Zərdüşt Əlizadə

Mənbə: Meydan TV

Başlıq: Zərdüşt Əlizadə

Bəlaya qarşı ciddi savaş

Tövsiyələr

Korrupsiya cəmiyyəti və dövləti içəridən gəmirən xərçəng xəstəliydir. İlk mərhələdə zəif olub sezilmir, vaxtında qəti tədbir görülməsə artır, daha çox əzaya təsir edir, müəyyən mərhələdə isə ona daha heç nə, nə dərman, nə də cərrahiyyə əməliyyatı qalib gələ bilir.

Xərçəng cəmiyyəti və dövləti məhv edir. Çar Rusiyası korrupsiyadan beləcə məhv oldu. Sovet İttifaqını sovet cəmiyyətini metastaz kimi bürümüş korrupsiya dağıtdı.

Korrupsiya yalnız iqtisadiyyata deyil, ilk növbədə cəmiyyətin mənəviyyatına ölümcül zədə vurur, vətəndaşın dövlətə və dövlət qulluqçusuna olan inamını öldürür. Sovet quruluşu çökməmişdən əvvəl istənilən sıravi vətəndaşın istənilən ali məqamlı partiya-təsərrüfat işçisi ilə sözü çəp gələndə birinci dediyi kəlmə bu idi: “Yum ağzını, rüşvətxor!”

Hansı partokrat deyə bilərdi ki, “sən haqsızsan”? Deyə bilərdi, fəqət camaat buna inanırdımı? Zira xərçəngin metastazları bütün sovet cismini bürümüşdü. Ən yuxarıdan lap aşağıya kimi, bütün mərtəbələri, Sov.İKP MK-nın Siyasi Bürosundan tutmuş MİS-ə qədər.

İndi Azərbaycan oxşar gündədir. Xalq görür ki, korrupsiya çempionları dövlətin ən ali məqamlarında, heç nədən və heç kimdən çəkinmədən, yayxanıb əyləşiblər, xalqın varını yağmalayıb “doydum” demədən oğurlayırlar. Dövlət məmurlarının ağlasığmaz sərvəti qəpikləri saya-saya dolanan qara camaatı qəzəbləndirir, bu xəstə vəziyyətin onillərlə davam etdiyini gördükcə, xalqı dövlətə yadlaşdırır.

Xalqımızı rüsvayi-cahan edən bir deyil, yüzlərlə misal çəkə bilərəm. Lüzum görmürəm. Görünən dağa nə bələdçi?

Yazımın məqsədi cəmiyyətə müraciətdir. Korrupsiya ilə mübarizə üçün camaat nə etməlidir, dövlət nə etməlidir sualı üzərində düşünməyə dəvət edirəm. Cəmiyyətimizi və dövlətimizi çulğalamış və onu gəmirib-didən bəlaya qarşı görüntü səciyyəli ucuz şəbədəyə deyil, gerçək və amansız savaşa səsləyirəm.

Zira indi dövlətimiz korrupsiyanı bəla deyil, əziz və sevimli bala sayır. Bu cinayət dövlətimizdə aşkar deyilməyən, fəqət dəmir qanun kimi işləyən müdhiş bir meyardır.

Prezident bir dələduzu və şərəfsizi işdən çıxarır, təzə təyin etdiyi şəxs sələfinin yolunu tutur, o da oğurlayır. Onu da həbs elətdirir, yerinə qoyduğu adam daha böyük iştahla xalqın malına girişir.

Aya, bu nəmənədir? Bu aramsız oğurluq və qarət sevgisinin mayası nədədir?

Korrupsiyaya qarşı mübarizə sahəsində dünyanın bəxtəvər dövlətləri zəngin təcrübə toplayıb. Mən bu təcrübə müqabilində nəkarəyəm ki? Lakin ahıl yaşımda əldə etdiyim təcrübəmi və biliyimi müəyyən bir faydalı dəyər sayıb və oxucudan əzəl başdan üzr diləyib öz təvazökar təkliflərimi səsləndirməyi caiz sayıram.

Deyim, qulaq asın.

Birinci səbəb cəzasızlığa sarsılmaz inamdır. Korrupsioner əmindir ki, zati-alilərinə sadiq qaldıqca, ona əməllərinə görə sorğu-sual olmayacaq. Dünən təvazökar həyat tərzi sürən kəs vəzifə başına təyin olunduqdan bir il sonra özünə yarım milyon (bir milyon, iki milyon, on milyon – baxır vəzifəsinə) dollarlıq villa tikirsə və ağlına belə gəlmirsə ki, kimsə gəlib ondan soruşa bilər: “ Bu sərvət sənə haradandır” – vəziyyət dəyişməyəcək.

İkinci səbəb odur ki, nə xalqa, nə də dövlətin gələcəyinə inanır. Bəs nəyə inanır? Pula inanır. Dollara, funta, avroya... Mülkə inanır, saysız mənzillərə, qızıla inanır. Azərbaycana inanmır, Britaniyaya inanır.

