Bizim hamımız içimizdən yıxılmışıq, ümidsizliyin, carəsizliyin dibinə yuvarlanmışıq
Bir necə gün əvvəl səhəri Aytən adlı bir qadının başının kəsilməsi xəbəri ilə açdıq. Xəbərə ilk reaksiyam nə oldu, nə hiss etdim? Çoxmu acı, hiddət, qəzəb, kədər duydum? İndi bunu anlamağa, xatırlamağa çalışıram. Deyəsən, əvvəlki kimi, bu tip xəbərlər daha məni dəhşətə salmır?!
Bəlkə də hamı mənim kimi hiss edir?! Hamı üçün bütün bu olanlar statistika, sosial şəbəkələrdə daha yaxşı status yazmaq üçün mövzu, jurnalistlər görə məqalə hazırlamaq üçün gündəmdi? Quru rəqəmlərdən ibarək soyuq, heç bir ağır kədər hiss etdirməyən, hətta gündəmi belə məşğul etməyəcək qədər xəbərə çevrilməyən, tarixləşməyən, adi statistika…
***
Aytən öldürülən gün hava çox soyuqdu. Amma Aytən yəqin ki, çox qalın geyinməyibmiş, kasıbdı çünki, yəqin ki, geyinməyə qalın paltosu belə yoxmuş. Qardaşının da hava kimi soyuq bıçağı boğazına dayayacağını təxmin etmirmiş… Qardaş sonucda, niyə qorxub şübhələnsin ki? Hətta bəlkə qardaşını da sevirmiş, eynən məzarını ziyarətə getdiyi bacısı, anasını sevdiyi kimi?!
Aytənin fotosuna baxıb bunları düşünürdüm və o anda qərarlaşdırmaq istədim ki, bəlkə elə qadınlar öz qardaşlarından, sevdiklərindən, atalarından, ərlərindən, bir sözlə, doğma hesab etdiklərindən “qorxmalıdır”?! Qadınları döyülməyə alışdıranlar, xəyanət etməklə yaralayan, diri-diri öldürüb basdırmadan ömrünu çürüdənlər, qürurunu iki paralıq edib məhv edənlər, zülm etdiyində az baş qaldırana “həyasız” deyib şantaj edənlər, ömrünü talan edənlər məgər elə doğma bildikləri deyilmi?
Uşaqlıq xatirələrinə acı qatan atalar, xəyanət edib “mənə olar, mən kişiyəm” deyib atdığı yumruqla onları yerdən-yerə vuran ərlər… Duyğularını etibar etdiyi halda aldadılıb “əxlaqsızdı, ağlı olaydı. Mən kişiyəm, o qız kimi namusunu qoruyaydı” deyib ucuz pivəxanalarda sinəsini qabardıb öyünənlər…
Bir də əl boyda kağız parçasında dörd hərflik “kişi” sözü yazıldığına görə dünyanı ayağının altında hiss edənlərin əhatəsində qadın olmaq var… O qadınlar ki, çoxu doğma olan yadların əhatəsində sevməyə, sevilməyə, doğmalığa, hüzura həsrət buraxılıblar və Aytən kimi qardaş, ər, sevgili tərəfindən bir şəkildə, ya fiziki, ya da mənən, psixolojik olaraq qətl edilir.
Sanki hökm vermək istəyirdim. Gerçəkləri doğma hesab etdiklərimizin vicdanına mismarlamaq istəyirdim. Qəzəbli idim çünki…
Amma birdən düşündüm ki, illərdir dediyimiz gerçəklərlə, hiss etdiyimiz qəzəblə Aytənin qardaşının əlindəki bıcağı ala bilirikmi?
***
Bu ölkədə insanların kədəri, əslində, eynidir. Bakının küçələrində gəzən insanların üzündəki eyniliyi, çizgilərində oturan kədərin yaratdığı tablonun eyni detallarla çəkdiyi eskizləri görəndə bunu anlamaq çətin deyil. Ürəklərdəki eyni kədər simaları də eyniləşdirib. Daha çox məişət dərdi, dolanışıq təlaşı, evində soyuqluq, çöldə əlacsızlıq… Yaşadığımız ölkənin gerçək kədəri bunlardı. Acıları, dərdləri də orijinal və ya fərqli deyil, bir-birinin təkrarıdır.
Amma başqa, səssiz- sədasız bir kədər də var. Kimsənin etiraf etmək istəmədiyi “mücərrəd”kədər…
Pislik, yaxşılıq edənin, səmimi, riyakar olanın, hətta qatil, cinayətkarın da içində gəzdirdiyi kədərin adı ümidsizlik, inamsızlıq, sevgisizlikdi.
Biz sevmək vərdişimizi itirmişik deyəsən? Beləcə, kimsənin bir-birinə güvənmədiyi ölkədə “mücərrəd” kədərin bədbəxt etdiyi 10 milyon yalnız, sevgisiz insan yaşayır!
