Bələdiyyə üzvü gənc fəalı məhkəməyə verib

R.Məmmədova bu videoya münasibət bildirərkən deyib ki, seçkinin saxtalaşdırılmasında iştirak edən istənilən şəxsi şərəfini itirmiş biri hesab edir.

Rəbiyyə Məmmədov. Foto: Meydan TV


Rəbiyyə Məmmədova: “Seçkini saxtalaşdıran mənim üçün şərəfsizdir"

Binəqədi bələdiyyəsinin üzvü olan Mətanət Nəsibova son seçkidə həmin bələdiyyəyə üzvlük üçün namizədliyini vermiş gənc fəal Rəbiyyə Məmmədovaya qarşı iddia qaldırıb. M.Nəsibova iddia edir ki, R.Məmmədova onun bir neçə nəfərlə birlikdə müxtəlif seçki məntəqələrində səs verdiklərini, saxtakarlıq etdiklərini deməklə, onun şərəf və ləyaqətini alçaldıb. M.Nəsibova xüsusən "bir neçə məntəqədə səs verirlər, şərəfsizlər" fikrinə etiraz edir.

Yanvarın 9-da Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyilə hazırlıq iclası keçirilib. M.Nəsibovanın vəkili bildirib ki, iddianı müdafiə edir.

Hakim iddiaçının məhkəməyə təqdim etdiyi diski R.Məmmədova üçün nümayiş etdirib. Videoda R.Məmmədova M.Nəsibovaya üzünü tutaraq, onun digər şəxslərlə birlikdə məntəqələri gəzib, hamısında səs verdiyini söyləyir. M.Nəsibova və daha bir neçə nəfərin olduğu avtomobil gedəndə ardınca R.Məmmədova yuxarıda qeyd olunan fikri səsləndirir.

R.Məmmədova bu videoya münasibət bildirərkən deyib ki, seçkinin saxtalaşdırılmasında iştirak edən istənilən şəxsi şərəfini itirmiş biri hesab edir. Çünki seçkini saxtalaşdıranlar insanların səsini oğurlayır:

"O fikir konkret Mətanət Nəsibovaya ünvanlanmayıb, ad da çəkilmir. Söhbət seçkini saxtalaşdıranlardan gedir. Seçkini saxtalaşdıran mənim üçün şərəfsizdir".

Bu iş üzrə məhkəmə baxışı yanvarın 30-na təyin edilib.

M.Nəsibova bundan əvvəlki seçkidə də bələdiyyə üzvü olub.

R.Məmmədova hazırda 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Ana səhifəSiyasətBələdiyyə üzvü gənc fəalı məhkəməyə verib