Linn Stalsberq: “Biz bu azadlıq, bərabər hüquqları ələsalmalardan, təhlükələrdən keçərək qazanmışıq”
Linn Stalsberq məşhur müasir Norveç yazarlarından biridir. Onun feminizmə dair “Mən indi azadammı?” kitabı bütün skandinav dilləri ilə yanaşı, ərəb dilinə də tərcümə edilib. Linn Norveç müasir yazıçıların trend mövzuları, feminizm, qadın yazarlar və ölkəsindəki digər maraqlı hallar barədə Meydan TV-yə danışıb.
– Linn, müsahibəyə razı olduğunuza görə çox təşəkkür edirəm. Gəlin müasir Norveç ədəbiyyatındın ümumi vəziyyətindən başlayaq. Müasir Norveç yazarlarını hansı mövzular narahat edir, onlar nədən yazır?
– Mənim təəssüratım belədir ki, bir çox norveçli yazıçıların işi həyatın özəl və intim hissələrinə diqqət yetirməkdir; ailə məsələləri, müxtəlif növ fərdi mübarizələr və oxucuların asanlıqla tanıya biləcəyi gündəlik məsələlər. Əlbəttə, müvəffəqiyyətli olduqda, belə şəxsi hesablar bir cəmiyyət haqqında ümumi bir şey söyləyə bilər. Belə şeylər daha çox oxunur və oxunması da xoşdur. Bu məzmunda yeni tendensiya yarı-uydurma bir yanaşma kimidir, burada yazıçılar romanlarını öz həyatlarına əsaslandırır, ancaq əslində nəyin gerçək, nəyin isə uydurma olduğunu tam açıqlamırlar. Karl Ove Knausqardın kitabları bu baxımdan beynəlxalq müvəffəqiyyət qazanıb.
Mənim təəssüratım belədir ki, fantaziya məhsulu olub- olmamasından asılı olmayaraq, naşirlər bugünlərdə yazıçıların şəxsi həyatını, ailə tarixini və ya ailə üzvlərini hekayə xətti kimi istifadə etdiyi kitabları çox xoşlayır.
– Bir feminist yazar olaraq sizə ən çox maraqlı gələn mövzular hansılardır?
– Mənim üçün bir tərəfdən qadınların real azadlığı üçün bütün cəmiyyətdə radikal dəyişiklik istəyənlər, bugünkü cəmiyyətdə qadınlar və kişilər üçün bərabər hüquqlar tələb edənlər arasındakı feminist yanaşma çərçivəsində fərqlər çox maraqlı olub.
Burada, əlbəttə, feminist tarixində iki köhnə və tarixi xətlər izlənilir və özlüyündə feminizm sinif perspektivini əks etdirir.
Çox qısa belə izah etmək olar: mənə görə, işçi sinfi üçün real azadlıq tələb edən, onları dəstəkləyənlər feminizmlə, cinslər arasında bərabərliyi, iş bazarında (və bütün digər bazarlarda) bərabər rəqabət hüququ tələb edən feminizm xətti maraqlıdır.
Tarixən burjuaziya və orta-sinifdən olan qadınların feminizm forması bu olub. Norveçdə də bu gün əsas və dominant olan feminizmin belə bir növüdür.
Ancaq bir şərhçi və yazıçı olaraq mənim məqsədim buna geniş miqyasda etiraz etmiş və bunun necə normativ olduğunu sual etmək oldu. Feminizm, qeyri-ixtiyari, fərdi və istehlakçılara yönələn peşəkar qadınları ideal olaraq qəbul edərək, bu sistemi dəstəklədi və hətta təşviq etdimi? Və bununla da feminizm onun struktur dəyişikliyinə, yaxud qayğıya, ailə həyatına, ətraf mühitə, beynəlmiləlçiliyə, sülhə, anti-irqçiliyə, sinif sistemlərinə, anti-kapitalizmə olan tələbatını unutdumu? Bu cür məsələlərdə indikilərin əvvəlki nəsildən daha ümidsiz olduğunu gördüyüm üçün feminizmi yenidən dirçəltməyə çalışıram.
Hər yerdə qadınlar zəngin bir insan kimi qazansa, borc alsa, pul xərcləsə, səyahət etsə, alış-veriş etsə, onda bizim bərabər olacağımız Yer kürəmiz olmaz. Feminizm, mənim fikrimcə, ətraf mühitin məhvinə istiqamətlənmiş layihələri, böyük iqtisadi fərqlər yaradaraq biz insanları bir-birindən ayırmaq istəyən, misal üçün səlahiyyətli nümayəndələrin savaşına aparan dünya liderlərini hədəf almalıdır. Buna görə, feminizm sistem tənqidinə bir əsas olaraq sahib olmalıdır və sistem bu gün həm maddi, həm də siyasi cəhətdən neoliberaldır; o, həmçinin dəyərlərimizin, ideyalarımızın, arzularımızın və hədəflərimizin müəyyən edilməsində neoliberaldır.
Mənim son “İndi azadammı?”adlı kitabım – bu məsələləri araşdırır. Burada, mən bu özəl məsələlərin dünya miqyasında böyük iqtisadi sistemlə necə əlaqəli olduğunu izah etmək və araşdırmaq məqsədilə, gərgin gündəlik həyatımızı, iş / həyat -balansı -debatını nümunə kimi istifadə edirəm.
– Bizim kimi qadın hüquqlarının kobud şəkildə pozulduğu ölkələrdə belə bir qənaət var ki, Norveç kimi ölkələrdə qadının heç bir problemi yoxdur, əksinə burda emansipasiya həddən artıqdır. Bu belədirmi?
