”Nə olar, məni xəstəxanaya yerləşdirin”
“Ayaqlarım tutulub. Budur, düz 7 aydan çoxdur mən divanda oturub, qalmışam. Özümə bir stəkan su tökmək üçün də ayağa qalxa bilmirəm. Qonşular çay versə içir, çörək versə, yeyirəm. Yoxsa, bütün günü bu soyuq otaqda ac, susuz otururam”.
Bərdə şəhəri, Heydər Əliyev prospekti ev 2-də yaşayan 86 yaşlı Mahi Nurəli belə deyir.
Gələnim, gedənim, maraqlananım yoxdur
Mahi Nurəli bu bir otaqlı mənzilə 7 ay öncə daşınıb. Ondan öncə isə Bərdədə, küçələrdə qalırmış. Deyir, bu həyatda qapısını döyəcək kimsədi qalmayıb. 1954-cü ildə ailəsi ilə birgə İrandan Gəncəyə köçüblər. Uzun illər öncə isə Bərdədə məskunlaşıblar. Ailəsindən hamını itirəndən sonra bir müddət küçələrdə yaşayıb. 7 ay öncə Qocalar Evinə müraciət edib. Əvvəlcə onu Bakıya göndərmək istəyiblər, ayağının tamamilə tutulduğunu görəndə, bir müddət yaşaması üçün bu birotaqlı mənzili veriblər.
“Aylardır buradayam. Gələnim, gedənim, maraqlananım yoxdur. Ayaqlarım tamamilə tutulub, qolumun biri isə çətinliklə işləyir. Oturub qalmışam bu divanın üstündə. Evin içində hamam, ayaqyolu yoxdur. Qocalar Evindən həftədə bir dəfə adam gəlir. Evə bir az əl gəzdirir, bir-iki iş görüb, gedir. Başqa nə edim, kimə müraciət edim, bilmirəm”.
Nolar, məni xəstəxanaya yerləşdirin
Mahi Nurəli dövlətdən çox şey gözləmir. 190 manat təqaüd alır. Deyir, yarıac, yarıtox dolanır. Tək istəyi müalicə almaqdır:
“Mənim səsimi eşidənlər, nə olar, məni xəstəxanaya yerləşdirin. Bəlkə ayağım düzəlsə, elə özümə baxa bilərəm. Necə ki, əvvəl özüm özümü təmin edə bilirdim, kimsəyə ehtiyacım yox idi. Bəlkə yenə sağalaram, heç olmasa, ölüb gedənədək özüm-özümə baxaram”.
Yazığam, qalıram ac, susuz, suyun içində
M.Nurəlinin qonşulardan başqa ümidi yoxdur. Deyir, arada gəlirlər, çay-çörək gətirirlər. Yoxsa, bu dörd divarın arasında acından-susuzluqdan ölər:
“Fərqindəyəm, otaqdan üfunət iyi gəlir, nə edim, yeriyə bilmirəm. Bəlkə də ona görədir, kimsə gəlmir, mənə kömək etmək istəmirlər. Kimsəsizəm, düzdür, amma dövlətim ki var. Nə olar, heç olmasa mənə bir baxıcı tutsunlar. Yazığam, qalıram ac, susuz, suyun içində. Özü də bura soyuqdu, görürsünüz də, donuram”.
Kimsə kömək etmək istəmir
Otaqda kiçik bir soba var. Onun da cəmi bir gözü çalışır. M.Nurəli deyir ki, qışdır, soyuqdur. Oturduğu divan suyun içində, mənzil birinci mərtəbədədir. Bütün günü soyudan donur:
“Nə az, nə də çox, düz yeddi aydır ki, burada təmtək yatıram. Aylardır çimmirəm. Kömək edənim, dərdimi bilənim yoxdur. Dəfələrlə Bərdə Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Gəlib baxıb, gediblər. Kimsə kömək etmək istəmir”.
Dövlət xəstəxanaları pulsuzdur, niyə müraciət etmir?
Meydan TV Mahi Nurəlinin durumu ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətindən onun vəziyyətindən xəbərsiz olduqlarını söyləyiblər:
“Baxaq görək, nə edə bilərik. Çöldə qalmayıb, pensiya alır. Tək dərdi müalicədir. Dövlət xəstəxanaları pulsuzdur. Niyə xəstəxanaya müraciət etmir? Hər halda, maraqlanacağıq”.