”Ben türk müyüm?”

2016-ya damğa vuran filmlərdən biri də “Leon” oldu. 6 nominasiyada Oskar və 5 nominasiyada Britaniya Akademik Film Mükafatını aldı.

Source:

2016-ya damğa vuran filmlərdən biri də “Lion” oldu. 6 nominasiyada Oskar və 5 nominasiyada Britaniya Akademik Film Mükafatını aldı.

Real hadisələr əsasında çəkilmiş film Hindistanda itmiş uşağın avstraliyalı ailə tərəfindən övladlığa götürülməsi, 25 il sonra isə hindistanlı ailəsini yenidən tapmasından bəhs edir.

Mənim üçün bu film son dövrlərin qaçqın axını fonunda çox əhəmiyyətli göründü. Hər il milyonlarla insan Qərb ölkələrinə axın edir. Dünyada cəmi 30-a yaxın ölkə var ki, həm demokratik, həm də iqtisadi cəhətdən inkişaf edə bilib. Ümumiyyətlə isə dünyada 193-dən çox dövlət var. Digər 163 ölkənin əksəriyyətində vəziyyət biabırçıdır, insanlar normal, heç olmasa minimum insani standartlara cavab verən həyat tapmaq ümidi ilə ölkələridən qaçırlar.

Nəticə budur ki, artıq onmilyonlarla miqrant azsaylı Qərb ölkələrinə yerləşə bilib. Xüsusən, Suriya hadisələri fonunda Almaniyanın və digər sosial dövlətlətin qaçqınlara qucaq açması bu sayı xeyli artırdı. Bəs bu qaçqınlar kimdirlər? Onlar özlərini haralı sayırlar? Kimlik məsələsini necə həll edirlər?

Universitetdə bir tanışım var, Almaniya vətəndaşıdır, Türkiyədən köçmüş ailənin övladıdır. Ona “türk” deyə bilmirəm, çünki özü də bilmir, özünə nə desin. Türkcə danışırıq, Hataydandırlar, amma özü Almaniyada doğulub, Hatayda isə ərəb əsilli azlıqlara mənsubdurlar. Bir dəfə dərsdə müəllim “Almaniyadan kimsə varmı?” deyə soruşdu, heç kim cavab vermədi. Soruşdum, “niyə səsin çıxmadı?” Dedi ki, “Abi, ben türk müyüm? Alman mıyım? Arap dersem, kafası karışır onun. Kendim de bilmiyorum ki…”

“Lion” bu barədə çəkilmiş film və ya bu mövzuda baş vermiş bir hadisədir əslində. 25 il sonra bioloji ailəsini axtaran oğlan əslində bioloji vətənini axtarır. 2 ilini Hindistan xəritəsi qarşısında keçirir. Hazırda Qərb ölkələrində on milyonlarla belə uşaq böyüyür. Onlar 25 il sonra Suriyanın, Somalinin, Liviyanın, Özbəkistanın, Azərbaycanın, Hindistanın… xəritələri qarşısında çaş-baş qalacaqlar. Axtarsınlarmı? Tapsalar, getsinlərmi? Getsələr, qalsınlarmı?

Bu suallar şəxsi suallar olduqları qədər də ictimai, bəlkə də bəşəri suallardır. Biz bizi Azərbaycan anlayışına bağlayan nəsnələri hələ müəyyən edə bilməmişik. Dinin, mentalitetin, xalqın, adət-ənənələrin əleyhinə çıxan xeyli adam var ki, Azərbaycanı sevir, onun uğrunda ömrünü xərcləyir. Niyə? Nədir axı bu Azərbaycan? Həmin adamlar özləri də bu suala cavab verə bilmirlər.

