Vəkil: ”Fədai Hüseynov qətli tamah məqsədilə törətməyib”
Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynova hökm oxunub.
Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda F. Hüseynovun vəkili çıxış edib. O bildirib ki, F. Hüseynov qətli xüsusi amansızlıqla törətməyib: “Fədai evə daxil olanda qətl törətmək niyyətində olmayıb. Evə gəlməkdə məqsədi ondan pul istəyən şəxslərlə aralarında yaranan problemi həll etmək olub. Sadəcə aralarında sonradan mübahisə yaranıb. Həmçinin Fədai Vəsiləni 10 yaşlı Fidanın gözü qarşısında qətlə yetirməyib. Tərəflər arasında mübahisə olarkən Vəsilə uşağı otaqdan çıxarıb. Bundan əlavə, o, qətli tamah məqsədi ilə törətməyib. Vəsiləni vurduqdan sonra özünü itirib və qarşısına çıxan Vəfədarı da vurub. Vəfadarı vurduğundan peşmandır. Ailəsindən də üzr istədi. Bunları nəzərə almağınızı xahiş edirəm”.
Daha sonra iclasda F.Hüseynova son söz demək təklif olunub. O, “Allah razı olsun” deyərək vəkilinin fikirləri ilə razı olduğunu bildirib.
Bundan sonra hökm elan edilib. Hökmə əsasən, Fədai Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
Prokuror da çıxışında həmin şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.
Ötən il iyunun 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov qətlə yetiriliblər. İttihama görə, gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin boğazını kəsib, ona çoxsaylı bıçaq zərbələri endirib. Ərini isə odlu silahla ürəyindən vuraraq, qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin isə torpaq üstündə olduğu bildirilib. Qətli törədən 35 yaşlı Fədai Hüseynov Vəsilə Əbilhəsənovanın sürücüsü olub.