“Bələdiyyələrin korrupsiyaya bulaşması fikri ilə razılaşmıram”

Samir Əliyev: “Bələdiyyələr icra hakimiyyətlərinin razılığı olmadan heç nəyə sərəncam verə bilmir”

Source:


Samir Əliyev: “Bələdiyyələr icra hakimiyyətlərinin razılığı olmadan heç nəyə sərəncam verə bilmir”

“Bələdiyyələr bir növ icra hakimiyyətlərinin filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. Mən o fəaliyyəti görmürəm”.

Bu açıqlamanı prezident İlham Əliyev Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında səsləndirib.

Dövlət başçısı bildirib ki, bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə aparılan işlər dövlət büdcəsi hesabına görülür: “Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu, onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə sadəcə olaraq bir muzey idarəsidir, sadəcə bir möhür idarəsidir. Yəni qanunsuz əməllərə ştamp qoysun! Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır. Soruşuram ki, bu qanunsuz binalar haradan meydana gəlib, heç kim bilmir. Bu, mümkün deyil. Bu yanğın da bu mənbədən qaynaqlanan hadisədir. Qanunsuzluğa, özbaşınalığa son qoyulmalıdır. Gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün Dövlət Komissiyasının üzvləri mənə konkret təkliflər versin. Bir balaca bina da icazəsiz tikilə bilməz. Əgər bundan sonra bu olacaqsa, nəinki işdən çıxaracam, onlar cinayət məsuliyyətinə də cəlb ediləcəklər”.

Çıxışı Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev prezidentin iradlarını haqlı hesab edir: “Biz vətəndaş cəmiyyəti olaraq bu yöndə iradlarımızı və təkliflərimizi dəfələrlə hökumətə təqdim etmişik. Bizim təkliflər söz yığını yox, araşdırmalara əsaslanmış tövsiyələrdir. Hətta Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda 2003-2012-ci illərdə monitorinq aparıb və bunun  nəticələrinə görə tövsiyələr hazırlanıb. Tövsiyələrdə birbaşa vurğulanıb ki, Azərbaycanda bələdiyyələrin nə səlahiyyəti, nə də ona uyğun maliyyə imkanları var. Bələdiyyələr yerli icra hakimiyyətlərinin bir əlavəsidir. Neçə illərdir vurğulanan bu məsələnin, nəhayət, dövlətin birinci şəxsi tərəfindən etirafı müsbətdir”.

Bələdiyyələrin yol çəkilməsi və yerli problemlərdə iştirakı ilə bağlı irada gəldikdə, iqtisadçı dedi ki, bu yanaşma Azərbaycanda fiskal əks mərkəzləşməni ortaya çıxardı: “Neft pulları ölkəyə gələndən sonra əks mərkəzləşmə əvəzinə mərkəzləşmə prosesi getdi, yəni dövlət bütün səlahiyyət və öhdəlikləri üzərinə götürdü. Halbuki, Avropa Şurasına üzv ölkələrdə birinciyə üstünlük verilir. Normal ölkələrdə dövlət bələdiyyəyə vəsait ayırır, bələdiyyə də yerli problemlərlə məşğul olur. Azərbaycan qanunvericiliyi oxşar addım atmağa imkan versə də, buna gedilmədi. Yol çəkilişini Nəqliyyat Nazirliyi həyata keçirdi, su, qaz problemlərini də müvafiq dövlət orqanları. Dövlətin bunları üzərinə götürməsinin səbəbi ortada çoxlu pulların olmasıyla bağlıydı. İndi neft gəlirlərinin azaldığı vəziyyətdə bələdiyyə yada düşür. İkinci, kənd yollarının çəkilməsi üçün büdcədən ayrılan vəsaitlərin həcmi milyonlarla ölçülür. Ən azı bir neçə milyon manata başa gəlir. Gəlin, görək Azərbaycanda neçə bələdiyyənin büdcəsi milyonla ölçülür? Varmı? 1-2 bələdiyyə ola, ya olmaya. İllik 4-5 min manat büdcəsi olan bələdiyyə bu yolu neçə çəkə bilər? Başqa bir statistik rəqəm, 2014-cü il məlumatına görə, Azərbaycanda 1607 bələdiyyənin ümumilikdə büdcəsi 49 milyon manatdır, 2007-ci ildə ən yüksək həddə olub-50 milyon manat. 49 milyon manatdan götürsək, bu, bir şəhər bələdiyyəsinin illik büdcəsinin 29 min manata yaxın olduğunu göstərir. Əgər bələdiyyələrin 85 faizinin kənd bələdiyyəsi olduğunu nəzərə alsaq, bir neçəsi istisna olmaqla, onların illik büdcəsi 5 min manat civarındadır. Və bələdiyyə sədri, müavini və mühasibinin əməkhaqqını götürsək, sosial müavinətlə elə 5 min yaxın maaş edir. Beləliklə, kənd bələdiyyələrinin büdcəsi üzvlərin maaşına gedir. O zaman bələdiyyə yerdə qalan öhdəliklərini necə yerinə yetirsin? Bütün bunların fonunda bələdiyyələrin imkanı deyilən problemlərin həllinə yardım etməyə imkan vermir. Başqa tərəfdən bələdiyyələrin büdcəsində 20 milyon manata yaxın vəsait abadlaşdırma işlərinə yönəldilir. Amma bu vəsait icra hakimiyyətinin tapşırığına əsasən konkret ərazinin abadlaşdırılmasına yönəldilir. Bu, o deməkdir ki, işi bələdiyyə görsə də, icra hakimiyyətinin adı gedir”.

Prezidentin Respublika Prokurorluğuna tapşırığına gəlincə, iqtisadçı təəssüfləndi ki, korrupsiya ilə bağlı məlumatlar açıqlandırca, ilk yerlərdə bələdiyyələrin adı gəlir: “Bəlkə bir-iki bələdiyyədə belə fakt ola bilər: Ümumən bələdiyyələrin korrupsiyaya bulaşmış qurum olması fikriylə razılaşmıram. Axı bələdiyyələr icra hakimiyyətlərinin razılığı olmadan heç nəyə sərəncam verə bilmir. Bu mənada məsuliyyət daha çox icra hakimiyyətlərinin üzərindədir. Ona görə də bələdiyyələrdə yoxlamadan müsbət nəticə əldə olunacağına inanmıram”.
“Əslində, prezidentin bu iradı hökumət üçün bir strategiya olmalıdır ki, bələdiyyələrə əlavə səlahiyyətlər və ona uyğun maliyyə verilməsinə başlanılsın. Hər il dövlət büdcəsindən bələdiyyələrə 5 milyon manat büdcə ayrılır, bu, kiçik rəqəmdir. Hlabuki, xarici ölkələrdə bələdiyyə büdcələrinin 50 faizindən çoxu dövlətin maliyyə yardımı təşkil edir, bizdə bu rəqəm 10 faizdir. Bu baxımdan hökumətin islahatlara gedəcəyinə ümidvaram, yəni bu gedişat səlahiyyət şəklində olmalıdır. Bunun üçün maliyyə ayrılmalıdır, əks təqdirdə bələdiyyələr vəzifələrini yerinə yetirə bilməyəcək”.

Ana səhifəXəbərlər“Bələdiyyələrin korrupsiyaya bulaşması fikri ilə razılaşmıram”