İnternatda böyüyən gənc dövlətin ayırdığı torpaqdan yararlana bilmədiyini deyir
Lənkərən şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq evinin məzunu Tural Abiyevin şikayəti var. O, doğulduğu Astara rayonu ərazisində dövlətin ona verdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən satıldığını iddia edir. Bildirir ki, dəfələrlə gedib-gəlməsinə, müraciət etməsinə baxmayaraq problem həllini tapmayıb:
“Hələ mən körpə olanda valideynlərimi itirmişəm. Qohum-tanış aparıb məni Lənkərandakı internat evinə verib. 1994-2005-ci illərdə internat evində böyümüşəm. Elə orta təhsilimi də internat evində almışam. Dövlətin mənim kimi valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək etdiyini hamı bilir. Elə bu səbəbdən Astara Rayon İcra Hakimiyyətinin razılığı və göstərişi ilə mənə öz doğma Kakalos kəndimdə yaşayış evi tikdirmək üçün 6 sot torpaq sahəsi verildi. Ancaq bələdiyyə həmin torpağı mənə vermək istəmir. Plana düşdüyünü, ordan da mənə heç nə verilməyəcəyini deyir”.
“Torpaq sahəmə görə mənə bir qəpik də düşmədiyini deyirlər”
Tural Abiyev deyir ki, ona ayrılan torpağı adına tam sənədləşdirəndən sonra əraziyə hasar çəkib, ağac da əkib: “İmkanım olan kimi də kiçik bir ev tikdirmək arzusunda idim. Ancaq imkan vermədilər. Deyirlər, torpaq sahəsinin böyük hissəsi İpək yolunun inşa olunduğu əraziyə düşdüyü üçün orada ev tikdirmək olmaz. Dəfələrlə bələdiyyə sədri Bəhram Əliyeva müraciət etmişəm. O, torpaq sahəmə görə mənə bir qəpik də düşmədiyini deyir. Guya həmin torpaq sahəsi mənə qanunsuz verilib”.
“Bələdiyyə sədrinin kimsəsiz gəncin 6 sot torpağına göz dikməsi haqsızlıqdır”
Tural Abiyev onu da deyir ki, başqa zərərçəkənlərin dediyinə görə, bələdiyyə sədrinin bu cür hallarda öz şəxsi marağı var: “Mən dövlətə arxalanıram. Necə ki məni böyüdüb, təhsil verib, sonra da yaşamaq üçün torpaqla təmin edib, eləcə də mənim hüququmun pozulmasına imkan verməsin. Böyük var-dövlət sahibi, dost- tanışının adına sənədləşdirilmiş hektarlarla torpaq əraziləri, balıqçılıq vətəgələri, fermaları olan bələdiyyə sədrinin kimsəsiz bir gəncin 6 sot torpağından özünə xeyir güdməsi böyük haqsızlıqdır. Belələrinin xalqa başçı olması dövlətçiliyimizə vurulan ən ağır zərbədir”.
“Torpaqdan istifadə üçün dövlətə hər hansı bir vəsait ödəməli deyiləm”
Tural Abiyev qarşılaşdığı problemlə bağlı Baş Prokurorluğa müraciət edib: “Bələdiyyə sədrinin məni aldadacağından ehtiyat edib müraciət etdim. Məni Astara rayon Prokurorluğuna dəvət edib ərizəmi qəbul etdilər. Həmin torpaq sahəsinin mənə məxsus olması barəsində əlimdə şəhadətnamə var. 6 sot torpaq sahəsinin kadastr planı da əlimdədir”.
“Əvvəlcə torpaq rüsumunu ödəsin, sonra evini tiksin”
Meydan TV məsələyə münasibət öyrənmək üçün Astara rayon Kakalos kənd bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyə sədri Bəhram Əliyev vətəndaşın dediklərinin yalan olduğunu söyləyib. Bildirib ki, Tural Abiyev Bakıda yaşayır. Əgər kəndə köçmək fikri varsa, gəlib Kakalos kəndindəki ona məxsus torpaq sahəsində ev tikə bilər: “Əvvəlcə torpağın hər sotuna görə dövlətə 100 manat rüsumu ödəməklə. Həmin vəsait ödəndikdən sonra ev tikib, yaşaya bilər. Heç kim bunu ona qadağan etmir. Üstəlik, torpağı satmaqdan söhbət də gedə bilməz”.
Tural Abiyev isə deyir ki, güzəştli vətəndaşlar kateqoriyasına aid olduğundan torpaqdan istifadə üçün dövlətə hər hansı bir vəsait ödəməli deyil.