Bələdiyyə sədri Vəfa Nağıya qarşı ərizəsini geri götürdü

Məhkəmə işə xitam verib

Source: VOA


Məhkəmə işə xitam verib

İctimai fəal Vəfa Nağının bələdiyyə üzvlüyündən kənarlaşdırılmasıyla bağlı Şirvan İnzibati İqtisadi Məhkəməsində baxılan işə xitam verilib. Çünki onun üzv olduğu Neftçala rayonu Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimov iddianı geri götürüb.

Bələdiyyə sədri V.Nağının bələdiyyənin iclaslarında üzrsüz səbəb olmadan iştirak etməməsini əsas gətirərək, onun səlahiyyətlərinə xitam verilməsi üçün məhkəməyə müraciət etmişdi. Ə.Səlimov məhkəməyə iddiasında “Bələdiyyələrin statusu haqqında” qanunun 22.6-cı maddəsinə istinad edib. Həmin maddədə yazılıb: “Bələdiyyə üzvü ardıcıl üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə səlahiyyətlərinə xitam verilə bilər”.

Bələdiyyə sədrinin iddiasına görə, V.Nağının məsələsi bələdiyyə üzvlərinin müzakirəsinə çıxarılıb və səs çoxluğuyla onun kənarlaşdırılmasına qərar verilib. Bunun təsdiqlənməsi üçün məhkəməyə müraciət olunub.

V.Nağı isə bir neçə iclasda iştirak etmədiyini təsdiqləsə də, “üzrsüz səbəb” hissəsilə razılaşmır. O bildirib ki, həmin müddətdə İstanbulda olub, bu barədə bələdiyyəni də rəsmi qaydada məktublarla məlumatlandırıb. V.Nağının fikrincə, o, bələdiyyədən sənədlər, hesabatlar tələb etdiyinə, baş verən qanunsuzluqları ictimailəşdirdiyinə görə kənarlaşdırmaq istəyirlər. Başqa səbəb tapılmadığına görə iclaslarda iştirak məsələsindən bəhanə kimi istifadə olunur.

Ana səhifəXəbərlərBələdiyyə sədri Vəfa Nağıya qarşı ərizəsini geri götürdü