Onlara vaxtilə hökm çıxarmış hakimə vəzifə verilib
“Tərtər işi” üzrə dövlətə xəyanət və başqa ağır maddələrlə 7 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası almış, 5 ilə yaxın həbsdə saxlandıqdan sonra 2022-ci ilin sonunda bəraət verilərək, azadlığa buraxılmış 19 nəfərdən bir neçəsi kompensasiya tələbilə məhkəmədə iddia qaldırıb. Onlar qanunsuz həbsdə saxlandıqları müddətdə dəymiş həm maddi, həm də mənəvi ziyana görə təzminat tələb edilər.
“Tərtər işi” üzrə uzun müddət həbsdə saxlanılıb, 2022-ci il dekabrın əvvəlində bəraət alan 19 nəfər keçmiş hərbçilərdir. Onlar həm də qanunsuz həbs nəticəsində işsiz qalmaları və itirdikləri əməkhaqqının hesablanıb ödənilməsini tələb edirlər.
Keçmiş “Tərtər məhbusları” kompensasiya tələbilə iddiaları ayrı-ayrılıqda qaldırıblar. Lakin hamısında cavabdeh qismində Maliyyə Nazirliyi qoyulub. Təzminat iddialarına Nəsimi Rayon Məhkəməsində baxılır. Məsələn, martın 30-da bu məhkəmədə hakim Səməd Cəfərovun sədrliyilə leytenant Nasif Əliyevin iddiasına baxılacaq.
“Tərtər işi” üzrə bəraət alanların tələblərindən biri də vaxtilə bu iş üzrə istintaqı aparmış Hərbi Prokurorluğun rəhbər şəxslərinin, müstəntiqlərin, işgəncələrdə rolu olan generalların, eləcə də sonradan dövlətə xəyanət və digər ağır ittihamlarla hökm çıxarmış, yuxarı instansiya məhkəmələrində onları qüvvədə saxlamış hakimlərin cəzalandırılmasıdır.
2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində həyatını itirən, 2022-ci ilin fevralında haqqında bəraət hökmü çıxarılan hərbçi Elçin Quliyevin anası Validə Əhmədova da narazıdır. O, Meydan TV-yə açıqlamasında bildirib ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra işgəncəyə görə həbs olunan şəxslər sadəcə, icraçılardır. Onun sözlərinə görə, bu cinayətlərin sifarişçiləri, birbaşa iştirakçısı olmuş yüksək vəzifəli şəxslər, o cümlədən generallar məsuliyyətdən kənarda saxlanılıb:
“Bu nəticə məni necə qane edə bilər? Nə iş görüblər ki?! İşgəncə ilə 14 nəfər adam öldürülüb, bunlar isə hələ də kimlərisə qorumaq hayındadılar…”.
Hazırda Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə işgəncə verməkdə təqsirləndirilən 4 nəfərlik qrupun – keçmiş hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı vəzifəsində xidmət etmiş Ramil Qarayev və Rüstəm Ələsgərovun işinə baxılır. Bu qrupun işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb ki, onların arasında Validə Əhmədovanın mərhum oğlu Elçin Quliyev də var. Validə Əhmədova da zərərçəkmişin hüquqi varisi qismində məhkəməyə çağırılıb.
“Tərtər işi” üzrə 5 ilə yaxın həbsdə saxlandıqdan sonra bəraət almış şəxslər haqqında ittiham hökmləri vaxtilə Tərtər Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmləri çıxarmış Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevi bir müddət öncə Prezident İlham Əliyev yenidən bu vəzifəyə təsdiqlədi.
56 yaşlı İlqar Quliyev hakimlikdən əvvəl Hərbi prokurorun köməkçisi olub. Hakimlik karyerasına isə 2000-2007-ci illərdə Füzuli-Qubadlı Hərbi Məhkəməsindən başlayıb. 2007-ci ildən 10 il Siyəzən Rayon Məhkəməsində hakim vəzifəsində çalışıb. “Tərtər hadisələri” yaşanan il – 2017-ci ildə isə Tərtər Hərbi Məhkəməsinə sədr təyin olunub. Bu hadisələrə görə həbs olunanlar haqqında çıxarılan hökmlərdə də onun imzası var.
Həmin ittiham hökmlərini qüvvədə saxlayan Gəncə Apelyasiya Məhkəməsinin, ardınca da Ali Məhkəmənin hakimləri də vəzifəsindədir.
Bundan başqa, bu işin istintaqına prosessual nəzarəti həyata keçirmiş Hərbi Prokuror Xanlar Vəliyev, ittiham aktını imzalamış hərbi prokurorun müavini Şəfahət İmranov da vəzifəsini davam etdirir. İstintaqı müstəntiqlər aparıb, prokurorluq rəhbərliyi də bu prosesə nəzarət edib, Şəfahət İmranov sonda ittiham aktına imza atıb. Ardınca bu işlərə Tərtər Rayon Məhkəməsində baxılıb və 20 ilə qədər cəza hökmləri çıxarılıb.
Azərbaycanın cinayət qanunvericiliyində şəxsi təqsiri olmadan cinayət məsuliyyətinə cəlb etməyə, ədalətsiz hökm, qərar çıxarmağa görə də cinayət məsuliyyəti var. Cinayət Məcəlləsinin 290.2 maddəsində yazılıb ki, şəxsin təqsiri olmadığını bilə-bilə onu ağır cinayətdə ittiham etmək 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Yaxud da 295.2 maddəsinə əsasən, bilərəkdən ədalətsiz hökm çıxarıb, şəxsi azadlıqdan məhrum etməyə görə 5 ildən 8 ilə qədər cəza nəzərdə tutulub.