Belorusiyada ginekoloji müayinələrin nəticələri polisə verilə bilər

Yeni təşəbbüs cəmiyyətdə kəskin müzakirələrə səbəb olub

Source:


“Euroradio“nun

materialından

Belorusiyada şagirdlərin mütəmmadi qaydada ginekoloq müayinəsindən keçməsi haqqında yeni təşəbbüs müzakirə olunur. Layihəyə asasən, qız şagirdlərin cinsi həyat yaşadığı məlum olarsa, həkim bu halı yerli polis bölməsinə bildirməlidir. Polis isə bu haqda məlumatı qızın valideyininə çatdırır. Təşəbbüs DİN-ə məxsusdur və məqsəd cinsi zorakılığa uğramış qızları qorumaqdır.

Xəbər cəmiyyətdə ciddi fikir ayrılığına səbəb olub: sosial şəbəkələrdə sözügedən layihənin qızların şəxsi həyatına müdaxiləsi, onların alçaldılması və yeniyetmələrdə intihar hallarının çoxalması ehtimalı ilə bağlı müzakirələr gedir.

Belorusiyanın Səhiyyə Nazirliyi Hippokrat andına istinad edərək bu təşəbbüsü tənqid edib. Ölkənin Baş naziri isə mövzuya münasibət bildirərək, bunların “boş xəbər” və “şişirdilmiş sensasiya” olduğunu qeyd edib. Buna baxmayaraq, Belorusiyanın müstəqil onlayn mətbuatı olan “Euroradio” (“Еврорадио”) müayinələrin artıq keçirildiyi haqqında məlumatın daxil olduğunu bildirib. Həmçinin “Euroradio”nun güc strukturlarındakı mənbələri bunun artıq ümumi qəbul olunmuş bir təcrübə olduğunu deyir: azyaşlı qızlarla intim əlaqəyə girmiş yetkinlik yaşına çatmış şəxslərə qarşı cinayət işləri artıq həkimlərdən alınan bu məlumatlara əsasən açılır.


Əvvəlcə psixoloq, sonra polis?

Əvvəllər də Belorusiya məktəblərində profilaktik ginekoloji müayinələr aparılıb. Lakin, “Euroradio”nun əlaqə saxladığı şagirdlərin məlumatına əsasən, müayinənin nəticələri indiyə kimi heç kəsə açıqlanmayıb.

Daxili İşlər Nazirliyinin Narkotikə Nəzarət və İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin rəhbəri Gennadiy Kazakeviç bildirib ki, 16 yaşa qədər cinsi əlaqədə olmuş qızlarla ilk növbədə psixoloqun, daha sonra polisin söhbəti nəzərdə tutulub. Polis ancaq psixoloqla söhbət zamanı zorakılıq halının baş verdiyi şübhəsi yaranarsa, prosesə qoşulacaq.

Uşaq və ailə psixoloqu Olga Filimonova hesab edir ki, qərarın mesaji pis deyil – uşaqların təhlükəsizliyinin qeydinə həqiqətən qalmaq lazımdır. Ancaq yeni normaların necə həyata keçirilməsi aydın deyil:

“Mən düşünürəm ki, qızların mədəniyyət səviyyəsini artırmaq və ginekoloqun da adi bir həkim oduğunu qəbul etmək, mütəmmadi olaraq müayinədən keçmək lazımdır. Psixoloq əlavə edib: “Söhbət polisə məlumat verməkdan gedirsə, bunun poliklinikanın psixoloqu ilə əməkdaşlıq formasında edilməsini məsləhət görərdim”.


DİN”in metodunun effektivliyi psixloqda şübhə yaradır:

“Fərz edək ki, qızlardan biri pedofiliya qurbanı olub. O, həkimin bunu polisə bildirməsindən və bu haqda hansısa bir araşdırma aparilmasından qorxacaq. Və o zorakılığa məruz qalmağa davam edərsə, onun vəziyyəti bir o qədər də düzəlməyəcək”.

Minsk şəhər Ailələrə və uşaqlara sosial xidmət mərkəzinin uşaqlara və ailələrə psixoloji yardım idarəsinin rəhbəri Natalia Papchenko əmindir ki, ginekoloqun polis ilə əlaqəyə girməsi uşağın psixologiyasına mənfi təsir göstərə bilər.

“Hazırda intiharların sayı artıb, səbəb isə uşağa lazımı diqqətin göstərilməməsidir. İndi isə xəbər yayılıb ki, uşaqların yatağına müdaxilə edəcəklər…

Hər bir insan günahsız olduğu halda belə, polislə qarşı-qarşıya gəldikdə nə etdiyini, nədə günahkar olduğunu düşünür. Mənim heç bir şübhəm yoxdur ki, bu uşağın psixologiyasını zorakılığın özündən daha çox məhv edəcək. Mən təsəvvür edə bilmirəm ki, dövlət belə incə, intim sferalara müdaxilə etsin. Əgər uşaq onunla baş verən pis hadisələri valideynlərinə danışmaq vəziyyətində deyilsə, bunları müstəntiqə necə danışa bilər?”


Bu nə dərəcədə qanunidir?

Cərrah-həkim və Belorusiyada Y-Peer təşkilatının koordinatoru Dmitriy Karol bildirib ki, DİN-in bu təşəbbüsü Belorusiya qanunvericiliyinə ziddir:

“Həkimlər məlumatları başqa instansiyalara ötürmə hüququna malik deyil. 14 yaşından etibarən şəxs [Belorusiya vətəndaşı] valideynlərin razılığı və məlumatı olmadan bəzi tibbi prosedurlardan keçə bilər”..

“Euroradio” Belorusiya qanunvericiliyini tədqiq edib və bu nəticəyə gəlib ki, müayinə zamanı aşkarlanan zorakılıq əlamətlərinin de-yure təsdiqləndiyi hallarda bu məlumatlar polisə ötürülə bilər. Bu, həkim sirrinin pozulması sayılmır.

Ana səhifəXəbərlərBelorusiyada ginekoloji müayinələrin nəticələri polisə verilə bilər