Azərbaycan dövləti və cəmiyyəti korrupsiya ilə ciddi mübarizə aparmaq, xalqı və dövləti zavaldan xilas etmək istəyirsə, birinci addımı:

  1. Mülkiyyətin kimə məxsus olmasını gizli məlumat edən qanunu ləğv etməlidir. Hər bir vətəndaşın qanuni haqqı olmalıdır ki, istənilən mülkü barmağı ilə göstərib soruşsun: “Bu mülkün sahibi kimdir? Bu mülkü halal pulla tikib, yoxsa haram pulla?”
  2. Hakimiyyətin vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyduğu xəbis qadağalar ləğv edilməlidir. Qeyri-hökumət təşkilatları cəmiyyətin keşik köpəkləridir, keşik köpəyinin zəncirini qısaldan, ağzını skvoç ilə dolayan hökumət aydındır ki, oğurluğunun üstünün açılımasının qarşısını alır.
  3. Vətəndaş vətəndaşdan pul oğurlayırsa, ona oğurluq maddəsi ilə ittiham verilməlidir. Məmur dövlətin vəsaitini oğurlayırsa, o, “dövlətə xəyanət” maddəsi ilə ittiham edilməlidir. Çünki o, həqiqətən ona etibar edilmiş dövlət malına tamah salıb, deməli, dövlət əmanətinə xəyanət edir.

4.Korrupsiya ittihamı sübuta yetərsə, müqəssirin bütün əmlakı şəksiz tam müsadirə edilməlidir. Xalqın malını oğurlamaq sevdasına düşən insan bilməlidir ki, nəinki özü, ailəsi də küçədə lüt-üryan qalacaq.

5.”Haramzadalar haqqında Azərbaycan Respublikasının qanunu” qəbul edilməlidir.

Niyə? Korrupsioner deyir və düşünür ki, “vicdanımı satıb balalrıma gün ağlayıram, onların qayğısız firavan həyatını təmin edirəm”.

Bu qanuna görə cinayəti sübuta yetmiş korrupsionerin 18 yaşına çatmamış övladı məsumdur, 18 yaşından yuxarı yaş həddində olan övladı, əgər valideyninin dövlətə xəyanət etdiyini xəbər verməyibsə, deməli, bu dövlətə yaddır və şərəfi yoxdur. Təklif edilən bu qanuna görə korrupsionerin bu övladının vətəndaş hüquqları məhdudlaşdırılmalıdır, ömrüboyu dövlət qulluğunda işləyə bilməz, seçmək və seçilmək hüququndan məhrum edilməlidir.

Yaşamaq istəyirsə, buyursun özəl sektora, haramzadaya dövlət işini etibar etmək olmaz! Korrupsioner bilməlidir ki, xalqın malını oğurlamağa girişsə, bir gün öz balası onu hamıdan çox ittiham edəcək.

  1. Söz azadlığını məhdudlaşdırmaq dövlətə qarşı cinayət kimi qiymətləndirilməlidir! Sözü boğan məmurun bir məqsədi var: qanunsuz əməllərinin açılmasının qarşısını almaq.
  2. Hakimlər xalq tərəfindən seçilməli və hər beş ildən bir fəaliyyəti barəsində seçiciləri və cəmiyyət qarşısında hesabat verməlidirlər. Korrupsiya işlərinə, həcmindən asılı olmayaraq, andlılar məhkəməsi baxmalıdır.
  3. Büdcə xərcləri, müdafiə və təhlükəsizlik sahələri istisna olmaqla, yuxarıdan aşağıya kimi tam şəffaf olmalıdır. Nazirliyin və istənilən müəssisənin büdcəsi İnternetdə, vətəndaşın ovcunun içində olmalıdır: maaşlar, sərfiyyat, mədaxil, təmir və tikinti... Burada nə dövlət sirri var ki, hakimiyyət onu belə ciddi-cəhdlə xalqdan gizlədir? Xalq bilməsin nə qədər oğurlayırlar? Müdafiə və təhlükəsizlik xərclərinin hesabatı qapalı parlament dinləməlində millət vəkillərinə açıqlanmalıdır.
  4. Cəmiyyətin saflaşdırılması məqsədilə bütün korrupsiya məhkəmələri tam açıq, canlı yayımda, hamının gözü önündə keçirilməlidir.
  5. Demokratiya dərsləri ibtidai siniflərdən tədris edilməli, şagirdlər seçməyi və seçilməyi, o cümlədən demokratiya sahəsində olan qüsurların demokratiya vasitəsilə müalicə üsullarını öz şəxsi təcrübələrində öyrənməlidirlər.

Cəmiyyətimiz məsləhətimi saya almasa, Azərbaycan Respublikasını SSRİ-nin acı aqibəti gözləyir. Sadəcə geci, ya tezi var.

Bu zaman heç bir əhəmiyyəti olmayacaq, “Qarabağ Azərbaycandır”, yaxud “Qarabağ Zimbabvedir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lm3xtm

Ən çox baxılan