Bərdə sakini: “Prezidentə səslənirəm, daha belə yaşamaq olmur”

Samux kənd sakini Arəstə Məmmədovanın evi, Foto: Meydan TV

“Sahələrdə 2 qəpikdən göyərti dəstələyirəm, dolana bilmirəm, budur iqtisadi inkişaf?”

“Bələdiyyədən gəldilər, evə baxdılar, dedilər, biz də yuxarılara yazacağıq ki, sənə kömək eləsinlər, bu şəraitdə yaşamaq olmaz. Onlar da belə getdi, sonradan nə səsləri gəldi, nə köməklik oldu. Bir az külək əsəndə uşağı çöldə yatızdırıram ki, ev dağılar, uşaq qalar daş-kəsək altında…”

“Külək əsəndə yatağımızı evdən kənarda salıram”

Bərdənin Samux kənd sakini Arəstə Məmmədova dərdini Meydan TV ilə bölüşüb. 10 il əvvəl həyat yoldaşını itirmiş Arəstə xanım dörd övladla təkbaşına qalıb. Ailəsini kənddəki göyərti sahələrində çalışmaqla dolandırıb.

Qızları boya-başa çatan kimi ailə qurublar. Hazıra Arəstə xanım 11 yaşlı oğlunu böyütməyə çalışır. Ancaq deyir, bir gün qəzalı ev dağılsa, oğluyla bağlı arzuları da daşların altında qalacaq:

“Evim bərbaddır, yağış yağanda otaqlar su ilə dolmasın deyə, vedrə-ləyənlər düzürəm. Bir az külək əsəndə, uşağı çölə çıxardıram, yorğan-döşəyimizi evdən aralı bir yerdən salıram ki, ev dağılsa, daşların altında qalmayaq. Hər an içimdə bir hiss var ki, mən bu uşağı salamat böyüdüb başa çatdıra bilməyəcəm. Yayda qışqırığına otağa girəndə, gördüm ki, evin ortasında ilan var. Uşağın dili tutuldu. Yayımız elə keçir, qışımız da belə…”

“Deyəsən məktublarımızı zibil qutusuna atırlar”

Arəstə xanımın sözlərinə görə, həm oğlunun, həm də özünün həyatı dəfələrlə təhlükəylə üzləşib:

Samux kənd sakini Arəstə Məmmədova, Foto: Meydan TV

“Yay-qış onun-bunun əkin sahəsində 2 qəpikdən göyərti dəstələyirəm. Bundan başqa heç bir gəlirim yoxdur. Xəstələnəndə, ya uşaq qurd-quşdan qorxanda məcbur oluram ki, evdə qalam. Sahəyə getməyən günləri evdə uşaqla ac keçirirəm. Bir ana kimi ürəyim yanır bu uşağa… O da yaxşı qidalanmaq, yaxşı geyinmək, yaxşı məktəbə getmək istəyir. Hökumət bizi unudub, yazdığım məktublar da ya ünvanına çatmır, ya da çatdığı ünvanda cırıb zibil qutusuna atırlar. Burdan hökumətə, prezidentə səslənirəm ki, daha belə yaşamaq olmur, burdan o tərəfə addımlamaq olmur. Bu uşağı 7 ildən sonra əlimdən alıb hərbi xidmətə aparacaqlar. Ancaq qapını döyüb maraqlanan yoxdur ki, bu uşaq nə yeyir, nə geyinir, necə böyüyür…”

“Evin şəkillərini çəkib, getdilər”

Arəstə Məmmədova deyir, müraciət etmədiyi, yazmadığı qurum qalmayıb. Yalnız bir dəfə kənd bələdiyyəsindən gəlib evə baxış keçiriblər:

“Gəlib şəraitimizə baxdılar, dedim, heç olmasa evin təmirinə kömək edin, heç olmasa dam örtüyünü təmir edin, tək anayam, imkanım çatmır, əl tutası heç kimim yoxdur. Evin şəkillərini çəkdilər, dedilər, gedək, biz də bəzi yerlərə yazaq göndərək, köməklik olunacaq. O gedən getdilər, heç nə də olmadı”. 

Bərdə Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Samux kənd sakini dəfələrlə quruma kömək üçün müraciət edib:

“Ona rəsmi məktubla da cavab verilib. İcra hakimiyyətinə vətəndaşın sosial problemlərini həll etmək üçün büdcə ayrılmır. Bu məsələylə aidiyyəti qurumlar məşğul olur. Xanıma dəfələrlə izah olunub ki, bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsin. İşlə bağlı Məşğulluq Mərkəzinə müraciət edə bilər, hazırda dövlətin işsizliyin aradan qaldırılmasına görə bir neçə layihəsi var, DOST İş Mərkəzi, Özünəməşğulluq Proqramı var, vətəndaş müraciət etsə, onu işlə təmin edərlər”.

Ana səhifəBölgəBərdə sakini: “Prezidentə səslənirəm, daha belə yaşamaq olmur”