Hazırda bizim ölkə də sürətlə daha çox Yaxın Şərq ölkəsi olmağa doğru gedir. Hər il ölkəni birdəfəlik tərk edənlərin sayı artır. Çoxu Qərb cəmiyyətlərinə inteqrasiya edə bilmir. Bilməyəcəklər də. Bəlkə onların övladları edə bildi. Amma onlar da daim axtaracaqlar. Bizi bu ölkəyə bağlayan bağlar min illərdir, formalaşır. Bunu 5-10 ilə dəyişmək olmur. Mən hazırda “dünyanın ən mehriban şəhəri” adlandırılan Qlazqoda təhsil alıram. İnsanların gəlmələrə münasibəti sözlə deyiləsi deyil. Qonaqpərvərlik anlayışı bunun yanında gülməli görünür. Şəhər sanki müsəlmanların, hindistanlıların və çinlilərindir və bu, şotlandları narahat etmir. Amma bu şəhər mənə o qədər yaddır ki, Azərbaycanı arzulamadığım gün olmur – mentalitetindən, idarəetməsindən, siyasətindən, insanlarının mənə qarşı qeyri-tolerant münasibətindən zəhləm gedən bir ölkə üçün həmişə burnumun ucu göynəyir.

“Lion” filmində avstraliyalı ailə 2 uşağı övladlığa götürür, biri əsəbi olur, özünü döyür, tez-tez, ailəsinə əziyyət verir, normal həyat tərzi keçirmir. Hazırda Qərbə axışan qaçqınlar da, məncə, bu cürdür. Çox az hissəsi terrorçu olmağa hazır materialdır, bəziləri olurlar da. Onların niyə canlı bomba olduqlarının səbəbləri araşdırılmır adətən. Məsələn, “Lion” filmində bir səhnə var – baş qəhrəman Kəlküttədə itəndə onu bir qadın götürür, yedirir, içdirir və pedofil bir kişiyə satmaq istəyir. Uşaq qaçıb xilas olur. Avstraliyadakı ailənin həmin əsəbi uşağına baxanda yadıma dərhal o mənzərə düşdü. Nə qədər uşaq dərhal qaça bilməyib, zorlanıb, sağalmaz psixoloji zədələr alıb, sonra xilas olub (ya da, ümumiyyətlə, xilas ola bilməyənlər var).

2011 Bəhreyn inqilabından dəhşətli videolar var – insanların sifətlərini bombalar, silahlar necə dağıdıb. Bu mənzərəni görən, mühasirədə olan Hələbdə “biz acından ölürük” deyib qışqıran videodakı uşaqlar hansı psixoloji zədələr alırlar, hansı tip insan olurlar – əvvəldən bilmək olmur.

Amma bu qədər qeyri-müəyyənliyin içində bilinən bir şey var. Filmdə yetimləri övladlığa götürən ailənin xanımı deyir ki, “Mən doğa bilirdim. Amma biz fikirləşdik ki, onsuz da dünyada kifayət qədər uşaq var, onları xilas etmək lazımdır”.

Dediyim kimi, film real hadisələr əsasında çəkilib. Sonda həmin bu avstraliyalı xanımın (aktrisa yox, real həyatda bunları yaşamış qadın) Hindistana gedib övladlığa götürdüyü uşağın anası ilə görüşdüyü səhnə var. Aydın olan bu qadının məntiqi, mövqeyidir. Qərb insanının baxışıdır. Dünyada ən çox silah satan ölkələr Qərb ölkələridir. Amma ən çox yardım edən, insan xilas edənlər də onlardır (həm dövlətlər, həm də onların vətəndaşları). Demək ki, proqressiv və reqressiv insanların mübarizəsi var orda da. “Amerika şeytandır” demək “Ərəblər vəhşidir” demək qədər yanlışdır. Milli, irqi və sair ziyanlı fərqlər olmadan düşünəndə xilas etmək olur. Hazırda vətənini axtaran, kimliyini müəyyən edə bilməyən nəhəng qaçqın və potensial qaçqın ordusunun da gələcəyi bu yanaşmadan asılıdır.

Ana səhifəMənim Fikrimcə”Ben türk müyüm?”