“Cəmil Məmmədov II qrup müharibə əlilidir, bunu hamı bilir”.
Bunu özünü yandıran Cəmil Məmmədovun dostu, həm də onunla bir məhəllədə yaşayan Anar Ağakişiyev söyləyib.
Dostunun deməsinə görə, Cəmil Məmmədov hərbi xidmətdən evə buraxılmağına az qalmış kəşfiyyata gedib və minaya düşərək ayağını itirib: “Yəni, demək istəyirəm ki, bu, danılmaz faktdır. Həm də sürdüyü «Naz-Lifan» avtomobili də ona məhz əlilliyinə görə verilib”.
Dostu qeyd edib ki, Cəmil Məmmədovun maşını radara düşüb: “Cəmil də bu adamlara xəbərdarlıq edib ki, maşınımı verin aparım, yoxsa özümə xəsarət yetirəcəyəm. Görünür, polislər onun sözünü ciddiyə almayıblar. O, da benzin tökərək özünü yandırıb. İndi ailəsi, qohum-əqrəbası Cəmilin özünü yandırdığı yerdədirlər”.
DİN Cəmil Məmmədovun Qarabağ əlili olmadığını deyir
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov özünü yandıran Cəmil Məmmədovun Qarabağ əlili olmadığını deyib. O, bununla bağlı “Qafqazinfo” saytına bunları bildirib:
“Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Perekəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs idarə etdiyi «NazLifan» markalı maşınla rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb”.
DİN rəsmisi qeyd edib ki, C.Məmmədovu yol polisi oktyabrın 4-də saxlayıb və avtomobili duracağa aparılıb: “Hadisəni isə iki gün sonra törədib”.
***
Qarabağ əlili Cəmil Məmmədov oktyabrın 6-da benzin tökərək özünü yandırıb. O, 5 saylı xəstəxananın yanıq şöbəsindədir. Yaxınlarının sözlərinə görə, bədəninin 80 faizi yanıb. Həkimlər vəziyyətinin ağır olduğunu bildirib.
Anası Səlimə Məmmədova deyir ki, oğlunun maşınını cərimə meydançasına aparılıb. Cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istəyiblər:
“Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib”.
Kanalımıza abunə ol, daha çox video izlə –
https://goo.gl/TcM9Fm