“Saxlayanda heç bir əsas olmadan onu itələyiblər, təxribata çəkməyə çalışıblar ki, qarşıdurma olsun”
Bərdənin Qaradəmirçi kənd sakini Tahirə Quliyeva deyir ki, rayon polis şöbəsinin əməkdaşlarının hərəkətlərindən şikayətçi olduğuna görə ailə üzvlərinə təzyiq edilir. Onun sözlərinə görə, Bərdə polisinin problemə biganəliyi haqda Meydan Tv-yə müsahibəsindən sonra ailə üzvləri vasitəsilə onu cəzalandırmağa çalışırlar.
Tahirə Quliyeva Meydan TV-yə bildirib ki, şikayətçi olduğunu biləndən sonra Bərdə rayon Polis Şöbəsindən zəng edib onu hədələyiblər:
“Son olaraq da kürəkənimi şərləyib həbs elədilər. Maşında “plyonka” bəhanəsilə tutub polis şöbəsinə aparıblar. Saxlayanda heç bir əsas olmadan onu itələyiblər, təxribata çəkməyə çalışıblar ki, qarşıdurma olsun. Sərxan da normal, mədəni adamdır, buna getməyib. Deyib ki, uşaq məktəbdə qalıb, siz cərimə yazın, lap maşını götürüb aparın, mən sonra cəriməni ödəyib, maşını götürərəm…”
Tahirə Quliyeva bildirib ki, kürəkəni Sərxan Əsgərova polisə müqavimət ittihamıyla 8 sutka inzibati həbs cəzası verilib.
O vurğulayıb ki, Bərdədə bir çoxu Yol-Patrul Xidmətinin rəisi Emin Musayevin hərəkətlərindən narazıdır. Onun vasitəsilə vətəndaşlara ciddi problemlər yaradılır: “İnsanları bezdirirlər…”
Tahirə Quliyeva Qaradəmirçi kəndində qonşuluqda yaşayan Mobil Hümbətov adlı şəxsin onlara qarşı ədavəti nəticəsində baş verənlərə rayon polis şöbəsi əməkdaşlarının laqeyd yanaşmasından şikayətçi idi. O bildirib ki, polisin onun ailəsinə qarşı hücumlar və təhqirlərin qarşısını almaması, problemə biganə yanaşması günün birində qan tökülməsilə nəticələnə bilər:
“Fikirləşmirlər ki, biz vaxtında tədbir görmürük, vəziyyət belə davam eləsə, qan tökülər. Əksinə, polis məni hədələyir. İki ildir qorxu altında yaşayıram ki, övladlarım salamat evə gəlsin, onlara heç nə eləməsinlər. Hətta bir çox hərəkətləri görməzdən gəlirəm, uduram ki, faciə olmasın. Qarşı tərəf isə sakitləşmir, qıcıqlandırır. Mənə maraqlıdır ki, polis niyə tədbir görmür, gözləyir ki, kimsə ölsün?”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan Meydan TV-yə bildirilib ki, Qaradəmirçi kənd sakinləri Tahirə Quliyeva və Mobil Hümbətovun arasındakı mübahisəli məsələ ilə bağlı hər ikisi şikayət ediblər. Onların qarşılıqlı şikayətləri əsasında Bərdə Rayon Polis Şöbəsində araşdırmalar başlayıb:
“Müraciətlərlə əlaqədar aparılan araşdırma zamanı göstərilən xüsusatlar mülki xarakterli olduğundan toplanmış materiallar Bərdə Rayon Polis Şöbəsində müvafiq qaydada işə alınıb. Həmçinin tərəflərlə profilaktik söhbətlər aparılıb, aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmələri tövsiyə olunub”.