Proses gələn aya təyin edilib
Binəqədi bələdiyyəsinin keçmiş sədri, “Azadinform” saytının baş redaktoru Niyaz Niftiyev məhkəmə qarşısına çıxarılıb. Onun, eləcə də bələdiyyənin üzvü, eyni zamanda, sədrin müavini olmuş Mətanət Nəsibova və bələdiyyənin keçmiş şöbə müdiri Sahib Abışovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Adları çəkilən təqsirləndirilən şəxslərdən Niyaz Niftiyev həbsdədir. Sahib Abışov öncə həbs edilsə də, sonra ev dustaqlığına buraxılıb. Mətanət Nəsibovanın barəsində isə polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Onlara qarşı rüşvət alma, karantin rejimi dövründə sərbəst hərəkət etmək istəyən vətəndaşlara onların meyvə-tərəvəz ticarətilə məşğul olması haqda saxta arayışlar vermə və digər ittihamlar irəli sürülüb. Cinayət işinin materiallarında 431 saxta arayışdan bəhs olunur.
Fevralın 19-da hakim Əli Məmmədovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. Niyaz Niftiyevin vəkili Ənnağı Məmmədli istintaq zamanı çoxsaylı qanun pozuntularına yol verildiyini, müvəkkilinin hüquqlarının pozulduğunu bildirib. Vəkilin sözlərinə görə, müstəntiq qanunun tələblərini pozaraq, vəsatətlərə də cavab verməyib. Müdafiəçi bu işin məhkəmə baxışına xitam verilməsi və təkrar araşdırma üçün istintaqa qaytarılması barədə vəsatət qaldırıb.
Vəkil həmçinin Niyaz Niftiyevin məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılmasını istəyib.
Hakimlər bu bu vəsatətlərin heç birini təmin etməyib. İş məhkəmə baxışına verilib.
Məhkəmə baxışı martın 4-nə təyin edilib.
Niyaz Niftiyev və digərləri haqda yayılan rəsmi məlumatda bildirilirdi ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə arayış satışı barədə məlumat daxil olub. Həmin məlumat əsasında 2020-ci il aprelin 15-də bələdiyyənin binasında əməliyyat keçirib. Niyaz Niftiyev və Sahib Abışov iki gün şübhəli şəxs qismində saxlandıqdan sonra aprelin 17-də Niftiyev barəsində polis nəzarətinə vermə, Abışov haqqında isə həbs-qətimkan tədbiri seçilib. Amma bir gün sonra – aprelin 18-də Niyaz Niftiyevin barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə təqdimat verilib və o, həbs edilib.
Niyaz Niftiyev ittihamları qəbul etmir. O, rüşvət almadığını, arayışları da gerçəkdən xırda ticarətlə məşğul olanlara verdiyini deyir. O vurğulayıb ki, cinayət işində bəhs olunan arayşların əksəriyyətində heç onun imzası yoxdur.
Niyaz Niftiyev “Azadinform” informasiya agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub. O, “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif edilib.