Əliyev sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib
Noyabrın 4-də Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşüb.
Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.
Bu barədə “president.az” məlumat yayıb.
Qeyd olunur ki, almaniyalı nazir ölkəsinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel platformasını dəstəklədiyini bildirib.
“O həmçinin Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına Almaniyanın kömək göstərməyə hazır olduğunu bildirib”, – deyə məlumatda qeyd olunur.
Məlumata görə, Prezident İlham Əliyev də Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəklədiyini vurğulayıb.
Ölkə başçısı əlavə edib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu üç ölkə arasında əməkdaşlıq indiyədək mümkün olmayıb:
“Ermənistan son üç ildə Azərbaycanın Qarabağ bölgəsinə silah-sursat və hərbi heyət daşıyıb. Sentyabrın 2-də Nikol Paşinyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış və dəstəklənən qondarma rejimi təbrik etməsi və artıq özünü ləğv etmiş qondarma rejimin sentyabrın 9-da dırnaqarası “seçkilər” keçirməsi regionda vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı addımlar idi. Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini bərpa edib. Biz Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəkləyirik”.
Noyabrın 3-də Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) Ermənistanda olub.