Rövşən Quliyev mənimsəmədə, rüşvət almaqda ittiham edilir
Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyev yanvarın 23-də həbs olunub. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Rövşən Quliyevə Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələrilə ittiham irəli sürülüb.
Onun özünü təqsirli bilib-bilmədiyi məlum deyil.
Hələ 2022-ci ilin oktyabrında Neftçala Rayon Prokurorluğu rayon bələdiyyəsində qanunsuzluqlarla bağlı cinayət işi başlanması haqda məlumat yaymışdı.
“Araşdırmalarla bələdiyyənin büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsinə, eləcə də ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manat məbləğində hissəsinin bələdiyyə sədri Rövşən Quliyev tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda bildirilirdi.
Sabiq bələdiyyə sədrinin bu araşdırmalardan sonra toplanmış materiallar əsasında cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.