Bələdiyyə bir torpağı iki nəfərə satıb?

“Biz arxivdən axtardıq, ümumiyyətlə bələdiyyənin ona verdiyi hər hansı bir sənəd, həmin sənədin sürətini tapa bilmədik”.

Source: Specify Source


Qobustan sakini: “Bələdiyyə sədri dedi ki, kimə şikayət etmisiz, probleminizi də onlar həll etsin”

“Pul ödəyib bələdiyyədən özümüzə torpaq almışıq. Əlimizdə sənəd-sübutumuz da var. Ancaq bələdiyyə deyir, “nə torpaq, nə sənəd?” Ərazini başqasına satıb. İçində də bizim daş, qum, sementimiz”.

Qobustanın Xilmilli kəndinin sakini Leyla Osmanova belə deyir. 3 övladı olan xanım 1 il əvvəl Qobustan şəhər Bələdiyyəsindən torpaq aldığını söyləyir. Ancaq bu gün aldığı həmin torpaqda ev tikə bilmir. Səbəb də bələdiyyənin torpağı ikinci bir şəxsə satmasıdır:

“Torpağımız Qobustanın Nərimankənd adlanan ərazisindədir. Biz o torpağı 3 il boğazımızdan kəsib, topladığımız pulla almışdıq. 3-4 ay içində də borc-xərclə, daş, qum, tikinti üçün materiallar alıb tökmüşdük həyətə. Bir gün getdik ki, həmin həyətdə başqası tikintiyə başlayıb. Soruşduq, dedilər, “bələdiyyədən sənədimiz var”. Eyni sənəddən bizdə də var. Bələdiyyəyə getdik, sədr Vasif Novruzov dedi ki, sizin sənəd qüvvədən düşüb. Amma pulumuzu da qaytarmadılar”.

Leyla Osmanova deyir ki, bundan sonra Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna müraciət ediblər. Şikayətdən sonra Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzov daha da hiddətlənib və onları polislə hədələyib:

“Dedi ki, kimə şikayət etmisiz, probleminizi də onlar həll etsin. Necə ki, gedib Prezidentə, Bakıya, mediaya şikayət etmisiz, köməyi də onlardan gözləyin. Qaynanam getdi yanına. Yalvardı-yaxardı, işə yaramadı. Yaşlı qadını polislə hədələyib geri göndərdilər. Yazıq bir müddət özünə gələ bilmədi”.

serencam_torpaqla_bagli.jpg
Qobustan İH-nin sərəncamı

Bundan sonra ailə Qobustan Rayon İcra Hakimiyyətinə gedib. İcra başçısı bələdiyyə sədrinə tapşırıb ki, onların torpağını geri versinlər. Ancaq bu tapşırığın da bir nəticəsi olmayıb.

“Şikayət etməkdən yorulmuşuq. Problem həll edilmir. Keçən ilin avqustundan dövlət idarələrinin qapılarında sürünürük. 3 körpə uşağım var. Kənddə bir nəfərin evinin zirzəmisini kirayələmişik. Orada yaşayırıq. Mən övladlarımı nə qədər belə şəraitsiz yerdə saxlayacağımı bilmirəm. Artıq pulumuz da qalmayıb ki, nəsə yeni bir yer alaq. Düzünü deyim ki, heç inam da qalmayıb. Yenidən alacağımız yeri də 2 nəfərə satmayacaqları haradan bəllidir. Burada bu boyda qanunsuzluqlar olur, baxan yoxdur”.

Leyla Osmanova deyir ki, son müraciətlərində bələdiyyədən onlara deyilib ki, əlinizdəki sənəd düzgün deyil. Qadın bildirir ki, bu sənəd onlara pulu ödəyəndən sonra verilib:

“Belə çıxır ki, dövlət qurumu saxta sənəd verir? Başqa nə ad vermək mümkündür buna? Mən və ailəm illərdir zirzəmilərdə yaşayırıq. Torpağa verdiyimiz pul uşaqlarımın boğazından, geyimindən kəsib yığdıqlarım idi. İndi uşaqlar da böyüyür, bu gün-sabah məktəbə gedəcəklər. Daha pul toplamaq bizim üçün asan olmayacaq. Xahiş edirik, bizim torpağımızı qaytarsınlar. Evimizi tikək, yığışaq”.

osmanova_aile_qadin_usaq_komitesinin_cavabi__1_.jpg
Rəis müavini S.Qəhrəmanovanın ƏN-nə məktubu

Qobustan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə şikayətin araşdırıldığı söylənib.

“Xanımın torpağının onlara geri qaytarılması tapşırığı verilib. Sadəcə mən tam təfərrüatı ilə bilmirəm. Ən yaxşısı Vasif Novruzovla əlaqə saxlamaqdır”, – icra hakimiyyəti əməkdaşı deyib.

Vasif Novruzov isə bildirib ki, bu məsələdə onun heç bir günahı yoxdur. Problem başqa bir vətəndaşla Leyla Osmanovanın arasındadır:

“Burada mənlik nəsə yoxdur. O xanım vaxtilə qeyri-rəsmi olaraq Qobustan Rayon İcra Hakimiyyətində işləyib. İcra hakimiyyətinin memarı ona bir boş torpaq sahəsi göstərib ki, bura sənindir. Mənə buna görə pul ödəməyib. Bilmirəm kimə, necə ödəyib, xəbərim yoxdur. Sonradan məlum oldu ki, xanımın dediyi həmin ərazi əkin sahəsidir və başqa bir vətəndaşa aiddir. Həmin vətəndaş da bu yaxınlarda ona aid olan sahəni hasarlamağa başlayıb. Həmin xanım da bu məsələdə məni günahkar bilir və hamıya məndən şikayət edir. Halbuki yenə deyirəm, problemin mənimlə hər hansı bir əlaqəsi yoxdur. Getsin problemini həmin vətəndaşla həll etsin”.

Vasif Novruzov əlavə edib ki, Leyla Osmanovanın iddia etdiyi kimi əlində hər hansı bir sənəd də yoxdur:

image_from_ios (3).jpg
“Bu gün aldığı həmin torpaqda ev tikə bilmir”

“Biz arxivdən axtardıq, ümumiyyətlə bələdiyyənin ona verdiyi hər hansı bir sənəd, həmin sənədin sürətini tapa bilmədik. Yəni xanımın əlində hər hansı bir sənəd də yoxdur. Amma digər vətəndaşın bütün sənədləri qaydasındadır. Mən xanıma dedim ki, aldadılmısan, bura başqasının torpağıdır, gəl sənə başqa bir yerdən torpaq verək. Onunla da razılaşmadı. Daha mən ona nə kömək edim, bilmirəm. Əgər xanım haqlı olduğunu düşünürsə, məhkəməyə müraciət etsin”.

Leyla Osmanova isə deyir ki, əlində 0.06 ha torpaq sahəsi ilə bağlı sənədlər var. Həmin sənədlər yerli bələdiyyə tərəfindən verilib. İçində hesaba pul köçürmə ilə bağlı sənəd, alqı-satqı müqaviləsi, qərar, evin eksiz layihə-smetası da var. Ancaq torpağında başqa biri ev tikir və onların pulu geri ödənmir:

“Buradan ölkə Prezidentinə, Birinci vitse-prezident Mehriban Əliyevaya üzümü tuturam. Xahiş edirəm, bizə kömək edin, torpağımızı geri alaq”.

belediyye_qerari.jpg
Nərimankənd Bələdiyyəsinin qərarı
Ana səhifəBölgəBələdiyyə bir torpağı iki nəfərə satıb?