Rəsmi Bakı Yerevanın cəhdini yanlış adlandırıb
İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Yerevanın vəsatətini rədd edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik hesab edir ki, Ermənistanın son qərarı yanlış şərh etməsi çıxılmaz vəziyyətdən fikri yayındırmaq cəhdidir:
“Azərbaycanın Laçın yolunun girişində sərhəd nəzarət buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Qərar Azərbaycanın təhlükəsizliyini və sülh perspektivlərini təhdid edən ölkənin suveren ərazisinə qeyri-qanuni olaraq silah, hərbi texnika və hərbçilərin axınının dayandırılması zərurətindən irəli gəlirdi”.
XİN bildirib ki, sərhəd nəzarət buraxılış məntəqəsi yaradılandan etibarən erməni əsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrı-seçkilik olmadan həyata keçirildiyi sərhəd buraxılış məntəqəsindən keçməkdədirlər.
“Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdədir. Azərbaycan Ermənistanın beynəlxalq hüququn davamlı şəkildə və tarixi ağır pozuntularına görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək”, – deyə nazirlik əlavə edib.
Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan yerli mediaya bildirib ki, məhkəmə 22 fevral 2023-cü il tarixli qərarını təsdiq edib:
“Bununla da məhkəmə Azərbaycana Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, avtonəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün bütün tədbirlərin görülməsini tapşırıb. Və hesab edir ki, bu qərara əlavələrin edilməsinə ehtiyac yoxdur”.
Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.
Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.
Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.