Bələdiyyə sədrinin qətlində təqsirləndirilən sürücünün məhkəmə istintaqı başladı

”Vəsiləni vurub qayıdandan Vəfadar qarşıma çıxdı, üstümə gəldi, özümü itirdim, onu da vurdum”

Source:
Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov
Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov


”Vəsiləni vurub qayıdandan Vəfadar qarşıma çıxdı, üstümə gəldi, özümü itirdim, onu da vurdum”

İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbülhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib. İclasda məhkəmə istintaqının başlanması elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Fədail Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O,  bildirib ki, Vəfadarın ölümündə özünü təqsirli bilsə də, Vəsilə Əbilhəsənovanın ölümündə özünü günahkar saymır: “Vəsilə ölməli idi, öldü. İstintaqa ifadəmi vermişəm, hər şeyi demişəm. Başqa deyəcəyim bir şey yoxdur. İttihamda qeyd olunan evdəki yanğını mən törətməmişəm. Hadisə baş verən gün  ikinci mərtəbənin pəncərəsindən keçdim, getdim yataq otağına. Orada  Vəsiləni vurdum. Vəsiləni vurub qayıdandan Vəfadar qarşıma çıxdı, üstümə gəldi, özümü itirdim, onu da vurdum. Mənim Vəsilə ilə mübahisəm torpaq üstündə olub. Adamlara torpaq satıb, pul almışdım. Sənədləri isə Vəsilə verməli idi, amma vermirdi”.

İclasda ifadə verən Vəsilə Əbilhəsənovanın anası Meyxanım Hüseynova bildirib ki, həmin gün Vəsilə ilə Fədail torpaq məsələsinə görə mübahisə ediblər: “Axşam Vəsilənin telefonuna zəng gəldi, cavab vermədi. Sonra mənə zəng gəldi, məni də telefonu açmağa qoymadı. Dedi, sən çıx eyvana hava al, özüm danışacam. Mən eyvana çıxanda gördüm Fədail divara sıxılıb dayanıb. Dedim: “Bala, burda neynirsən?” Məni itələyib, içəri keçdi. Bu vaxt mən özümdən getdim, ayılanda gördüm nəvəm İsmayıl qışqırır ki, atamı vurdular. Fədail evin adamı idi deyə o biri evin açarları onda olurdu. O, mənə “ana”, mən ona “oğul” deyirdim. Nə bilərdim ki belədi?”

Daha sonra iclasda Vəfadar Həsənovun atası Sultan Əbilhəsənov ifadə verib. O, hadisə zamanı evdə yatdığını deyib: “Nəvələrim gəlib oyadıb dedilər. Çölə çıxanda Vəsiləni gördüm, başını kəsmişdi”. İclasda Vəfadarın bacısı Natella Əbilhəsənova da ifadə verib. O, bildirib ki, hadisə vaxtı evdə olub: “Fədail Vəsilənin otağına girəndə qızı Fidan orda olub. Vəsilə uşağı otaqdan çölə atıb, deyib ki, uşağın yanında eləmə. Mən otağımdan çıxıb Vəsilənin otağına gedəndə gördüm onun boğazını kəsib. Qaçıb qonşuları çağırdım, heç kim çıxmadı”.

Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.

Ötən il iyunun 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov qətlə yetirilib. İttiham aktına görə, gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin başını kəsib, ərini isə odlu silahla ürəyindən qətlə yetirib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi, mübahisənin torpaq üstündə olduğu bildirilib. 35 yaşlı Fədai Hüseynov Vəsilə Əbilhəsənovanın sürücüsü olub.

Ana səhifəXəbərlərBələdiyyə sədrinin qətlində təqsirləndirilən sürücünün məhkəmə istintaqı başladı