Hüquq müdafiəçiləri hesab edir ki, saxlanılanların sayı tam məlum deyil
“Euroradio”nun materialı
Bu üç il ərzində Belarus məhkəmələri ölkə vətəndaşlarının həbsi barədə 13 min dəfədən çox qərar çıxarıb. Onların hamısının siyasi baxışlarına görə saxlanıldığı bildirilir.
“Vesna”nın hüquq müdafiəçiləri 9 avqust hadisələrinin ildönümünə Aleksandr Lukaşenko rejiminin üçillik repressiyalarının yekununu toplayıblar. Belarusların inzibati təqibinə dair aparılan statistikaya görə, son üç ildə Belarusda siyasi baxışlarına görə 46700-dək insan saxlanılıb.
Hüquq müdafiəçiləri hesab edir ki, bu, aşkar aşağı rəqəmdir, çünki onlara heç də bütün həbslər məlum deyil.
Belarus məhkəmələri bu müddət ərzində ümumilikdə 5 090 295 rubl (bu, 1 715 000 ABŞ dollarından çoxdur) məbləğində 7560 cərimə təyin edib. Hakimlər 13 315 dəfə həbs haqqında qərar çıxarıb – bu həbslər siyasi fəallığa və ya siyasi baxışlara görə olub. Ümumilikdə baxışlarına görə həbs olunan belaruslar təcridxanalarda 134 356 sutka keçirib. Bəzi işlərə xitam verilib, lakin hüquq müdafiəçilərinə sadəcə 173 belə epizod məlumdur.
“Son üç il ərzində insanları hər gün qeyri-insani şəraiti olan, gigiyenadan uzaq barmaqlıqlar arasına salırlar. Üç ay təcridxanada saxlanılan bu adamlar bəzən yeni protokol tərtib etmək üçün Daxili İşlər Nazirliyinin rayon idarələrinə aparılanda təmiz havada olurlar”, – hüquq müdafiəçiləri deyirlər.