaşayış evlərinin təmiri, tikintisi və bərpasına köməklik göstərilməsi məqsədilə rayon icra hakimiyyətinə vəsait ayrılmır”.

Deputat Zahid Orucun cavabı

Deputat Zahid Orucun cavabı

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  2 Noyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/iat3eb

Ən çox baxılan