Ölkədəki “mücərrəd kədər” insanları biri-birinə yad edib. Hamı nifrət yüklüdür. Tükədib əzmək üçün içinə yığdığı kin hər kəsi elə bədbəxt edib ki, kimsə heç nədən zövq ala bilmir. Bunun səbəbləri aydındır, illərin yorğunluğu, ayaqda qalmaq çabaları, sağ qalmaq mücadiləsi… Ölkədə hökm sürən ədalətsizliyin ucbatından fərdlərin özünü qanun bilməsi, hər kəsin “cəzanı özüm kəsəcəm” hikkəsi… Bütün bunlar rejimin bizim həyatımıza soxduğu çirkinliklərdir. Ən başlıcasısa, özümüzə sayğımız getdikcə daha çox itir, toplum hər şeyi özünə rəva görür. Təhlükəli bildiyindən, qorxudan döyəcləmədiyi ulağın da hikkəsini palandan çıxır. Acizlik duyğusu, “yuxarıdakı”nın qarşısında hiss etdiyi qorxu onu zalımlaşdırır, qısasçıya çevirir və ətrafımızda bir sürü “fikri bıçaqlı” qatil dolaşır. Beləcə, bunlara tabe olduqca da, fərdlər bir- birini tükədib məhv edir və iqtisadi çətinliklərin, siyasi uğursuzluqların içimizə yığdığı bu böyük kədəri, depresiyanı dəf etmədikcə, digər problemlər “fikrimizdəki bıçağı” reallığa çevirib boğazımıza dirəyir.
Bədbəxt bir fərdin kədərini, güvənsizliyini eşq sildiyi kimi, yalnız birinin aşiq olduqdan sonra dircəldiyi kimi bəlkə biz də, bu ölkənin insanları bir-birimizi sevməyi öyrənməliyik?! Nifrətin, güvənsiliyin, sevgisizliyin hakimiyyəti bizi inamsız, gücsüz və depressiv edib.
Biz məhv olduqca, rejim daha da güclənir.
***
Biz bəzən sevgi hissini duyğuların ən güclü, ən böyüyü və ən dəyərlisi hesab edib onun şəninə dastanlar yazırıq. Amma bu böyüklüyün davamlılığı üçün ondan daha böyük olanı unuduruq. Güvənməyi… Ən böyük sevgilər güvənsizliyin yükünü qaldıra bilmir.
Güvənsizliyin göz yaşları sevgini yuyub aparır.
Ölkədə eyni durumdu. Hamı sevgiyə ackən güvənsiliyin toxluğu ürəyini vurub. Toxluqda ən sevdiyimiz yeməkdən belə imtina etdiyimiz kimi, təkrar sevməkdən, inanmaqdan, hətta var olmaqdan imtina edirik. Sadəcə, hər günü gün edirmiş kimi, yaşamağın imitasyasını edə-edə ömrü yola veririk.
Nə vaxta qədər? Bəlkə yenidən bir-birimizə güvənməyi öyrənək?! Bəlkə yenidən əl-ələ verməyi, böyük düşünməyi, xırdalıqlardan birgə imtina etməyi, səmimi şəkildə bir-birimizdən üzr istəməyi, ölkə düzələrsə, onun çənnət ola biləcəyinə dair xəyallar qurmağı öyrənək?
İllərdir bir-birimizə və özümüzə nifrət etməyi, güvənməməyi öyrəndik. Həyatda qalmaq üçün oğurlamağı, cinayət etməyi, yalan danışmağı, xəyənəti, rüşvət verməyi, almağı öyrəndik. Ən yaxşı tələbə kimi, bütün bu saydıqlarımızın ən xırda detalına vaqif olduq. Amma bir düşünək. Bu “vaqiflik” bizi xilas etdimi? Ayaqda qaldıqmı? Yox!
Bizim hamımız içimizdən yıxılmışıq, ümidsizliyin, carəsizliyin dibinə yuvarlanmışıq. Arzularımız, xəyalarımız boşalıb, yerinə kin, ədavət dolub. Ən pisi də bütün bunlara tabe olmuşuq.
İqtisadi çətinliklərin, siyasi uğursuzluqların içimizə yığdığı kədəri, depresiyanı dəf etmədikcə, digər problemlər, o “mücərrəd” kədər, “əslində, heç nə olmayıb, amma heç nəyə həbəsim yoxdur” bilinməzliyi bıçaq kimi boğazımıza dirənəcək, tək-tək hamımızı çərlədib intihara sürükləyəcək. İstər fiziki olsun, istərsə mənəvi-psixoloji…
Bəlkə sevgi qədəhlərimizi qaldıraq…
… Böyük əlkimyagərin- hakimiyyətin qəlbimizdə yaratdığı intihar havasına oynamamaq inadına!?