– Bəli, demək olar ki, belədir. Dünyanın bir çox yerində qadınlar, əlbəttə ki, Norveçdəki qadınlardan daha çox pislik və zorakılıqla üzləşirlər. İndi iki şeyi xatırlayaq: Norveçdə qadınların hüquqları üçün qadınlar mübarizə aparıb, bu azadlıq və bərbaərlik Norveç qadınına bəxşiş verilməyib. Bu, böyük və uzun bir mübarizə olub və biz bu gün sahib olduğumuz firavanlığı, bərabər hüququ ələsalmalardan, təhlükələrdən keçərək qazanmışıq. Amma Norveç qadınının da bərbərliyi hələ tam deyil.
Dünyanın bir çox ölkəsində olduğu kimi, hələ də Norveç qadını kişilərlər müqayisədə bir çox ödənişsiz işləri görür, məsələn, ev və uşaqla bağlı işləri. Feminizmin əsas problemlərindən biri də budur ki, qadınların beynəlxalq həmrəylik problemi var. Mənim “İndi azadammı?” kitabım ərəb dilinə tərcümə edilib. Bu yaxınlarda Misirdə çapdan çıxdı. Mən Misirdə kitab təqdimatından sonra qadınlarla söhbət etdim, məlum oldu ki, onlar müasir Avropa qadınlarının təkəbbürlü olduğu qənaətindədirlər. Bu, o demədir ki, dünya qadınları olaraq bizim ümumi tərəflərimiz azdır, fikir ayrılığı, münasibət ayrılığı femizimin əsas problemlərindən biridir.
– Bizim kimi ölkələrdə jurnalist, bloger, şair qadın ilk növbədə qadın, ana, həyat yoldaşı olduğunu düşünür və bəzi mövzularda yazmağa qorxur. Seks, azadlıq, bərabərlik kimi mövzular qadın yazarlar tərəfindən yan keçilir. Çünki patriarxal cəmiyyətin onu “əxlaqsız” adlandıracağından qorxur. Norveçdə qadın yazarların hansı problemi var?
– Ölkənizdən təsvir etdiyimiz bu problemi Norveçdə bir və ya iki nəsil əvvəlki qadınlar yaşayıb. Ancaq bu gün qadınların çoxu üçün, bu, problem deyil. Çoxumuz istədiyimiz mövzular haqqında sərbəst danışa bilərik. Yeganə və müasir narahatlıq ölkəmizdəki trend problemlərdir, məsələn, biz emiqrantlar, islam, hicab barədə yazmaqda çətinlik çəkirik. Bu da bir növ tabudur, çünki cəmiyyət bu tip problemlərdən yazan qadınlara qarşı mediada onlayn-təcavüz təşkil edir. Buna görə də, qadın yazarlar bu mövzuları müzakirə etməməyi seçirlər. Təəssüf ki, bizdə də insanlar hansısa peşədə karyera qazanmaq üçün ümumi trend fikrin yanında olmalıdır.
– Norveç dövləti yazarlara, ədəbiyyata ən çox dəstək verən dövlətlərdən biri kimi tanınır. Siz bu dəstəyi öz üzərinizdə hiss edirsinizmi? Bir yazar kimi dövlətin hansı dəstəklərindən faydalanırsınız?
– Hökumətdən birbaşa dəstəyim yoxdur. Amma mən üzv olduğum (NFFO) təşkilatdan və özəl Fritt Ord birliyindən layihələrim üçün vəsait almışam. Buna baxmayaraq, zənn etdiyiniz hər şey bu qədər yaxşı olsa belə, Norveçdə yaşayış xərcləri ilə müqayisədə vəsaitlər azdır. Buna görə əksər yazıçılar yazmaqla yanaşı başqa işlərdə də çalışmalı olurlar.
– Mühacirlər, onların taleləri sizin yazılarınızda nə qədər yer tutur və sizcə, Norveçə gələn mühacirlərin burdakı əsas problemləri hansılardır?
– Qadın problemləri, neoliberalizm, irqçilik və feminizmlə yanaşı mühacirlərin də mənim əsərərimdə yeri çoxdur, mən onlar barədə daima Norveç və başqa Avropa ölkələrinin bir parçası kimi yazıram. Qadın mühacirlərlə söhbət etmək, onlardan yazmaq mənim üçün çox maraqlıdır. Xoşbəxtəm ki, ölkəmdə bir çox mühacir, həmçinin mühacir həmcinslərim yüksəkdən danışa, debatlarda iştirak edə, bir qüvvəyə çevrilə bilirlər.
– Linn, Azərbaycan haqda bilgiləriniz hansılardır, bu ölkəni kənardan necə görürsünüz?
– Ölkəniz haqqında biliyim çox məhduddur. Mənim görüntüm səthidir: turistik məqsədli reklamlar, müasir şəhərlərin gözəl mənzərələri və əlbəttə ki, Avropa Mahnı Yarışmasından uğurlu yazılar. Amma mənim həm də, ölkədə kifayət qədər ciddi müsəlman dəyərlərinə əsaslanaraq, qadınların azadlığını böyük dərəcədə məhdudlaşdırdığına dair bir az məlumatım var. Bilirəm ki, söz azadlığına dair məsələlər var, bu, sizin və vətənini tərk edən başqa adamların burada olmasının səbəblərindən biridir.
Yəni, mən başa düşdüyüm qədər üzdə olan səthi gözəlliklərdən başqa qaranlıq olan şeylər də vardır və müxalif qruplar və insanların beynəlxalq ictimaiyyət tərəfindən mümkün olan hər bir şəkildə dəstəklənməsi lazımdır.