Keçmiş bələdiyyə sədri Vilyam Hacıyevin vəkilinin sualını cavablandırmaq istəməyib
İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyevin dövründə – 2014-2019-cu illərdə Yalavac, Məhəmmədli və Rəsullu kəndlərinin bələdiyyə sədri olmuş Qəhrəman Qəhrəmanov indi onu rüşvət almaqda ittiham edir. O, fevralın 18-də həbsdə olan keçmiş icra başçısının məhkəməsində – Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində ifadə verib.
“Bələdiyyə sədri olmaq üçün “haqq” istədi. Mən də kredit götürüb otağında verdim, bələdiyyə sədri oldum. 2014-cü ilin sonunda seçki oldu, mən də həmin vaxt bələdiyyə sədri oldum. Bələdiyyə üzvlərinə göstəriş vermişdi, onlar da qol çəkib məni sədr eləmişdilər”, – Qəhrəman Qəhrəmanov ifadəsində bildirib.
14 orden və medalı olduğunu deyən şahidin sözlərinə görə, o, Əfqanıstan döyüşlərində də iştirak edib.
Sonradan bu xidmətinə görə ona orden göndərilib. Keçmiş bələdiyyə sədrinin dediyinə görə, Vilyam Hacıyev həmin ordeni digər rəsmi şəxslərin iştirakıyla toplantıda ona təqdim etməkdən ötrü 1000 manat pul istəyib. Lakin o, bu qədər pulu olmadığını deyib və 500 manat verməyə razılaşıb: “500 manat verəndən sonra həmin ordeni mənə təqdim elədi”.
Vilyam Hacıyev isə Qəhrəman Qəhrəmanovun ona qarşı qərəzli olduğunu və yalan danışdığını bildirib. Sabiq icra başçısının sözlərinə görə, Əfqanıstan müharibəsinin iştirakçısına göndərilən orden icra hakimiyyətinə gəlmirdi. Vilyam Hacıyev əlavə edib ki, bu bələdiyyə sədrindən şəxsən o, Ədliyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə təqdimat göndərib, onun qanunsuz əməllərinin araşdırılmasını istəyib. Nəticədə onun haqqında cinayət işi başlanıb, özü də həbs edilib. Sonradan İmişli Rayon Məhkəməsinin hökmüylə məhkum edilib.
Keçmiş bələdiyyə sədri özü də cinayət məsuliyyətinə cəlb olunduğunu təsdiqləyib. Lakin o, həbsdə qalmadığını, sadəcə, 2000 manat cərimələndiyini bildirib.
Vilyam Hacıyevin vəkili keçmiş bələdiyyə sədrindən soruşub ki, keçmiş icra başçısının hərəkətlərindən harasa şikayət edibmi? Amma o, vəkilin sualına cavab verməkdən imtina edib: “Mənim prezidentimə xəyanət eləyənin vəkilinə cavab vermirəm”.
Hakim onun nəzərinə çatdırıb ki, vəkilin suallarını cavablandırmalıdır.
Vəkil Qəhrəman Qəhrəmanova verilən orden və medallarla bağlı araşdırma aparılması barədə vəsatət qaldırıb.
Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin Ərazi-İdarəetmə şöbəsinin müdiri Mirzə Quliyev də dindirilib.
O iddia edib ki, sabiq icra başçısı icra ümayəndələri və müavinlərinin təyinatı üçün rüşvət alırdı.
Mirzə Quliyevin sözlərinə görə, rayondakı futbol klubu – “Mil-Muğan” üçün Dövlət Neft Şirkətinin ayırdığı 150 min manat vəsait onun bank hesabına köçürülmüşdü. Həmin pulu hesabdan çıxarıb Vilyam Hacıyevə verib: “İcra başçısının o pulu hara xərcləndiyindən xəbərim olmadı”.
Vilyam Hacıyev onu yalan danışmaqda ittiham edib: “Gözünün içinə qədər yalan deyirsən. Özün üçün şəhərin mərkəzində imarət tikdirmisən, burnundan gəlsin…”
Vilyam Hacıyevin vəkili şahiddən soruşub ki, icra başçısının qanunsuz əməllərilə bağlı niyə şikayət etmirdi?
“Nə deyə bilərdim ki?!”, – şahid belə cavab verib.
Vəkil vurğulayıb ki, qanunsuz əməllərdə iştirakçı olduqlarını özləri etiraf etdikləri halda, bu şəxslər hələ də vəzifədədilər: “Bu necə ola bilər? Xahiş edirəm, bununla bağlı cinayət işi başlansın, araşdırma aparılsın”.
Məhkəmə prosesi fevralın 21-də davam edəcək.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.